Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:10

İsa İsmayılzadə. Şeirlər kitabı (davamı-4)


İsa İsmayılzadə
İsa İsmayılzadə
-

GÖZLƏYİN, DÜNYAYA QAYITMAĞIM VAR...

(Şeirlər kitabı)


əvvəli burda


VAXTLA UZLAŞMAĞA BACARMAYANDA

Vaxtla uzlaşmağı bacarmayanda,
Bircə saatlığa, bircə günlüyə,
Heç olmazsa,
bircə solğun sevinciylə
Özümdən rədd olmaq istəyirəm mən –
Özümdən rədd olmaq çətindir, çətin!

Vaxtla uzlaşmağı bacarmayanda
Prospektlər çıxan
görünməz çığırlara,
yeraltı keçidlərə,
vaxtdan sədəqə uman
təbəssümlü fağırlara
Qranit sədd olmaq istəyirəm mən –
Qranit sədd olmaq çətindir, çətin!

Vaxtla uzlaşmağı bacarmayanda,
Tanış professorun
qocalmış eynəyindən,
anamın gileyindən,
maşın qovhaqovundan
birindən,
beşindən,
yüzündən,
vəsiyyətdən,
nəsihətdən.
Rədd olmaq, rədd olmaq istəyirəm mən,
Birindən
beşindən,
yüzündən.
Rədd olmaq çətin.

Vaxtla uzlaşmağı bacarmayanda,
Şəhərlər – əsəbi,
kəndlər – yuxulu,
təbəssümlər – solğun,
yağışlar – ölü.

Vaxtla dil tapmağı bacarmayanda
ilbizlər kimi.
Çəkilib könlümə susmaq istərəm
Bax, belə!..
Saatınız neçədir,
Vaxtla uzlaşmağı bacarmayanlar?!


VƏTƏN NƏĞMƏSİ

Sən mənim köksümdə çarpan ürəksən,
Mən sənin köksündə – kiçik bir zərrə.
Mənə qanad verən odlu diləksən,
Adına, özünə Vətən deyirəm,
Çölünə, düzünə Vətən deyirəm

Səni heca-heca oxşayıram mən,
Səni heca-heca əzizləyirəm;
Əlim ürəyimin üstündə hərdən
Şəhərdən-şəhərə gümüş qanadla
Göydə uça-uça əzizləyirəm.

Dağında vüqarlı qartal oluram,
Dünya ayağımın altında qalır…
Səndən uzaqlarda xəyal oluram –
Həsrətdən gözümün kökü saralır.
Görüşə tələsən cavanlar kimi,
Saata baxıram qatarlarda mən.
Ən əziz, müqəddəs ünvanlar kimi,
Köksümün altında uyuyan Vətən!

Axırsan çay kimi damarlarımda,
Çopur qayana da qaynayır qanım.
Böyüklü-kiçikli arzularım da
Adınla bağlıdır, Azərbaycanım!
Sən mənim köksümdə çarpan ürəksən,
Mən sənin köksündə – kiçik bir zərrə.
Mənə qanad verən odlu diləksən,
Adına, özünə Vətən deyirəm,
Çölünə, düzünə Vətən deyirəm.


QATAR GEDİR ARAZ BOYU

Qatar gedir Araz boyu,
Gedir qıvrıla-qıvrıla.
Qarşı dağlar görünəndə,
Qaldım qovrula-qovrula.

Araz axır sərhəd boyu,
Axıb gedir lili-lilli.
Qatar gedir həsrət boyu –
Həsrətimin parleli.

Qarşı dağlar mənə baxar,
Mən baxaram o dağlara.
Burda bahar, orda bahar –
Bahar hara, sərhəd hara?

Gözümüzə düşən sərhəd,
Arzumuza düşən sərhəd,
Yazımıza düşən sərhəd
Gedər, gedər Araz boyu
O sahildə bir ağac var,
Əlimi uzatsam çatar.
İnadından dönməz qatar,
Gedər, gedər Araz boyu.

Yağışlardan keçir sərhəd,
Yoxuşlardan keçir sərhəd,
Baxışlardan keçir sərhəd
Qatar boyu, Araz boyu.

Qatar gedir Araz boyu,
Gedir qıvrıla-qıvrıla.
Qarşı dağlar görünəndə,
Qaldım qovrula-qovrula.

* * *

Bir əli bu sahildə,
Bir əli o sahildə
aramızda axan Araz!..
Əlini sahilinə
Dayaq verib, qalx bir az,
Bu dünyaya bax bir az…
Heyrətindən köks ötürsən-
Bir əlin bu sahildən,
Bir əlin o sahildən
Üzüldükcə üzülər,
Buxarlanıb gedərsən.
Yox, əlini kim buraxar;
Baxışlarda çaxan ildırımları
Tarixin ildırım ötürənitək
Bu əldən o ələ ötürəcəksən,
Bu ildən o ilə ötürəcəksən
Bu gündən sabaha ötürəcəksən.
İki sahilin var – iki əlin var,
Aparacaq səni suqovuşana.
Araz su qovşağı..

Ayrılıq qovşağı, həsrət qovşağı,
Məhəbbət qovşağı, nifrət qovşağı.
Mənim ayrılığım dənizmiş, dəniz,
Dalğası – intizar, ləpəsi – həsrət.
Mənim dənizimdə çimə bilsəniz,
Mənim həsrətimdə çimə biləsiniz.

…Eh, su qovşağında Ay da çimirdi,
Mənim həsrətim də çimirdi orda.
Ləngər vura-vura xumarlanaraq
Həsrət qovşağında çay da çimirdi.
Mənsə, ayrılığın bir sahilində
Qalmışdım od ilə su arasında
Ay qədər,
çay qədər dözümüm də yox,
Ürəyim qovrulur su ağrısından.

Mən ki, qovuşmadım, suyum qovuşdu
Araz bir ceyrandı, teylənib gəlir.
Bərəyə teylənən ovum qovuşdu.
Böyüdü,
böyüdü həsrətim mənim,
Ayrılığım mənim,
heyrətim mənim.

Bu həsrət dənizi tutub dünyanı,
Ay aman, qoymayın, gözüm boğulur.
Mənim güvəndiyim limanlar hanı?
Ayrılıq dalğası vurur sahilə,
Ayrılıq dalğası tutub dünyanı.


MƏN ELƏ BİLİRDİM

Yay lövhələrindən

Torpağın həniri isti təndirtək
Üzümü, gözümü qarsalayanda,
Çöllərin ilğımı iməkləyərək,
Ləngər vura-vura sürünən anda,
Quşların qanadı salaq düşəndə,
Ayağı çirmalı, sinəsi açıq,
Başında tər rəngli bağlama yaylıq
Suçular hardansa peyda olaraq
Qovaq kölgəsinə qonaq düşəndə –
Mən elə bilirdim, elə bilirdim,
İstidən, bürküdən qarıxır günəş,
təntiyir günəş,
darıxır günəş…

Bir də görərdim ki, çimirik Kürdə.
Bizim aramızda «qonaq»da vardı –
İstidən, bürküdən qarıxan günəş,
Nəfəsi təngiyən, darıxan günəş
Özünü hardansa suya salardı.
Onun şəfəqləri qızıl tor kimi
Kürə qovuşardı, Kürdə axardı.
Ləpələr qızılı balıqlar kimi,
Tora baş vurardı, tordan çıxardı.
İyul günəşini gördüm beləcə,
Avqust günəşini gördüm beləcə.

Sonra, günortadan gün əyiləndə
Üfüqə, dağlara bağlanmış toru
Çəkib aparardı kimsə gizlicə.
Bircə biz qalardıq, bir Kür qalardı,
Axşamdan soyumuş ocaq yeri tək
Sular qaralardı
qaş qaralardı.

Qarayazı


MƏNƏ DUYĞULARI ÇOX GÖRMƏ, ÜRƏK!

Mənə bu dünyanı çox görmə, allah,
Mənə bu dünyanı çox görmə, ürək –
Bir az səbr eləsən, dünya dağılmaz.
Bir sevinc üstündə «oxqay» deyərək,
Ulduzlar altında uyuyum bir az.

Mənə duyğuları çox görmə ürək,
Ümid çinğısıtək gözümdə yansın.
Çəmən – çiçək-çiçək,
göy – çiçək-çiçək.
Könlümdə bir qəfil duyğu oyansın.
Mənə duyğuları çox görmə, ürək
Mən onsuz
ilhamla çətin dil tapım.
Amma… vaxtsız gələn əziz qonaqtək
Hər gecə
üzünə açıqdır qapım.
Mənə gecələri çox görmə, ürək –
Uçuş meydanımdır cavan yaşımda.
Bus öz vuruşunda duyğulu, titrək
Misralar
sonuncu silahdaşımdır.

Mənə misraları çox görmə, ürək,
Qoşa relslər kimi gəzdirir məni.
Qatara gecikən sərnişinlərtək
Hərdən yolda qoyur
bezdirir məni.

Mənə bu yolları çox görmə, ürək,
Sədd çəkmə qarşıma şlaqbaumdan.
Mənə inam adlı bələdçi gərək,
Hərdən büdrəyəndə
tutsun qolumdan.

Mənə ulduzları çox görmə, ürək,
Mənə gecələri çox görmə, ürək,
Mənə duyğuları çox görmə, ürək,
Mənə bu yolları çox görmə, ürək-
Mənə bu dünyanı çox görmə, ürək;
Bəlkə də mən ona gərək deyiləm,
O mənə,
o mənə gərəkdir, gərək…


YUXUDA

Anamın əziz xatirəsinə

- Qayıdaq, qayıdaq.
Qayıdaq, ana.
Bizim bu şəhərlə nə işimiz var.
«Qapımızın cəftəsini,
İtimizin zəncirini» oyatmayaq –
Ala-toran yuxusunda qoy yatsınlar.
- Bəs, kimi oyadaq:
- Gedək, nəvələri oyadaq, ana,
Nəticələrini ovudaq, ana!..

-Bizim bu şəhərlə nə işimiz var,
Onsuz da dərdindən öləni çoxdur.
- Bu şəhər heç kəsi çağırmasa da,
Onun ayağına gələni çoxdur.

- «Çinli qovaq» hanı, «Tək ərik» hanı?
Yolboyu görmürəm qoca söyüdü.
Kərgədan buldozer açıb ağzını
Bizim evimizi yıxdığı kimi,
Yəqin onları da bir-bir «üyüdüb».
Hə, evimiz dedim
onun yerində
Enlikürək bina, hündürboy bina
Ucalır indi
Beşmərtəbə ağırlığa
bapbalaca evimiz
görən necə dözür, ana?
Hər gun, gözün baxa-baxa
Beşmərtəbə həsrətə
sən necə dözürdün, ana?

Bapbalaca evimizdə
Mənim yuxularım yarımçıq qalıb-
necə görüm arxasını?..
Bapbalaca evimizdə duyğularım
ələ vermir yaxasını.

…Darısqal kupelər qəbir kimidir,
Bir gecə rahatca yata bilmədin.
Sənin əzizlərim – o başdaşları
Keşikdə dayanmış səbir kimidir.
Elə vaqonlar da – qorxma, ana, -
Ayağa qaldırsın,
oxşayar baş daşına.

Gedək, sığallayaq başdaşlarını,
Gedək, döyəcləyək o qəbirləri –
Heç kəs görməyəcək göz yaşlarını…

Qayıdaq, qayıdaq, qayıdaq, ana,
Bizim bu şəhərlə nə işimiz var.
Gedək nəvələri oyadaq, ana,
Gedək qəbirləri ovudaq, ana.

