Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 04:41

Ayaz Arabaçı. Dünya yalan dünyadır


-

DÜNYA YALAN DÜNYADIR

Şəhriyara

Kim qarğıdı ömrü boyu qış olsun,
Elin-oban ağrılara tuş olsun,
Ustad, sənə nə yazım ki, xoş olsun,
Ruhun uçub qonaq gəlsin bu taya,
Qovuşasan gözlədiyin butaya.

Yaman günlər çoxaldıqca çoxalır,
O gördüyün ər igidlər yuxalır,
Şah pərdədə dindirən yox, bu xalı,
Naşı əllər ayrı simə toxunur,
Yad havalar ürəyimə toxunur.

Kim gözlürdü qara dönüb ağ olsun,
Ölürdük ki, təki vətən sağ olsun.
Can qoyduq ki, xarabalıq bağ olsun,
Üstəgəl də sinəmizdə dağ oldu,
Azadlıq da ağ oldu ki, ağ oldu.

Çalışıram mizanımı düz tutum,
Durub burdan Savalana üz tutum,
Havalana-havalana üz tutum,
Qəbrin üstə bitən gülə əyilim,
Həsrət qoxan aya, ilə əyilim.

Para-para paralanan bütünmüş,
Adam nəymiş, bir bükümlük tütünmüş,
Ustad babam, şair olmaq çətinmiş,
Çox daşınmaz yükü varmış şairin,
Ömrü-günü biqərarmış şairin.
Özün demiş dünya yalan dünyadı,
Süleymandan, Nuhdan qalan dünyadı,
Bacarana talan-talan dünyadır,
Sən də yazdın, mən də yazım – boşalım,
Olacaqmı xoş əhvalım, xoş halım.

Ağacların kölgəsini satırlar,
Xalqı qovub ölkəsini satırlar,
Ucdantutma hər kəsini satırlar,
Ucuz – baha, fərq eləmir satana,
Fil qulağı rahat yerdi yatana.

Çox böyükdü bu xəracın quyusu,
Dolmaq bilmir gözü acın quyusu,
Udur bizi ehtiyacın quyusu,
Çörəyimiz, təndirimiz kəsilir,
Bir yandan da kəndirimiz kəsilir.

Ürək dözmür parça-parça vətənə,
Yad ilmələr hopub xalça vətənə,
Haram olduq, bu halalca vətənə,
Bütün günü deyə-deyə qalmışam,
Ürəyimi yeyə-yeyə qalmışam.

Qara nöyüt qaralayıb rəngimi,
Naşı rəssam yaralayıb rəngimi,
Arvadyosun lağa qoyur «cəngimi»,
Adam daha sözdən-sovdan iyrənir,
Qaçaqaçdan, qovhaqovdan iyrənir.

Yaş işlərdə bircə quru tapmadım,
O hünəri, o qüruru tapmadım,
Aydan arı, sudan duru tapmadım,
Ömür keçdi boz-bulanıq beləcə,
Boş ümidik, boş gümanıq beləcə.
XS
SM
MD
LG