Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:05

FİFA prezidenti: «Dünya Çempionatının təşkili qadın futbolu üçün önəmli hadisədir»


Joseph S. Blatter və Rövnəq Abdullayev
Joseph S. Blatter və Rövnəq Abdullayev
-
«Azərbaycan yığmasını görməmişəm. Ona görə də onlar barədə nəsə deyə bilmərəm».

Bunu FİFA 2012 - Futbol üzrə Qadınlararası Dünya Çempionatının açılış mərasimi ilə bağlı Bakıya gələn FİFA Prezidenti Joseph S. Blatter deyib.

Çempionatla bağlı AFFA Prezidenti Rövnəq Abdullayevlə birgə mətbuat konfransı keçirən Blatter deyib ki, Dünya Çempionatdakı komandaların hər biri üçün 1/4 finala çıxmaq çətin olacaq.

FİFA prezidenti Çempionatın Azərbaycanda keçirilməsinin ölkədə qadın futbolunun inkişafı üçün önəmli hadisə olduğunu deyib:

«Futbol üzrə Qadınlararası Dünya Çempionatı birinci dəfədir mədəniyyəti FİFA müsabiqələrinin keçirdiyi digər bütün ölkələrdən fərqli bir ölkədə keçirilir. Əgər coğrafi xəritəyə baxsanız və bu ölkənin tarixinə nəzər salsanız, görərsiniz ki, Azərbaycan və Bakı müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovuşma nöqtəsidir. Bu həmçinin futbolun, qadın futbolunun da hamı üçün - bütün mədəniyyətlər üçün olmasının göstəricisidir. Buna görə burda olduğumuz üçün xoşbəxtəm. Bu, çox xüsusi müsabiqədir, çünki bu müsabiqəyə həm də dövlət adamları, şəxsən prezident İlham Əliyev özü dəstək verib. Həmçinin sabah açılış proqramında xüsusi bir mədəni tədbir olacaq, hansı ki, indiyə qədər bu cür tədbirlərdə görünməyib. Açılışda Jennifer Lopez iştirak edəcək, bu cür dünya ulduzunun iştirakından yaxşı qadın futbolu üçün başqa nə etmək olar».

Artıq bütün komandaların Bakıda olduqlarını deyən AFFA Prezidenti Rövnəq Abdullayev isə FİFA Prezidentinə Azərbaycana inandıqları, bu cür müsabiqəni keçirmək üçün ölkəyə imkan yaratdıqları üçün təşəkkürünü bildirib.

FİFA PREZİDENTİ AZƏRBAYCAN MİLLİSİNİN OYUNUNU İZLƏYƏCƏK

FİFA prezidenti Joseph S. Blatter sentyabrın 22-də Azərbaycanda start götürəcək 17 yaşadək qızlar arasında dünya çempionatının 3 oyununu izləyəcək.

Lent.az-ın verdiyi məlumata görə, Joseph S. Blatter bunu sentyabrın 21-də Bakıda keçirdiyi mətbuat konfransında söyləyib.

FİFA prezidenti bildirib ki, vaxt məhdudiyyətinə görə Lənkəranda oynanılacaq oyunları izləməyə gedə bilməyək:

«Gələn həftə FİFA İcraiyyə Komitəsinin iclası keçirilməlidir. Çox təəssüf edirəm ki, vaxtın azlığından Lənkərana yollana bilməyəcəyəm, amma Bakıda keçirilən oyunları izləyəcəyəm».

Joseph S. Blatter sabah saat 18:00-da Tofiq Bəhrəmov adına stadionda başlanacaq çempionatın açılış mərasimində iştirak edəcək. O, daha sonra Azərbaycan millisinin oyununu izləyəcək.

17 yaşadək qızlar arasında dünya çempionatı oktyabrın 13-dək Bakı və Lənkərandakı stadionlarda keçiriləcək. Yarışda dünyanın 16 komandası mübarizə aparacaq. Azərbaycan millisi A qrupunda Kolumbiya, Kanada və Nigeriya yığmaları ilə qarşılaşacaq.

Azərbaycan millisi ilk oyununu çempionatın açılış günü – sentyabrın 22-də Kolumbiya yığmasına qarşı keçirəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG