Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:54

İctimai Palata ordunu müzakirə etdi


İctimai Palatada dinləmələr
İctimai Palatada dinləmələr
-
«Orduda baş verən 65 ölüm halı 20-30 nəfər ola bilərdi. Onların yarısı Azərbaycanda vəzifəli şəxslərin qanunsuz hərəkətləri, qeyri-peşəkarlığı, səriştəsizliyinin qurbanı olub».

İctimai Palatanın avqustun 23-də Azərbaycan ordusunun durumuna dair keçirdiyi dinləmələrdə Hərbçilərin Hüquqlarını Müdafiə Mərkəzinin direktoru Telman Əbilov belə deyib. Onun fikrincə, Azərbaycan ordusunda baş verən itkilərin əsas səbəbi pis idarəetmənin nəticəsidir.

«İCTİMAİ NƏZARƏTƏ İMKAN VERİLMİR»

AXCP sədri Əli Kərimli isə bildirdi ki, Azərbaycan hakimiyyəti torpaqların işğal olunmasından sui-istifadə edərək ordunu tam qapalı quruma çevirib. Onun fikrincə, orduda baş verən problemlərin qarşısını almaq üçün ilk növbədə Azərbaycan ordusuna ictimai nəzarət olmalıdır:

«Azərbaycan ordusuna parlament nəzarəti yoxdur. Vətəndaş cəmiyyətinin, medianın nəzarətinə imkan verilmir. Qapalı bir şərait yaradıb istədiklərini edirlər. Bu vəziyyət dəyişməlidir. Orduya ictimai nəzarət olmalıdır».

2012-ci ildə Azərbaycan ordusu 65 nəfər itki verib. «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin keçirdiyi monitorinqin nəticələrinə görə, 13 nəfər döyüş (13 nəfər erməni gülləsi), 2 nəfər mina, 1 nəfər əməliyyat, 49 nəfər isə qeyri-döyüş zamanı həlak olub.

HƏRBİ BÜDCƏ ARTDIQCA...

Mərkəzin rəhbəri Cəsur Sümərinli deyir ki, araşdırmalar Azərbaycan ordusuna ayrılan vəsait artdıqca, orduda itkilərin də sayının mütənasib olaraq artdığını üzə çıxarıb:
Cəsur Sümərinli
Cəsur Sümərinli

«2011-ci ildə hərbi büdcə 3.3 milyard dollar olub. 2003-cü ildən bəri ən yüksək itkilər də ötən il qeydə alınıb - 99 nəfər. Bu il də eyni olaraq hərbi büdcə 3.4 milyarda çatdırılıb. Artıq ilin 8 ayı ərazində Azərbaycan ordusu 65 nəfər itki verib. Ümumiyyətlə, bu statistika Azərbaycan ordusunun real güzgüsüdür».

Cəsur Sümərinli bildirir ki, bu statistika yalnız onlara edilən müraciətlər əsasında hazırlanıb. Onun fikrincə, real statistika bundan daha artıqdır.

«RƏQƏMLƏRİ ŞİŞİRDİRLƏR»

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev isə deyir ki, bu statistika şişirdilib və reallığı əks etdirmir:

«Xəstəlikdən, infarktdan öləni, evində elektrik vuranı, şəxsi avtomobilində qəzaya düşəni, hətta ehtiyatda olan hərbçinin ölümünü də bu siyahıya salıb rəqəmləri şişirtməklə məşğuldurlar.
Yaşar Cəfərli
Yaşar Cəfərli
Siz təsəvvür edin, təkcə erməni gülləsindən ölənlərin sayı 11 olduğu halda onlar bunu 13 kimi göstəriblərsə, görün, digər rəqəmləri necə artırıblar. Bunlar bir neçə şəxsin qərəzli olaraq Müdafiə Nazirinə qarşı sifarişli olaraq qarayaxmasından başqa bir şey deyil».

«AŞAĞI RÜTBƏLİ ZABİTLƏR CƏZALANDIRILIR»

Ehtiyatda və İstefada Olan Zabitlər Birliyinin sədri Yaşar Cəfərli deyir ki, həmişə olduğu kimi, bu dəfə də Müdafiə Nazirliyi ittihamlardan yayınır:

«Müdafiə naziri 18 ildir bu vəzifədədir. Baş qərargah rəisi isə 18 ildir bu vəzifədədir. Orduda yaxşı halları öz adlarına çıxarmağa hazırdırlar. Amma baş verən nöqsanlardan isə boyun qaçırırlar. Yalnız aşağı rütbəli zabitlər cəzalandırılır. Özləri isə həmişə bu cəza tədbirlərindən kənarda qalırlar».

İctimai Palata orduda vəziyyətin yaxşılaşdırılmasına dair tövsiyələr hazırlamağa qərar verib. İP tövsiyə edir ki, ilk növbədə yeni hərbi doktrina haqda qanun layihəsi hazırlansın, hərbçilərin sosial şəraiti yaxşılaşdırılsın, orduya vətəndaş nəzarəti həyata keçirilsin.
XS
SM
MD
LG