Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:54

Qadir Cəfəri "Qüsl" (Hekayə)


-

"Kişilərin hamısı sənin ananı çox istir." - qonşumuzun qızı deyir. Kolda qoxumuş pamadur iysi özümü vurur. ürəyim qalxır...


Arazın o tayından


Qadir Cəfəri


QÜSL


"Nağılların hamısı yalan deyir", - anam deyir.

Qonşumuzun qızı anamı çox sevir, onunla əməkdaş olmaq istəyir.

Deyirəm "Ay ana, axı Sarayi sən özün mənə tərifləyibsən, adını özüm sənə seçmişəm deyibsən".

Seçmişəm?!

Biz nəyi seçmişik ki, mama? Hər nə özü bizi seçib.

"Əvvəldə inciyirsən, sonra hər nə rahatlaşır. Adət edirsən".

Adət edirəm. Aybaay, günbəgün. Biri olmayanda darıxıram. Yox, mama, mən adət edəmmirəm.

"Sənə dedim axı, nağıllara inanma".

Hə, inanmıram atam mənə belə edə.

Atam çalğıçıdı. Viyalon* çalar. Əslən əlinə nə gəlsə, çalar. İndi elə çaldı kı, tirəştəni deyirəm, kəlləsi yarıldı. Qan sızdı... oooh...oooh.... İndi ay başı deyil ki, molla deyir qusl verginən. Vay mama qan sızdı. bir az yavaş. Yoox...Yoox...

"Həsən əmi, sən allah, bəsdi. Çəkil üstümdən, qanat...»

Qanadım. Qol-qanadımı deyirəm. Aşıq Ələsgərin qanadı kimi sındı yanıma düşdü. Atama atma dedim. Həsən əmi mənə atma dedi.

__________
*viyalon - skripka, Güneydə kinayə olaraq narkotik maddələri tüstüləmək üçün istifadə edilən alətə deyilir.


"Kişilərin hamısı sənin ananı çox istir." - qonşumuzun qızı deyir. Kolda qoxumuş pamadur iysi özümü vurur. ürəyim qalxır.

Anam dedi: "büyün Həsən pul vermədi. Onu da xərcləməlisən dedi".

Və məni göstərdi.

"Pul qazanmaq rahat deyil. Hər işin bir qılığı var" - fəhləbaşı deyir.

«Neynək, Həsən, donlarımın biri də sən ol" - anam deyir.

Həsən əmi fəhləbaşıdı. Anamı fəhləliyə də aparır, ama yataqda...n sonra, atam viyalon çalar. Özü də ocaq başında çalar. Mahnıları tüstülənib ağciyarına qonar. Kərpici də mamamın başına çalar. Atma dedim tirəştəni. Həsən əmi dedi :"Atma, Sara, mənim evimi yıxma bala".

Bala?! Hansı bala?! Mən kimin balasıyam. Bu qız kimin qızıdı? Almadan qırmızıdı? Mən kimin qızıyam? Bu, kimin balasıdı? Qarnım day əməlli-başlı şışıb.

"Babam da sənin ananı çox istir. Öyün sizin evdən çıxanda gördüm" - qonşumuzun qızı deyir.

Bə niyə heç kəs mənim babamı çox istəməz? Axı atam musiqiçidi. Dedim axı viyalon çalar. Nağılların da kı hamısı yalan deyir. Bəs kim düz deyir, mama? Qonşu arvadlar bizə yaman deyir.

"Paxıldılar, özlərinin əlindən gəlmir. Yoxsa səndən-məndən qalan deyillər", - mamam deyir.

Nəyə paxıllıq edirlər, ay ana?

"Olara gərək dərslərini verim", - deyir.

Nə dedin? Dərs?! Sən allah, belə demə. Pişmiş toyuğun gülməyi gəlir.

"Dərs oxumaq pul istəyir", - anam deyir.

"Başmağıma su keçir, baba" - dedim. Elə indi day boğazımdan qarnımı doldurunca su nədi, əbədi zaman kimi Araz keçir. Hə, zaman da keçir. Bax indi bir saat oldu.

"Bir az da davam edək, ciyar. İki min də üstünə ataram...oooh..."

Heç mən ciyar yeməmişəm. Hardan ciyar dadı verirəm. Niyə hamı ciyarı daldada yeyir.

"Eşikdə üzünü məndən döndərirsən. Üstümnən dur əclaf. Başını içəri soxma...", - qapıdan deyirəm.

Qoy bir doyunca ağlayım, yaramaz. Mamam ölüb axı. Yox öldürüblər. Kim ölüb?! Kim öldürüb?! Əvvəl mən ölsəm, balam da öləcək. Mən kimin balası olduğumu bildimmi heç? O da kimin balası olduğunu bılsın, ay dədə. Heç qadın da bilmir uşaq kimdəndi. Duxturlar bilir. Hər nəyi bilirlər.

"Bir təzəsini toxutdurarsan. Ərə gedəndə deyirəm."

Pərdəsiz olmaz kı, pəncərəni deyirəm. Pəncərənin pərdəsi olmasa, gün xalçanı yandırar. Ona görə fərşimiz çürümüşdü. Pamadurlar da çürümüşdü. Gün çürütmüşdü. ürəyim qalxır, hardasan mama? Bax qusdum ööı...

Həsən əmi yaxşı adamdı. Məni həkimə apardı. "Qorxma, duxturlar hər şeyi yoluna qoyar".

Yox day qoyammaz, Həsən əmi.

"Sən beş aydı boylusan. Uşağı öldurmək olmaz."

Necə yəni olmaz? Özümə nə gəlib ki? Uşaq kimdi? O da mənim birim. Atasız biri. "Elə sevdiyin Röyanın da uşağı kimindi ki?" - Həsən əmi deyir.

Xanəndəni deyir. Müştərisi çoxdu. Hətəmən anamın müşətəriləri içindədi, atamı deyirəm. Onu axtarıram. Qonşumuzun qızına çox oxşayıram.

"Nə olar, ağayı duxtur, bunu bir yol üstə qoy".

Həkim pulu müftə düşdü. Dedim axı, Həsən əmi hər nəyin həllini tez tapar.

"Bə niyə maşını Araza tərəf sürürsən, Həsən əmi?"

Bu da büyünkü düyünün həllidi.

"Arvadım sizdədi".

Bilirəm. Evimiz yaslıdı. İndi göylünə düşüb. Anam "heç nə səndən əskilən deyil" deyir. Yox nə əskiləcək ki? Budu bax lap artdı. Qarnımdakı da mənim birim. Day suyu sürətlə gəlir, Həsən əmi. Arazı deyirəm.

Çox çəkmir.

"Yaxşı, vaxtımız yoxdu, tez ol" deyir.

Vaxtımız yoxdu, yox. Yaşamağa vaxtımız yoxdu, canım. Ya oğlan ol, ya qız. Bu mındarlığı yalnız Araz yuya bilər. Axı axar suda hər nə təmizələnər.

"Elə bircə dəfə suya girib çıxırsan. olur irtimasi-qusl. Üst-üstə çox çəkmir" - molla deyir.

Yox çox çəkmir. Ama buraxın mən Arazda qalım. Lap uşaqlığımacan təmizlənmək istəyirəm.

Bundan sonrakı paraqraflar isə Arazda boğuldu. Dedim axı, nağıllara çox inanmayın..
XS
SM
MD
LG