Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

Xuraman Hüseynzadə. Marixuana kimi...


-

Xuraman Hüseynzadə


YENİ ŞEİRLƏR


Marixuana kimi…

məni
marixuana kimi
ciyərinə çək
məndən asılı ol
necə ki
mən telefondan
asılı qalmışam
səndən başqa kimsəm yox
gözlərinin küncünə
qısılıb qalmışam
aç qollarını
qolların ötürsün məni
ürəyinə...


Bir gün...

Bir gün başa düşəcəkdim ki
bu, sevgi deyilmiş

bir gün barmaqlarım
telefonun mesaj qutusundakı
"delete" düyməsini oxşayacaqdı
saçlarının yerinə
və sən
"bu nömrəyə zəng çatmır" sözlərini eşidəcəkdin
"səni sevirəm" əvəzinə...
skamyalara baxanda
sənsizliyi görəcəkdim
qollarıma baxanda yoxluğunu
hiss edəcəkdim
bir gün
başa düşəcəkdim ki
bu, sevgi deyilmiş...

hər gün bu "bir gün" haqda düşünərdim
məndən ayrılacağın günü
fırtına
qasırğa
çovğun kimi gözləyirdim
çünki
ürəyinə yağan qarın soyuğu
əllərimi dondurmaqdaydı...

Bir gün başa düşəcəkdim ki
bu, sevgi deyilmiş...

***

Su pərisi olmaq istəyirəm
gözlərində
içərəm göz yaşlarını
kədərin mənim olsun deyə
kişilər ağlamaz
bilirəm...


Skaypa gəl

nə cavanşir küçəsində yaşayıram
nə babək prospektində
ünvanımı bilirsən
iks-x
görüş yerimiz
nə universitetin həyətidi
nə də şəhərdəki
qoşa çinarın yanı
skaypa gəl sevgilim
sən vyanada
mən bakıda
baxışaq vebkameradan
gözlərimizdən həsrət yağsın monitora
3 D formatlı film seyr edərcəsinə
hiss edim bu həsrət yağışını
bir azca da ümid asılsın
baxışlarımızdan-
və beləcə
taleyin ədalətsiz hökmü oxunsun...
gözlərimizdən...
biz texnolojilər dövrünün sevgililəriyik
ürəyimiz də hiss etmədən sevəcək bir azdan
ölərkən
ruhumuz da
bədənimizi pultla tərk edəcək
aramızda
elektron
uçurum var
sən gedəli
nə adıma toz qondurdum
nə klavyeyə...
ürəyim
sənə sevgisini
e-maillə yollayır daha
skaypa gəl...
XS
SM
MD
LG