Heyf.. yolumuzu bağladı ölüm
Qoparıb doğmaca Qarayazıdan
Səni girov kimi saxladı ölüm…
Oğlunun-qızının göz yaşlarıyla
Üstündə doyunca ağladı ölüm.
Heyf ki o nisgil gəlmir yazıya.

O göz yaşlarının boz şırımları
Saatda yüzlə
Bir gecədən keçir, gündüzdən keçir,
Uzanır Bakıdan Qarayazıya.

Oktyabr, 1981


* * *

1

Oğlun yaman pərtdir, ana!..
Uşaq kimi şirin-şirin,
Mışıl-mışıl yuxuları,
Yaşıl-yaşıl uyğuları
Heç bilmirəm, harda qaldı,
Harda, harda itdi, ana!

Oğlun yaman pərtdir, ana!..
Saçı ağarandan bəri
Laylana həsrətdi, ana!
Gözü yol çəkəndən bəri,
Sözü yol çəkəndən bəri
Səsinə həsrətdi, ana!

Neçə ildir qatar deyib dururam.
«Bakı-Tbilisi» yolu, deyirəm,
Dəmir yolu
deyil daha,
Dönüb olub ömür yolu
Təptəzəcə başdaşına baş çəkməyə,
Məzarına yaş tökməyə
uzanan
Dəmir yolu,
ömür yolu…


2

Kim uzadır bu yolları
Oğulların, anaların arasında.
Kim uzadır, kim yzadır
Qaynaqlanmış polad relslər sırasında
Üstün şpal döşənmiş bu günləri,
bu ayları, bu illəri,
Şpallanmış küləkləri, yağışları,
Şpallanmış fəsilləri
Oğulların, anaların arasında
Aramıza düşüb qalmış
O günlərin, o ayların, o illərin,
Küləklərin, yağışların,
Şpallanmış fəsillərin
üstündən keçmək də olmaz -
Eh, bu da bir dərddi, ana!

Yol boyunca elektrik dirəkləri
Qol-qol dayanıblar,
Qol-qola «uzanıblar».
«Ötrü-ötür» oynamaqdan
usanıblar.


Mənim həsrətimi, ayrılığımı
Bir-birinə ötürürlər…
Sonuncu
Qarayazı vağzalından
evimizə güllə kimi götürülür.
Yurdumuzu tapa bilmir,
Qayıdıb gəlir üstümə.
Heç bilmirəm, arzusu nə, qəsdi nə.
Oğlun yaman pərtdir, ana,
Eh, bu da dərddir, ana!
Daha pəncərədən görə bilməzsən-
çöldə lalə pörtdü, ana!..

Ömür belə axar, axar
Burda mənim həsrətimin,
Qəribsəmiş kədərimin
Gözləri lap dörddür, ana,
Elə hey uzağa baxar,
Elə hey yollara baxar…

1980-1981



GÖZLƏRİM YOL ÇƏKİR

Gözlərim yol çəkir illərdən bəri
Çal-çarpaz çığırdır ovcumun içi.
Təyyarə kölgəsi aşır dikdiri,
Sonra bir uğulğu adlayıb keçir.

Kimi gözləyirəm, görəsən, kimi
İllərin qirovu qalıb saçımda
Ünvanı səhv düşmüş məhəbbətimi
Kimdən soraqlayım yol ayrıcında.

Hələ il ayrıcı
Hələ dost itkisi, həsrət yarası.
Beləcə, gözlərim yol çəkə-çəkə
Sovruldu havaya ömrün yarısı.

Bir divar qalxardı, qalıb yarımçıq,
Yarımçıq bir arzu məni göynədir.
Boynu zınqırovlu kürən bir dayça
Fit çalsam, yanıma gələrmi indi.

Gəlsə də mən yoxam, yoxdur yoxuşlar
Vaxtın azlığı da durub qəsdimə.
Atları kişnədən gürşad yağışlar
İyirmi ildir ki, yağmır üstümə.

Gözlərim yol çəkir illərdən bəri
Qatarlar kişnəyir çölün düzündə.
Bir göz qırpımında ötən illəri
Çıxıb qarşılamaq istərəm mən də,
Çıxıb yola salmaq istərəm mən də.

1978


İTKİYƏ BÖLÜNMÜŞ GÜN

Sındırdılar qoşalülə tüfəngimi,
sındırdılar tən ortadan.
Meşəbəyi Paşa lələ
palıd kötüyünə çırpdı hirsini –
parçalandı qoşalüləm
günün günorta vaxtı.

Açdılar patrondaşı
günün günorta vaxtı.
Meşəbəyi Paşa lələ
bir tüfəngə baxdı, bir mənə baxdı;
dedi: «Anan namaz üstə doğub səni».

Meşənin tən ortasında
əli yalın qaldım.
Yalın,
beli yalın,
ürəyi yalın.

Günün günorta vaxtı
ortadan ikiyə bölündü günüm,
ortadan ikiyə bölündü hirsim,
ortadan ikiyə bölündü səsim
yarımgün
yarımhirs
yarımsəs oldum…

O axşam hardansa həyətimizə
bir qanadı sınmış yarasa gəldi.
O axşam nənəmə qulaq asmağa
qonşu uhaqların yarısı gəldi.

1969



OYUNCAQ

Mənim oyuncağım olmayıb heç vaxt

Otuz ildən sonra, bir payız günü,
Mənim oyuncağım gəldi dünyaya.
Oğul oyuncağım – Araz adında,
Oğul oyuncağım – Muraz adında.

Oğul oyuncağım gəldi dünyaya,
Qatıb-qarışdırdı vaxt sərhədini.
Gecəni gündüzə qarışdırdı o
Mən böyük sevincə alışmamışdım,
Məni bu sevincə alışdırdı o.

Atamın yanında «ata» sözündən
Hürküb qaçardım –
Mənim bu sözə də alışdırdı o,
Mənim bu sözlə də barışdırdı o.
Üzümdən yel kimi adladı aylar,
Başımı yamanca qarışdırdı o.
Oğul oyuncağım gəldi dünyaya –
Dəcəl oyuncağım, tərs oyuncağım,
Təpədən-dırnağa hirs oyuncağım.

Mənim oyuncağım durdu ayağa,
Mənim oyuncağım dil açdı bir gün.
Qolunu çırmayıb kişi sayağı
Oyuncaq şirlərə tutaşdı bir gün.

1976


* * *

Yağdırır üstümə qeybət daşını
Gözdən tük çəkənlər, çənədən sazlar.
Yağdırır gözümün içinə birbaş
Əlləri – aramla,
dili – avazla.

Baxıram saata, baxıram çölə
«Ay allah, bir adam gəlib çıxaydı.
Qonşunun uşağı gələ Arazla».
Yağdırır, yağdırır, üyüdür hələ
Əlləri – aramla, dili – avazla.

Adlar uğuldayır qulaqlarımda
Adlar çəkildikcə elə bilirəm,
açılır qapı,
örtülür qapı.

Adamlar axışır, axışır bura,
Adamlar yığışır, yığışır bura.
Büllur çilçırağı «göz qamaşdıran»,
«İmportnı mebeldən», nə bilim, nədən
«Nəfəsi təngiyən» mənzillər gəlir.
Sadə geyinməklə «eli çaşdıran»,
«Maşınla piyada» gəzənlər gəlir.
Mavi ekranlarda özləri deyil,
Daş-qaşın içində alışıb-yanan,
əlləri,
oxuyan qadınlar gəlir,
Bir evin başını «uca» eləyən
Arxalı hikkələr, ədalət gəlir.
Vəzifə rütbəsi əyinlərində,
Nəslin ağırlığı çiyinlərində
«Dağ kimi kişilər» - atalar gəlir.

