Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

Ayaz Arabaçı. Sənin xətkeşin


-


SƏNİN XƏTKEŞİN

Məhəbbət dolu gözlərimiz zillənərdi bir-birimizə, baxışlarımız toqquşardı. Bəzən əllərim dinc dayanmazdı. Xətkeşi götürüb barmaqlarıma, əllərimə vurardın.

Bu sənin birinci silahın olub,
Təmin eləyibdi müdafiəni.
Yox-yox demirəm ki, günahın olub,
Hərdənbir xətkeşlə vurmusan məni.

Odunu içində gizlədib külüm,
Gözlərin gecəmi-gündüzə verib.
Məni sevdiyini ilk dəfə gülüm,
Bu köhnə xətkeşin biruzə verib.

Hər dəfə vuranda elə sanmışam,
Məni köksünə sıx, oxşa demisən!
Sinəmdə aramsız qaynayıb-coşan,
Hər bir istəyimə yaxşı! Demisən.

Keçmişəm araya çəkdiyin xətti,
Xəlvəti baxmışam sinənə hətta.
Eh, mənim əllərim bir himə bənddi,
Çox şey eləyərlər, sənə nə? Hətta!

Bir anda yumşalıb qəzəbli üzün,
Atmısan xətkeşi qəfil kənara.
Bir xətkeş məsafə – uzundan uzun,
Məni dolandırıb gör hardan-hara.

Bu xətkeş qapısı - hissin, təmasın,
Etiraf eləmək yerinə düşər.
Gərək məhəbbətdən söhbət açmasın,
Ortada xətkeşi olmayan bəşər.

Mən sənin yolunam, sən mənim izim,
Yolda da, izdə də gül açıb bahar.
Gülüm, bu həyatda yaxşı ki, bizim,
Məhəbbət körpümüz, xətkeşimiz var.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG