Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 02:37

Bəsti Əlibəyli. Şuşaya məktublar


-

Birinci məktub

Sevdam, nəşəm, ələmim!
Səfam, cəfam, qəhərim!
Şah şəhrim, Xan şəhrim!
Sənsiz ölüm yalan oldu.

Halım yaman, halım xəstə,
Dərdim zildə-səsim pəsdə,
Qərənfillər dəstə-dəstə
Şəhid yola salan oldu.

Kimdi yağı, biləmmədim,
Kimsəylə dərd böləmmədim,
Öz evimə gələmmədim,
Satan satdı, alan aldı.

Mən səndən başlayan yolam,
Sənə qayıdacaq balam,
Yolu bağlı viran Qalam.
Demə, daha olan oldu.

2002


İkinci məktub

Salam, dumanlı Şuşam,
Umudlu, gümanlı Şuşam,
Sən bir Hacsan, Haca
Xaç suyu neylər, Şuşam?!

İllər ayrısı, zəvvaram,
Qovuşunca dinclik haram,
Dəxil düşüb yalvarıram,
Canım səndə, sınma, Şüşəm.

Uluca yaşın haqqı,
Torpağın-daşın haqqı,
Qaraca başım haqqın,
Haqqını gözlə, Şuşam.

2012


Üçüncü məktub

Rəşad Məcidin “Şuşanı görmədən
Şuşa yanğısıyla necə yazırsan?”-
sorğusuna cavab


Görsəm, külə dönərdim,
Gündə yüz yol ölərdim.
Mənim yanğım “Şuşa!”-deyib
Ölənlərin yanğısı.

Hardan qaynar “İsa bulaq”?
“Saxsı bulaq”, ” Karvan bulaq”?
Sönərmi düşsə qonaq
Karvanların yanğısı?

Çoxmu uzaq Ərimgəldi?
Bəlkə ərə kərəm gəldi,
Bəlkə öləziyib sindi
Sənəmlərin yanğısı.

Nə düşüb, yalan fırlayam?
Yaylaqda qarı xarlayan,
Aranda canı şorlayan
Pərənlərin yanğısı.

Səslənsəm “ünüm yetəndi”,
Bəsləsəm, “gülü bitəndi”,
Tovuz da, Şuşa da Vətəndi,
Vətənimin yanğısı.

Şuşa gedib, Şuşa gəlsin,
Huşa gedən huşa gəlsin,
Yazmıram ki xoşa gəlsin,
Ürəyimin yanğısı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG