Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:54

Ermənistan parlamenti Ramil Səfərov məsələsinə münasibət bildirdi


Ramil Səfərovun azad olunmasına Ermənistan parlamentinin münasibətini bildirən qərar layihəsi saatlarla davam edən müzakirədən sonra parlamentdə səsverməyə çıxarıldı.

Layihənin lehinə 96, əleyhinə bir nəfər müxalifət deputatı Zarui Postancyan səs verib.
O, müzakirədə çıxışı zamanı deyib ki, onun təkliflərindən heç biri qərar layihəsinə salınmadığına görə, layihənin əleyhinədir.

MÜZAKİRƏ NECƏ KEÇDİ?

Parlamentin vitse-spikeri Eduard Sharmazanov əvvəlcə Macarıstanı hədəf alıb: “Sövdələşmə olub. İyrənc sövdələşmə. Burda tərəflərdən biri Avropa Birliyinin və NATO-nun üzvü olan ölkənin hakimiyyətidir”.

O daha sonra Azərbaycana keçib: “Azərbaycan hökuməti Ramil Səfərova bu 8 ilə görə maaş verib. Yəni Markaryanın qətli dövlət sifarişidir”.

Vitse-spiker öz çıxışını pafosla qurtarıb: “ qədim dövrün bir sitatı ilə çıxışımı tamamlayıram. Roma konsulu Katon deyib: “Karfagen məhv edilməlidir””.

Keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan: “Azərbaycanın etdiyi əndazədən çıxır. Bizim cavabımız Dağlıq Qarabağın müstəqiliyini tanımaq olardı. Ancaq təəsüf ki, bu, parlamentin qərarının layihəsinə salınmadı”.

***
“Mənim fikrimcə, İlham Əliyevin Ramil Səfərovu əfv etməsi, böyük mənada, Ermənistana və Dağlıq Qarabağa qarşı hərbi aktdır” , - bunu isə hakim Respublika Partiyasından deputat Samvel Farmanyan parlamentdə müzakirə zamanı deyib.

Farmanyan bu ilin mayına kimi prezident Sarkisyanın mətbuat katibi olub.

***

Ermənistan parlamentində müzakirələrdə çıxış edən “Çiçəklənən Ermənistan” fraksiyasının üzvü Qurqen Arsenyan Azərbaycanın və Macarıstanın hərəkətini “şapalaq” adlandırıb.

O deyib ki, bu şapalağa cavab verməyin ən yaxşı yolu demokratiyanı gücləndirmək, sosial problemləri həll etmək, ordunu möhkəmləndirməkdir.

Arsenyan onu da deyib ki, bir çox erməni Ermənistandan kənarda, bir çox hallarda azərbaycanlılarla yanaşı yaşayır.
Deputatın fikrincə, buna görə bəyanatlarda ehtiyatlı olmaq lazımdır, ölkədən qıraqda vəziyyəti gərginləşdirmək lazım deyil.

***

Ermənistanın Milli Məclis adlanan parlamenti növbədənkənar iclasına toplaşıb.

İclasda Ramil Səfərovun Macarıstandan Azərbaycana verilməsinə və əfv olunmasına münasibət məsələsi müzakirə olunur.

İclasda 97 deputat iştirak edir.

Müzakirəyə Milli Məclisin bəyanatının layihəsi çıxarılıb.

“Armenia Today”in verdiyi xəbərə görə, bəyanat layihəsində deyilir ki, Qurqen Markaryan Budapeştdə NATO təlimləri vaxtı öldürülüb. Macarıstan təlimin iştirakçılarının təhlükəsizliyini təmin etməli idi. Baş verənlərə görə Macarıstan da məsuliyyət daşıyır.

Parlament Macarıstanın hərəkətlərini pisləyir və parlament səviyyəsində Macarıstanla əlaqələri dayandırır.

Layihədə Azərbaycana da toxunulur. Deyilir ki, bu addımı ilə Azərbaycan regionda təhlükəsizliyi təhlükə altında qoyur, başladığı antierməni düşmənçiliyini və nifrəti dərinləşdirir.

Layihədə deyilir ki, Azərbaycanda ermənilərə nifrət sübut edir ki, Dağlıq Qarabağın Azərbaycan tərkibində hər hansı statusundan söhbət gedə bilməz.

Müxalifətdən olan “İrs” bloku isə Dağlıq Qarabağın müstəqiliyinin tanınması qərarının layihəsini hazırlayıb, parlamentin müzakirəsinə çıxarmağa hazırlaşır.

Azadlıq Radiosunun Erməni xidmətindən aldığımız məlumata görə bu günki iclasın gündəliyinə bu məsələ salınmayıb. Gündəlikdə cəmi bir məsələ var.
O da Ramil Səfərovun ekstradisiyasına və əfvinə münasibət bildirməkdir.

“İrs”-in təşəbbüünə gəlincə, onun parlamentdə cəmi 5 deputatı var, onlar bir neçə dəfə Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına cəhd ediblər. Ancaq parlament həmişə onların bu cəhdini rədd edib.

Jurnalistlər parlamentin iclasından qabaq vitse-spiker Şarmazanovdan soruşublar ki, bəs parlament Qarabağ danışıqları prosesindən çıxmağı təklif edə bilərmi?

Şarmazanov deyib ki, konkret olaraq hakim Respublika Partiyası danışıqlardan imtina məsələsini müzakirə etməyib.

Şarmazanovun fikrincə, əksinə, indi beynəlxalq aləmdən Azərbaycanın ünvanına tənqidlər səslənir, bundan istifadə edib, Azərbaycanı güzəştə məcbur etmək lazımdır.

Bu güzəştlər nə ola bilər? Şarmazanov hesab edir ki. güzəştlərdən biri Dağlıq Qarabağın danışıqlar prosesinə cəlb olunması ola bilər.
XS
SM
MD
LG