Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:59

Hadı Rəcəbli: «Pis müəllim gedib başqa işlə məşğul olmalıdır»


Hadı Rəcəbli
Hadı Rəcəbli
-
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin AzadlıqRadiosuna müsahibəsi:

– Səs-küylə bağlı qanun layihəsini bu sessiya qəbul etdirmək mümkün olacaq?

– Əslində Azərbaycanda səs-küylə bağlı qanun var. Sadəcə biz gərək Sanitar-Epidemioloji Xidmətdən xahiş edək ki, o qanunun icrasına nəzarət eləsin. Lap elə toylarda da. Bizim mentalitetdə var da - « Mən gedim toya necə deyim ki, səs olmasın». Halbuki, Sanitar-Epidemioloji Xidmətin əsasnaməsində var ki, səs filan baldan artıq olanda cərimə edilməlidir. Maraqlanın görün, bir dəfə kimisə cərimə ediblər.

«NAXÇIVANDA İNSAN HÜQUQU QORUNUB»

– Amma kafe və restoranların səsindən şikayətlər az deyil. Siz də demişdiniz ki, qanunvericilikdə ciddi addımlar atılmalıdır bu istiqamətdə.

– Bəli. Hər dəfə də deyirəm. Qanun var. Amma mərasimlərin tənzimlənməsi mümkün deyil. Mən bunu neçə illərdir öyrənirəm. Məsələn, bunu bu gün Naxçıvanda ediblər, dəbdəbənin qarşısını alıblar. Kim nə deyir desin, çox yüksək səviyyədə, inzibati amirlik və İslami üsulları birləşdirib ediblər. Bir sıra rayonlarda artıq buna nail olublar. Amma toylarda bəhəsçilik öldürür bizi - «Filankəsin oğlunun toyunda viski verilmişdi, mən verməsəm ayıb olar». Vəzifəli, varlı adamlar nümunə olmalıdırlar ki, camaat o yoldan çəkinsin.

– Necə etmək lazımdır ki, Naxçıvandakı kimi deməsinlər ki, bu işlər insan hüquqlarının pozulması bahasına həyata keçirilir?

– Amma orada pozulmayıb axı. Görün nə yaxşı iş görülüb. Bütün bunların qarşısı alınıb. Əslində orada insan hüququ qorunub. Bilirsiniz necədir. Xəstəni müalicə etmək üçün əməliyyata götürüb onu kəsirlər, incidirlər, sonra düzəlir. Nə edəsən, cəmiyyətin mənafeyi naminə bəzən belə addımlar atılmalıdır (Gülür).

MÜƏLLİMİN MAAŞINI NECƏ QALDIRMALI
Foto: Arxiv
Foto: Arxiv

– Müəllimlər deyirlər ki, onlar yüksək vəzifəli məmurlarla müqayisədə xeyli az maaş alırlar. Yəni, aradakı fərqin xeyli dərəcədə kəskin olduğunu bildirirlər. Əmək haqqının müəyyənləşməsi məsələsi necə tənzimlənir?

– Mənim düşüncəmə görə, müəllimin, həkimin əməkhaqqı yüksəlməlidir. Amma bu, sadəcə boş sözlə olmamalıdır. Bu gün müəllimin dərs yükü 12 saatdır. Bunu qaldırmaqla, özəl məktəblərin yaradılması və s. bu kimi addımlarla bu iş həyata keçirilməlidir. Cəmiyyətdə müəllim orta təbəqə kimi yaşamalıdır. Mən həmişə bunu demişəm və bunun yolları da var. Onu da deyim ki, bu gün yaxşı müəllimimiz repetitorluq edərək yaxşı dolanır. Ola bilər, repetitorluq yaxşı deyil və s. Amma bu, faktdır. Demək, yaxşı müəllim yaxşı pul almalıdır, pis müəllim isə ixtisara düşməlidir və gedib başqa işlə məşğul olmalıdır.

