Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 01:28

Köhnə asma körpünün ümidinə qalan Pensər kəndi...


Pensər kəndində asma körpü
Pensər kəndində asma körpü
Pensər kəndi Astara şəhərindən 18 kilometr aralıda, Bakı-Astara yolunun yaxınlığında yerləşir. Bu kəndə getmək üçün eyni adlı çayın -Pensər çayının üstündə olan körpüdən keçmək lazımdır. Pensər çayı kəndin düz ortasından axır. Hər dəfə sel suları gələndə kənd sakinləri qorxuya düşürlər. Bu da təsadüfü deyil. Neçə-neçə ev selin qurbanı olub. Selin qarşısını almaq üçün 1980-ci ildə çayın hər iki tərəfində bəndlər qurulub. Lakin bərkitmə işləri tamamlanmayıb. Güclü yağış yağanda çay daşır. Kəndin bir hissəsini su basır. Ətrafla əlaqə kəsilir. Sakinlərin demələrinə görə, uşaqlar günlərlə məktəbə gedə bilmirlər.

Pensər çayının üzərində əhali tərəfindən salınmış 3 asma körpünün üstündən o taya keçmək xeyli əziyyətli işdir. Uzunluğu 50-60 metr olan körpü yerində oynadığı üçün hərəkət etmək çətindir. Kənd sakinləri deyir ki, bərkitmə işləri aparmaq əvəzinə çayı qazıb çınqılını daşıyırlar. Nəticədə ətrafda yarğanlar əmələ gəlir. Sel suları gələndə torpağı yuyub aparır. İldən-ilə çay genişlənir.

Kənd sakini Mirzəmməd Ağayev də qarşılaşdıqları problemlərdən danışır:

«ABDULLA RƏCƏBOVUN EVİNİ YUYUB APARIB, MƏRHƏMƏLİ HÜSEYNOVUN EVİNİ YUYUB APARIB...»

Mirzəmməd Ağayev
Mirzəmməd Ağayev
«Mən bu kənddə doğulmuşam, Pensər kəndində. Ömrüm boyu da çay qırağında yaşamışam. İndi evim də ordadır. Bu Pensər çayı dağ çayıdır. Yağış yağanda çox güclü sellər gəlir. Elə sel gəlir ki, təsərrüfatları, evləri yuyub aparır. Ölüm də olub burda. Abdulla Rəcəbovun evini yuyub aparıb, Mərhəməli Hüseynovun evini yuyub aparıb, Rəşxəndə Rüstəmovanın evini yuyub aparıb, Əliağa Rüstəmovun evini yuyub aparıb. Həyətlərini sel tamamilə aparıb. 80-ci ildə böyük bir sel gəldi, indi durduğumuz yer yox idi. Buranın hamısını yuyub apardı. Xeyli dağıntılar törətdi».

Mirzəmməd Ağayevin sözlərinə görə, bu dağıntıdan sonra çayda bərkitmə işlərinə başlayıblar. Dediyinə görə, o vaxta kimi çayın üstündə heç bir körpü olmayıb. Həmin dövrdə körpü salınıb. Kənd sakinin deməsinə görə, müstəqilliyin ilk dövrlərindən başlayaraq bu günə kimi çayı qazıb çınqılını aparmaqda davam edirlər. Bu işlərin başında da məmurların durduğu bildirilir.

Bir maşın çınqıl 50 manatdan tutmuş 100 manata qədər satılır. Mirzəmməd Ağayev deyir ki, indi çay daha da təhlükəli olub:

«Sovet hökuməti dağılandan sonra mütəmadi olaraq burada qanunsuz qazıntı aparıblar. Buranın qum, çınqıl ehtiyatı yoxdur. Qruntu görürsünüz, yumşaqdır, ovulur, tökülür, qazıblar çalaya tökülür. Daha başqa burda ehtiyat olsun, yoxdur. Ekologiya və Təbii Sərvətlər nazirliyinin işçiləri burda monitorinq apardılar. Bütün çay ərazisini xüsusi qorunan zona elan etdilər ki, burdan bir qram da qum aparmaq olmaz, çox təhlükəlidir. Birmənalı olaraq qadağan olunub».

Mirzəmməd Ağayevin sözlərinə görə, məmurlar çaya qazanc mənbəyi kimi baxırlar.

«BURDA KORRUPSİYA ELEMENTİ VAR»

Bir maşın çınqıl 50 manatdan tutmuş 100 manata qədər satılır
Bir maşın çınqıl 50 manatdan tutmuş 100 manata qədər satılır
«Burda korrupsiya elementi də var. Bu qumu, çınqılı sənədləşdirirlər guya Lənkərandan karyerdən gətiriblər. Əslində həmin karxanadan götürülmür. Buradan - yaxından daha az məsrəflə götürürlər. O cür sənədləşdirərək pulu silirlər».

