Keçid linkləri

2025, 22 May, Cümə axşamı, Bakı vaxtı 02:06

Akif Soltanov: «Məmurlar bir balaca məsuliyyət hiss etsinlər ki, rayonda qəzet çıxır...»


Akif Soltanov
Akif Soltanov
-
Azərbaycanda müxalif və müstəqil qəzetlərin oxucuları bu qəzetlərin maddi baxımdan nə çəkdiklərindən yəqin ki, xəbərdardırlar. Baxmayaraq ki, bu qəzetlər nisbətən yüksək tirajla çıxırlar və müxtəlif layihələr həyata keçirmək imkanındadırlar. Ancaq onlar da son zamanlar demək olar ki, hər saylarında maddi çətinliklərlə bağlı oxuculardan kömək istəyirlər. Bəs sorağı paytaxta gəlib çıxmayan, aztirajlı müstəqil əyalət qəzetləri görəsən nə çəkirlər? Onlar çap xərclərini haradan tapırlar?

AzadlıqRadiosunun suallarına Şamaxıda hazırlanan «Şəffaflıq» qəzetinin baş redaktoru Akif Soltanov cavab verir:

- Şəffaflıq qəzeti nə vaxtdan fəaliyyətə başlayıb? Bu qəzeti yaratmaqda məqsədiniz nə idi?

- 2011-ci ilin oktyabrında ilk nömrəmiz çıxıb. Birincisi, Şamaxıda bir mətbuat boşluğu var idi. Şamaxıda demək olar ki, heç bir qəzet çıxmırdı. Bir «Şirvan» qəzeti var, o da icra hakimiyyətinin orqanıdır. Tədbirləri, prezidentin səfərlərini işıqlandıran bir qəzetdir. Son nömrəsi ötən il sentyabrın 13-də prezident Şamaxıya gəlib gedəndən sonra çıxıb. Həmin qəzetdə elə bir material da olmur. Heç bir sosial problem haqqında yazmırlar. İkincisi də, mən həmişə müxalifətçi olmuşam, həmişə doğru sözü demişəm. Son dövrlər müxalifət əyalətlərdə çox zəifləmişdi. Çalışdıq ki, sözümü mətbuat vasitəsilə çatdıraq. İdeya belə yarandı. Bir nəfər yaxın dostumuz qəzetin xərcini çəkməyə, təsisçilik eləməyə söz verdi. Lakin sonra onun işləri qaydasında getmədi, öz zəhmətimiz hesabına çıxardıq qəzeti.

- Belə çıxır ki, hal hazırda qəzet öz-özünü maliyyələşdirir?

- Bəli. Qəzet özünü maliyyələşdirir. Təsisçi yalnız birinci nömrəyə köməklik edib. Bu bəzilərinə qəribə gələ bilər. Amma bu, həqiqətdir. Qəzet ayda bir dəfə 500 tirajla çıxır, 40 qəpikdən satılır. Həmin pulla, yəni 200 – 250 manatla növbəti nömrəni buraxırıq.

- Bəs redaksiyanızda neçə nəfər işləyir? Onlar necə dolanırlar?

- Redaksiyada 5 nəfər işləyir. Təsisçi, baş redaktor, onun müavini, iki nəfər də müxbir. Onlar da ictimai əsaslarla işləyirlər. Əməkhaqqı ödənilməmək şərti ilə. Qəzetdən gəlir olanda 5-10 manat veririk. Özlərinin razılıqları, öz həvəsləri ilə təmənnasız gəlib qəzetdə
«Şəffaflıq» qəzeti
«Şəffaflıq» qəzeti
çalışırlar.

- Deyirsiniz ki, bu qəzeti yaratmaqda məqsədiniz bölgədə mətbuat boşluğunu doldurmaq, haqlı sözü çatdırmaq olub. Sizcə, bu 1 il ərzində bu istəyinizə nail olmusunuzmu?

- Tam olaraq yox. Biz rayonda idman sahəsində olan uğurları da çatdırmışıq, sosial problemləri də işıqlandırmışıq. Son nömrəmizdə Şamaxının yollarının bərbad olması ilə bağlı geniş reportaj vermişik. Bununla da hansısa sosial problemlərin həllinə yardım eləmişik. Bizə əhali tərəfindən çoxlu müraciətlər olur. Birini Sosial Müdafiə Fondunda incidirlər, birini tibb komissiyasında incidirlər. Onların problemlərin yoluna qoymaq böyük uğurdur. Bizim missiyamız ondan ibarətdir ki, adamları incitməsinlər. Məmurlar heç olmasa, bir balaca məsuliyyət hiss eləsinlər ki, rayonda qəzet çıxır, insanları incitsələr, qəzetdə işıqlanacaq. Bu səbəbdən sakinlərin problemlərinin bir qismi həll olunur. Məqsədə tam nail ola bilməsək də, 11 ay ərzində oxuculardan təşəkkür məktubları alırıq.

- Mən sizin qəzetin bəzi nömrələrini oxumuşam. Region qəzeti olduğunu da nəzərə alıb, demək olar ki, kəskin yazırsınız. Bu cür yazılardan sonra sizə qarşı hər hansı təzyiqlər olurmu?

- Elə bir ciddi təzyiqlə üzləşməmişik. Qəzeti bağlamaqla bağlı heç bir xəbərdarlıq almamışıq. Bu, mənə də maraqlı gəlir. Hər halda təzyiqdən də qorxan deyilik.

- Fəaliyyətinizi genişləndirib, tirajı artırmaq haqqında düşünürsünüzmü?

- Biz təkcə Şamaxı ilə kifayətlənmirik. Abşerondan da, Ağsudan da, Ağdaşdan da, Qobustandan da reportajlar yayımlayırıq. Məqsədimiz qəzetimizin əhatəsini genişləndirməkdir. Bu yolla tirajı artırmaq istəyirik. Bundan sonra qəzetimizin dövrlüyünü də artırmağı düşünürük.
XS
SM
MD
LG