Pakistan hakimiyyəti Ramazan bayramı günlərində təhlükəsizlikdən narahatlıqlara görə ölkənin böyük şəhərlərində mobil rabitəni kəsib. Onların arasında Kəraçi, Lahor kimi böyük şəhərləri də var.
Hökumət bunu Taliban yaraqlılarının mümkün hücumlarına qarşı addım kimi izah edir.
Bu sərt tədbir avqustun 19-dan – bayramın ilk günündən qüvvəyə minib.
Dövlət televiziyası xəbər verib ki, bayram günləri vətəndaşlara belə kommunikasiya çətinliyi yaradıldığı üçün təəssüflənir, amma mümkün terror hücumlarından qorunmaq üçün mobil rabitəni kəsmək məcburiyyətində qalıblar.
Rəsmilər terrorçuların bir neçə yerdə eyni zamanda partlayış törətmək üçün mobil telefonlardan istifadə edə bilməsindən narahatdırlar.
İlkin xəbərlərə görə mobil rabitə bazar ertəsi səhər saatlarından bərpa edilməyə başlayır.