– Bəs pensiyalar haqda nə deyirsiz? Keçmiş polis deyir ki, təqaüdü onu görür, hələ artıq da qalır. Keçmiş müəllim isə əksinə, bu təqaüdlə ayı başa vura bilmədiyini bildirir.

– Biz pensiya məsələsini yoluna qoymuşuq. Müəllimlər üçün də xeyli dəyişikliklər olub. Ötən il 820 min nəfərin pensiyası 40 faiz artırıldı. Müəllimlər bu artımı hiss etməyiblərmi? Bu artım olub.

BAZAR İQTİSADİYYATI QANUNLARI OLMALIDIR

– Deyirlər bazar imkan vermir bu cür artımları hiss etməyə.

Foto: Arxiv
Foto: Arxiv
– Hə, bu artıq başqa məsələdir. Əmək haqlarının, pensiyaların artması yaxşı haldır, amma bazarda qiymətlərin qorunması şərti ilə. Bazarda qiymətlərin qorunması başqa yolla yox, bazar iqtisadiyyatı qanunları, bolluq yaratma və s. ilə olmalıdır. Burada görüləsi işlər var.

– Xüsusilə uşaq ölümü ilə əlaqədar həkimlərin məsuliyyətə cəlb olunmaları yox dərəcəsindədir. Nədir, həkimləri məsuliyyətə cəlb etmək mümkün deyil?

– Biz bu gün pasiyentin hüquqlarının qorunması ilə bağlı addımlar atırıq. Məndə uşaq ölümünün artmasına dair statistika yoxdur. Əksinə, bu halın azalmasını təsdiqləyən məlumatlar var. Burada abortların artması halı ola bilər. Amma abort da kütləvi artmayıb. Çünki seksual mədəniyyət artıq yüksəlir və insanlar başa düşürlər ki, arzu olunmayan uşağın yaranmasının qarşısını əvvəldən almaq olar. Bunun yolları var. Biz bu istiqamətdə də işlər aparırıq. Amma mən əlbəttə ki, bir dənə də uşağın ölümünün əleyhinəyəm. Əlbəttə bunun üçün də ardıcıl iş aparılmalıdır. Burada genetik faktorlar da rol oynayır. Təbiət, ekologiya ilə bağlı da çoxlu məsələlər var ki, belə hallara təsir edir.

«PULLA BU İŞLƏRİ GÖRƏNLƏR VAR»

– «Surroqat ana haqqında» qanunla bağlı vəziyyət nə yerdədir?

Foto: Arxiv
Foto: Arxiv
– Surroqat ana mövzusu bütün dünyada mübahisəlidir. Bu məsələ ətrafında həm İslam və digər dinlərdə mübahisə yeri var, həm də cəmiyyətlərdə. Məsələn, Norveçdə 1980-ci ildən indiyədək bu qanun layihəsi qəbul oluna bilmir. Çünki orada da surroqat ana mövzusu mübahisəlidir. Amma baxmayaraq ki, dünyada surroqat ana institutu mövcuddur, bu məsələlər öz həllini tapıb, bizim layihədə surroqat ana mövzusu gündəmdən çıxıb.

– Niyə çıxarmısınız və bu yolla övlad qazanmaq istəyənlər necə olacaqlar?

– Ona görə çıxarılıb ki, bu istiqamətdə çoxlu mübahisələr oldu. Onun layihədən çıxarılması üçün çoxlu səbəblər izah etdilər. Ümumiyyətlə, bu çox incə məsələdir. Qanunda o qədər dəqiq təsbit olunmalıdır ki, mübahisə yaradacaq boşluq olmasın. Məsələn, ana var ki, qızının uşağını, bacı da var ki, öz bacısının uşağını bətnində böyüdür. Pulla bu işləri görənlər var. Ona görə də bu, çox ehtiyatla atılmalı olan bir addımdır. Bizim cəmiyyət isə hələ buna hazır deyil.

– Sizcə, Azərbaycan cəmiyyətinin buna nə vaxt hazır olacaq ki, həmin layihə yenidən gündəmə gəlsin?

– O, artıq zaman istəyir.
XS
SM
MD
LG