Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:13

«Reuters»: Qafqazda müharibə qaçılmaz deyil


Qarabağda erməni əsgərləri, 6 iyul 2012
Qarabağda erməni əsgərləri, 6 iyul 2012
-
«Reuters» agentliyi «Qafqaz püskürsə, müharibə yayıla bilər» adlı yazı çap edib.
Məqaləni ixtisarla təqdim edirik.

Bir neçə metrdən bir qurulmuş tozlu səngərlər göz gördükcə uzanır.

«Başını səngərdən çölə çıxarsan, o dəqiqə səni vuracaqlar».

Bunu erməni əsgəri deyir. O, burdan 400 metr aralıda – Azərbaycan tərəfinin səngərində snayperlərin uzanıb gözlədiyini söyləyir.

Hər iki tərəfdə güllələr uçur. Minalanmış digər sahədə Xosrov Şükürovun qızı vurulub. 70 yaşlı azərbaycanlı fermer öz inəklərini kəndi güllələrdən qoruyan divarın yanında saxlayır ki, onlar azıb güllə hədəfi olmasınlar.

ATIŞMALAR İNTENSİVLƏŞİB

1990-cı ildən Azərbaycan və Ermənistan arasında başlanan Dağlıq Qarabağ münaqişəsi 30 min adamın həyatına son qoyub.

NATO təlimlərində erməni hərbçisini öldürən zabitin Azərbaycanda qəhrəman kimi qarşılanmasından sonra Türkiyə, İran və Rusiyanın da diqqətini çəkə bilən müharibə riski artıb.

Siyasi və hərbi ekspertlər deyirlər ki, müharibə qaçılmaz deyil. Amma onlar Ermənistan və Azərbaycan arasındakı münaqişənin necə qurtara biləcəyini də
Bakıda hərbi parad, 26 iyun 2011
Bakıda hərbi parad, 26 iyun 2011
müzakirə edirlər.

Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov deyir:

«Ola bilsin, çarpaz atəş kiçik silahların istifadəsi ilə məhdudlaşmasın. Tərəflərin biri qarşı tərəfi vurmaq üçün iriçaplı silahdan istifadə edəcək. Onda da başqa tərəf cavab kimi hava hücumundan istifadə edəcək».

Azərbaycanın illik müdafiə xərcləri Ermənistanın daxili büdcəsindən çoxdur. Amma Ermənistan da xəbərdarlıq edir ki, istənilən hücuma qarşı asimmetrik cavab verəcəklər.

BURA MÖCÜZƏLİ YERDİR

66 yaşlı Abbas Əliyev ermənilərin Füzulini tutmasından sonra arvad və 4 uşağı ilə tualetindən 16 ailənin istifadə etdiyi bir binaya sığınıb. O, münaqişə həll olunmadığı üçün evinə dönə bilməyən yüz minlərlə Azərbaycan məcburi köçkünündən biridir:

«Mən öz yurdumun təmiz havası ilə nəfəs almaq istəyirəm».

Bakıda köçkünlərin məskunlaşdıqları yataqxana
Bakıda köçkünlərin məskunlaşdıqları yataqxana
Dağlıq Qarabağdakı ermənilər də regiondan niyə əl çəkməyəcəklərini izah edərkən eyni sözləri işlədirlər. Dağların əhatə etdiyi Stepanakertdə (Xankəndi – red.) rəssam Samvel Gabrielyan deyir:

«Bütün sənədlərimi hazırlamışdım, ABŞ-a getməliydim. Amma getmədim. Bura möcüzəli yerdir. Ətrafa bax, bir nəfəs al. Vuruşmaq lazımdırsa, biz buna hazırıq. Əks təqdirdə müharibədə bu qədər itkinin nə mənası vardı?»

Özünü Dağlıq Qarabağın prezidenti elan edən Bako Sahakyan müsahibəsində bildirib:

«Döyüş əməliyyatları yenidən başlasa, bu, yerli və regional çərçivə ilə məhdudlaşmayacaq. Zənnimcə, bu, geniş coğrafi vüsət alacaq».

CƏMİYYƏT MÜHARİBƏYƏ HAZIR DEYİL

Bakıda hərbi parad, 26 iyun 2011
Bakıda hərbi parad, 26 iyun 2011
Cəbhə xəttinin bir üzündə dayanan fermer Xosrov Şükürov isə deyir ki, onun qızı yaralansa da, güllələr evinin divarlarını aşsüzənə döndərsə də, o, yaşadığı Çıraqlı kəndini tərk etməyəcək.

Diplomatlar və analitiklər deyirlər, yenidən müharibə başlayarsa, ehtimal ki, çıxılmaz vəziyyət yaranacaq.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Matthew Bryza deyir:

«Azərbaycanlılar indi Qarabağı geri ala bilmir. Onlar bunu hərbi yolla da edə bilməyəcəklər».

Azərbaycanlı hərbi ekspert və müharibə veteranı Yusif Ağayev deyir ki, o, uzunmüddətli müharibə əhval-ruhiyyəsi sezmir:

«Fikrimcə, bu, bir ya iki ay çəkə bilər, bu müddət ərzində bizim hərbi qüvvələrimiz mübarizə apara bilər. Amma bu, uzansa, deməli, müharibə olacaq və bu müharibədə cəmiyyət də iştirak edəcək, təkcə ordu yox. Fikirləşmirəm ki, cəmiyyətimiz müharibəyə hazırdır».
XS
SM
MD
LG