Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:48

Gəncədə Azəralüminiumun zəhərli tullantıları evlərin yaxınlığında qurudulur..


Azəralüminiumun boksit tullantısı
Azəralüminiumun boksit tullantısı
Gəncədəki Azəralüminium ASC hələ sovetlər dövründən şəhəri tullantıları ilə qırmızı rəngə boyayıb. Ətrafda yaşayan sakinlər xüsusən küləkli günlərdə bu zəhərli tozu udmaq məcburiyyətində qalıblar. İndi isə 3 illik fasilədən sonra yenidən işə düşən zavod əlavə problemlər yaradıb. Sakinlər danışırlar ki, son vaxtlar naməlum adamlar iri yük maşınları ilə boksit tullantılarını zavodun şlam sahəsindən toplayaraq quruması üçün yaşayış yerlərinin lap yaxınlığına gətirirlər. Yaşayış ərazisindən təxminən 150 metr yaxınlıqda yığılmış zəhər təpəcikləri küləklə evlərə dolur, əkdikləri göyərtini, ağacları qurudur. İxtisasca kimyaçı olan sakin Əsgər Cəfərov deyir ki, kimlərsə ciblərini doldurmaq üçün bu qədər insanın zəhərlənməsinə göz yumur:

KİMİ ÜÇÜN GƏLİR MƏNBƏYİ, KİMİ ÜÇÜN FƏLAKƏT...

«Bura gətirib tökdüklərini göndərirlər Tbilisiyə. Deyirlər sementə qatırlar. Bu, ən çox ziyanı olan maddədir. Tərkibində natrium oksid var, qələvidir. Quruyur, küləklə yayılır. Qələvi sağlamlığın bir nömrəli düşmənidir. Zəhərli maddədir, natrium. Bu kiminsə mənfəəti üçün xeyirlidir. Bunu suyun içindən çıxarıb gətirirlər. Prosesə girməyən maddələrdir».

Evində körpə uşaqları olan sakinlərdən Sahibə isə deyir ki, balaca qızının gözündə xəstəlik yaranıb:

«KÜLƏK OLAN KİMİ AYNA, QAPI QIPQIRMIZI OLUR»

Əsgər Cəfərov
Əsgər Cəfərov
«2 balaca uşaq var evdə. Külək olan kimi ayna, qapı qıpqırmızı olur. Qapını açan kimi zəhər evə dolur. Uşağımda allergiya yaranıb. Gözləri qızarır. Həkim deyir mütləq bu zəhərin təsirindəndir».

Digər sakin Mahirə də xəstəliyə yoluxacaqlarından narahatdır:

«Gətirib töküblər zəhərli maddəni bura, uşağımız zəhər udur. Yediyi içdiyi zəhər olur».

Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Hürriyyət İsmayılova deyir ki, bu ərazidə insanların gigiyenik yaşayışından söz gedə bilməz. Ərazi qırmızı toza qərq olur. Direktor müavini deyir ki, şəhərin çirklənməsinin başlıca səbəbi olan bu müəssisənin zərərlərinin azaldılması yönündə aidiyyatı qurumlar qarşısında daima tələblər qoyurlar. Üstəlik boksit tullantılarının yığıldığı şlam sahənin su ilə örtülməsinə nəzarət edirlər.

O ki, qaldı hazırda qırmızı təpəciklərin yaşayış ərazisinə gətirilməsinə Hürriyyət İsmayılova bu barədə məlumatsız olduğunu bildirdi.

ZAVOD AY ƏRZİNDƏ 4 MİN BOKSİT TULLANTISI SATIR

Mahirə
Mahirə
Gəncə Azəralüminium ASC-nin direktoru Akif İbişov da etiraf edir ki, həmin boksit tullantıları şlam sahəsindən toplanıb yük maşınları ilə çıxarılır. Müəssisə rəhbəri bunun satış məqsədi daşıdığını bildirir. Əlavə edir ki, Azəralüminium ASC ay ərzində prosesə getməyən 4 min ton boksit tullantısı satır:

«Sahibkarlar özləri ora yığıblar, qalaqlar şəklində şlamları topalayıblar. O topalardan Bakıya aparırlar. Onu pulla satırlar. Daşıyırlar sement zavoduna, sement üçün alüminium oksid lazım olur. Bizim satış şöbəsi ilə müqavilə bağlanıb. Şlam çəkilir, qaimə yazılır, tonnajı yazılır və bilinir. Nəzarət altındadır. Nə qədər yığıb, boşu-dolusu və sair».