Pensər kənd sakini Mahirə İsmayılova da vəziyyətin çox gərgin olduğunu deyir. O da neftlə zəngin bir ölkədə balaca bir körpünün inşa edilməməsindən narazılıq edir. Mahirə xanım deyir ki, 6 mindən çox əhalisi olan bir kənd selin-suyun əlində çarəsiz qalıb. Üstəlik çayın çınqılını satıb təhlükəli vəziyyətə gətirdiklərini bildirir:

«KEÇƏN İL BU KÖRPÜYƏ GÖRƏ EVBƏEV GƏZMİŞƏM, 3 MANAT, 5 MANAT PUL YIĞDIM...»

«Evim çay qırağındadır. İki metr qalıb bizim çəpərə. Keçən il bu körpüyə görə evbəev gəzmişəm, 3 manat, 5 manat pul yığdım qonşulardan. Pul yığmışam körpünü düzəltmişəm. İndi yuxarı təşkilatlara zəng etmişik, qazıntı olmasın. Yenə də qazırlar. Çayı qazmasınlar körpüyə görə. Körpü dağılsa uşaqlar məktəbə gedə bilməz. Əhəmiyyət verən yoxdur».

Pensər çayının axarında təhlükədə olan 100-ə yaxın ev var. Elə evlər var ki, çayın bir neçə addımlığında yerləşir. Sakinlər deyir ki, sel gələndə evdən getməli olurlar. Onların sözlərinə görə, təhlükə hər an ola bilər. Demələrinə görə, məmurlar şikayət etməyi onlara yasaq ediblər. Kənd sakinlərinin sözlərinə görə, onlara xəbərdarlıq edilib ki, kimsə mətbuata şikayət etsə işdən qovulacaq:

«Adımı təqdim eləmək istəmirəm. Çünki bizə «xox» gəlirlər. Bizi işdən çıxardarlar, işdən qovarlar. Bizim evdə 3 nəfər YAP-n üzvü var. Yalvardıq ki, qazmayın, dağıtmayın. Heç kim bizi saymadı. Hörmətsizlik elədilər ki, başçı deyib qazıntı, təmir işləri aparın. Biz də deyirik ki, əgər başçı təmir işləri aparırsa buranı doldurun. Yola bir az qum tökün. Məmurlarla yaman olmuşuq. Xoşları gəlmir ki, siz bizə nə üçün maneçilik törədirsiniz. Fakt budur ki, icra başçısı gəlib körpüyə baxıb deyib ki, polis hara baxır, nə üçün buraları qazıb dağıdıblar».

Çay boyunca qazıntıları gördük. Lakin çınqıl daşıyan texnikaya rast gəlmədik. Sakinlərin demələrinə görə, jurnalistin kənddə olduğu barədə xəbər biləndən sonra gediblər.

Pensər kənd icra nümayəndəsi Rəqibə Fərzəliyeva isə deyilən iradları qəbul etmir. Onun bildirdiyinə görə, çayda təmizləmə işləri aparılır. Rəqibə Fərzəliyeva deyir ki, elə yerlər var ki, oranı qazmaq lazım gəlir. Oradan götürülən torpaq da kəndin ara yollarının təmirinə yönəldilir:

«ONLAR SƏHV BAŞA DÜŞÜRLƏR»

Rəsmilər gələcəkdə körpü tikintisinin nəzərdə tutulduğunu deyir
Rəsmilər gələcəkdə körpü tikintisinin nəzərdə tutulduğunu deyir
«Çayda işlər aparılır. O çayın məcrasına qaytarmaq məqsədi ilə bəzi yerlərdən götürülür ki, çay aşağı düşsün. Onlar səhv başa düşürlər. Siyəküdən tutmuş ətrafdan götürürlər. Qabaqdan da bir az götürüblər. Hamısı genişləndirilir, hamısı qırağa çəkiləcək və dərinləşdiriləcək».

İcra nümayəndəsinin sözlərinə görə, körpünün də tikilməsi nəzərdə tutulub.

Təbii Sərvətlər və Ekologiya nazirliyinin Lənkəran ərazi ekologiya idarəsinin rəisi Əlişah Rəcəbov isə həmin əraziyə güclü nəzarətin olduğunu deyir. O bildirir ki, icazə olmadan heç kim ordan çınqıl apara bilməz:

«ORADAN ÇINQIL APARMAQ QƏTİ QADAĞANDIR, OLMAZ»

«Oradan çınqıl aparmaq qəti qadağandır, olmaz. Çınqıl aparmaq üçün onların qanunu normativ sənədləri olmalıdır. İcra başçısı camaatla görüşdə olanda bu məsələni qaldırıblar ki, çay təmizlənmir. Orda çayın müəyyən bir hissəsi təmizlənib. Ondan məlumatımız olub. Bizə də müraciətlər olmuşdu».

Kənddən aralanıb Bakı-Astara yoluna çıxanda, çınqıl dolu yük maşınlarını gördük. Bizə bildirdilər ki, maşınlar çınqılı Pensərçayın təhlükəli ərazisindən götürüblər.
XS
SM
MD
LG