Evdə tünlüyə bax!..
Nəslin arxasını yerə verməyən
Harınlıq önündə, əda önündə,
Daş-qaşın içində alışıb-yanan
qadın önündə,
Vəzifə rütbəli ata önündə
çaşıb qalıram.
Qamaşıb qalıram
neyləyim indi?..
Əl – deyir,
dil – deyir, dodaq danışır,
Divarlar dinşəyir, otaq danışır.
Susuram,
heykələm, daşam, dəmirəm!..
Səslər uğuldayır qulaqlarımda,
Adlar uğuldayır qulaqlarımda,
heç nə eşitmirəm,
heç nə demirəm.

1980



* * *

…Deyirəm nə ola,
Sizcə, nə ola?..
Sehrli bir yolla,
nə bilim, necə,
Könlünə düşəndə, yeri gələndə,
Özündən qırağa çıxa biləsən.
Çəkilib bir yerə hamıdan gizli,
Səhərlər güzgüdə baxdığın kimi.
Özünə qıraqdan baxa biləsən.

Beşikdə, bağsada
tamburda, evdə
Körpə uşaqları dindirən yerdə,
Qurumuş göz yaşı yanaqlarında.

Tabutu məzara endirən yerdə,
Saralmış barmaqlar arasındaca
Ölən siqareti söndürən yerdə
Çəkilib,
özünə baxa biləsən.

Gümüş qanadımı yana açaraq,
Təyyarəyə dönüb, yerə enəndə,
Qarşılayanların arasındaca
Bircə tanış belə görünməyəndə,
Kimin yolundasa yenə, yenə də
Açılan qollara, təbəssümlərə,
Sevincdən alışıb-yanan güllərə
Ayların, illərin həsrət ağrısı
Köksündən qışqırıb «Gəldimi!..» -
deyəndə,
Özündən qırağa çıxa biləsən,
Çəkilib,
özünə baxa biləsən.
Özün eşidəsən,
özün görəsən
Güllərin sevinctək qışqırtısını,
Açılan qolların təbəssümlərin
Sevincdən göynəyən hıçqırtısını.
Məclisdə, iclasda, toyda-mağarda
Boğazdan yuxarı sözlər deyəndə,
Nə vaxtsa, çöllərdə sevdiyin qıza
Toplayıb gücünü «Gözlə» - deyəndə.
İldə bir-iki yol qopub şəhərdən,
Köhnə evimizin astanasında
Anamın boynundan asılan zaman,
Teleqraf telinin qanadlarında.

Çox-çox uzaqlardan gələn səsinə
Kövrələ-kövrələ qısılan zaman
Özümdən qırağa çıxa biləyidim.
Özümə doyunca baxa biləydim.
Özümdən çıxıram, hirslənirəm –
Özümdən qırağa çıxa bilmirəm.

1981


* * *

Qatım bir-birinə gecə-gündüzü,
Axşamın-səhərim qarışıq düşsün.
Yaza bilmədiyim sətirlərimdən
Alıma təptəzə qırışıq düşsün.

Desinlər:
Bu nədir, bir gecəliyə
Adam da bir belə qocala bilər?..
Heç kəs bilməyəcək –
şer yazanda
Bütün qırışların açıla bilər! –
Açılar
ürəyim qırışı belə.
Hamı gözlərinə ipək görünər,
Hamını öpməyə hazır olarsan.
Ulduzları dərib,
çiçək yerinə
Qızların üstünə tolazlayarsan.

Ayağın da yerə toxunmaz onda
Elə bilərsən ki, damarlarından
Bir coşğun çay axır –
sevinc adında,
Boğula bilərsən burulğanında.

…Sonra yavaş-yavaş
sovuşub gedər,
Təkcə adı qalar açıb demirdim:
Hər şer –
ömrümü bir gün uzadır,
Amma,
ikicə gün alır ömrümdən.

1983
Maleyevka

KİTABIN DAVAMI

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG