Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

«Human Rights Watch» Qazaxıstanda neftçilərin müdafiəsinə qalxdı


Neftçilərin tətili, iyun 2011
Neftçilərin tətili, iyun 2011
-
«Human Rights Watch» beynəlxalq hüquq müdafiə təşkilatı Qazaxıstan hökumətini və bu ölkədə işləyən neft şirkətlərini minlərlə adamın hüququnu pozmaqda ittiham edir.

Təşkilatın hesabatında bildirilir ki, ötən il 16 neftçinin ölümü və minlərlə adamın işdən çıxarılması ilə nəticələnmiş etiraz aksiyalarına səbəb məhz işçilərin hüquqlarına etinasız yanaşma olub.

Hesabatda deyilir ki, hökumət və Qazaxıstanın qərbində işləyən 3 neft şirkəti neftçilərin birləşmə, təşkilatlanma, kollektiv müqavilə hüququnu və ifadə azadlıqlarını pozub.

«Human Rights Watch» təşkilatından Mihra Rittmann həmin pozuntular haqqında bunu deyir:

«Bura işçilərin kollektiv danışıqlar aparma, dinc tətildən sonra kütləvi işdən çıxarılmaları və başqa pozuntular aiddir. Biz bu pozuntuları araşdırıb hökumət üçün tövsiyələr hazırlamışıq».

HAKİMİYYƏT NEFTÇİLƏRİ SUSDURA BİLİB
Janaozendə iğtişaşlar, dekabr 2011
Janaozendə iğtişaşlar, dekabr 2011

Hesabatda adıçəkilən 3 şirkətdən 2-si müştərək müəssisədir. Bunlar Çin-qazax şirkəti olan «KarazhanbasMunai» və «ErsaiCaspian Contractor» İtaliya-qazax şirkətidir. Üçüncü isə sırf qazax şirkətidir – «OzenMunaiGas».

«Human Rights Watch» təşkilatının məlumatına görə, şirkətlər və hakimiyyət orqanları ilk vaxtlar fəhlələrin kollektiv müqavilə səylərinə etinasız yanaşıblar. Sonradan isə hədə-qorxuya keçiblər. Daha sonra da 3 şirkətdən 2000-ə yaxın işçini işdən çıxardıblar:

«Bundan sonra minlərlə işçi tətil edib, bəziləri aclıq aksiyasına başlayıb. Hakimiyyət kobud şəkildə bu aksiyaları dağıdıb. Həmkarlar İttifaqının bəzi üzvləri həbs olunub. Dekabrın 16-da Janaozen şəhərində neft şirkətinin paltarını geymiş naməlum şəxslər gərginlik yaratdıqdan sonra polis tətil edənlərə atəş açıb. 16 nəfər həlak olub.
Janaozen hadisələrində ittiham olunanların məhkəməsi, 4 iyun 2012
Janaozen hadisələrində ittiham olunanların məhkəməsi, 4 iyun 2012
Hadisədən sonra hakimiyyət neft işlərinin fəallarını susdura bilib».

«Human Rights Watch» Qazaxıstan hökumətini əmək qanunvericiliyini beynəlxalq standartlara uyğunlaşdırmağa, Həmkarlar İttifaqı üzvlərini müdafiə etməyə, onlara qarşı cinayət təqibini dayandırmağa çağırıb.

NƏ QƏDƏR Kİ, DANIŞIQLAR GEDİR...

Hesabatda Qazaxıstanın xarici tərəfdaşlarına da çağırış olunur. Avropa Birliyi hazırda Qazaxıstanla yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar aparır. Mihra Rittmann deyir ki, bu saziş Avropa Birliyinə üzv olan dövlətlərə Astanaya təsir etmək imkanları verir:

«Nə qədər ki, bu danışıqlar gedir, Avropa Birliyinin Qazaxıstanda işçilərin hüquqlarının qorunmasını təmin etmək üçün imkanlar var».
XS
SM
MD
LG