Əraziyə yığılan tullantılardan danışan Akif İbişov bunun şəhəri çirkləndirdiyini etiraf edir. Çıxış yolu ola biləcək layihələrdən danışır:

«ŞLAM GÖLLƏRİNİN ƏTRAFINDA ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN TƏŞƏBBÜSÜ İLƏ XEYLİ YAŞILLIQLAR SALINIB»

«Şlam göllərinin ətrafında şəhər icra hakimiyyətinin təşəbbüsü ilə xeyli yaşıllıqlar salınıb. Yoxladıq ki, toz qatı əsasən zavodun özündən yox şlam göllərindən yayılır. Daşınan zaman yollar çirklənmişdi, onun da üzəri torpaqla təmizlənir, örtülür.

Ancaq müəssisə işləyəndə şlam sahəni daima sulayırıq ki, nəmlik olsun toz qalxmasın. Biz eskizini çəkmişik ki, hansı zonalar daha çox tozlanma mənbəyidir. 4 texnika orada işləyir ki, onların əsas işi toz mənbəyinin üzərinə torpaq tökməkdir. Əvvəl su çatışmazlığı olurdu. İndi zavod tam gücü ilə işləyir. Su ehtiyatı normaldır».

Azəralüminium ASC
Azəralüminium ASC
Müstəqil ekoloq İrşad Abbasov da deyir ki, bölgədə atmosfer havasını çirkləndirən ən böyük amil Azəralüminiumun tullantılarıdır. O, hesab edir ki, bu ekoloji bəlaya səbəb ola bilər. Çünki, son vaxtlar şlam sahə kifayət qədər su ilə örtülmür. İrşad Abbasov da ekoloji zərərin minimuma salınması istiqamətində təkliflərini verir:

«TƏKLİF ETMİŞDİK Kİ, YENİ ŞLAM SAHƏSİ TİKİLSİN»

«Şlam sahəsi xüsusən küləkli günlərdə atmosfer havasını güclü çirkləndirir. Orada 3 şlam hovuzu var, 2-ci baksitdir, hansı ki, su vasitəsi ilə üzəri örtülür. Alunit sahə istifadə olunmur, ancaq onun üzəri heç vaxt su ilə örtülmür, o da ətrafa yayılır. Təklif etmişdik ki, yeni şlam sahəsi tikilsin. Ancaq bu çox baha başa gəlir. Bundan əlavə estetik əməliyyatlar aparılmalıdır. Kompleks işlər aparılmalıdır. Və bir də yaşılıq zonaları salınmalıdır».

«QIZINMADIQ İSTİSİNƏ KOR OLDUQ TÜSTÜSÜNƏ»

İrşad Abbasov tullantıların şlam sahədən yol boyu daşınmasının həmin zəhərli maddənin yayılmasını daha da asanlaşdırdığını deyir.

Hazırda Azəralüminium ASC-nin şlam göllərində 12 milyon ton alunit, 20 milyon ton isə boksit tullantısı var. Boksit tullantılar Gəncənin girəcəyində Nizami məqbərəsi yaxınlığında 60 hektaradək şlam sahəsinə axıdılır.

Fəaliyyətini bərpa edəndən sonra müəssisədəki işçilərin sayı 1200 nəfərə çatıb. Rəsmilər zavodun hələ ki, kifayət qədər gəlir qazana bilmədiyini deyir. Şəhər sakinləri isə bu müəssisə ilə bağlı tez-tez bir atalar məsəlini yada salırlar: «Qızınmadıq istisinə kor olduq tüstüsünə».
XS
SM
MD
LG