Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Çexiyada gəlmələrə qarşı terror hazırladığından şübhələnən gənci tutublar


Polisin Ostravada həbs elədiyi 29 yaşlı gəncin görüntüləri
Polisin Ostravada həbs elədiyi 29 yaşlı gəncin görüntüləri
Çexiyada terror aktı törətməyə hazırlanan bir şəxs həbs edilib. Çexiya polisi bildirib ki, Ostrava şəhərində yaşayan 29 yaşlı bir gənci tutublar. Evində silahlar, partlayıcılar və onları uzaqdan partlatmaq üçün detonatorlar da müsadirə edilib.

Çexiya polisi qısa saçlı, yüngül saqqallı və gülərüz bir gəncin əlləri qandallı aparıldığı videogörüntülərini nümayiş etdirib.

Şübhəlinin evindən tapılan uzaqdan idarə edilən detonatorlar
Şübhəlinin evindən tapılan uzaqdan idarə edilən detonatorlar
Polisin regional direktoru Tomas Tuhy keçirdiyi mətbuat konfransında bildirib ki, əslində sözügedən şəxsi çoxdan izləyirlərmiş. Ancaq onun konkret planları haqda xəbərsiz olublar. Çünki şübhəlinin cinayət törədəcəyinə əmin olduqlarından həbs etmək qərarı veriblər. Əməliyyat avqustun 10-da aparılıb. Onun yaşadığı binanın bütün sakinləri sakitcə evakuasiya edilib və mənzilinə giriblər. Ancaq istintaq davam etdiyindən və 29 yaşlı gəncə yardım edənlərlə bağlı məlumat topladıqlarından, həbs faktını ancaq indi açıqlayırlar.

Amma polis 29 yaşlı şəxsin adını açıqlamır. Sadəcə müttəhimin Norveçdə ötən il 77 gənci öldürən və özünü gəlmələrə qarşı mübarizə aparan cəngavər sayan Anders Breivikin pərəstişkarı olduğunu bildirir. Polis tutulan gəncin Breiviklə əlaqəsi olub-olmadığını da araşdırdığını bildirib.

Yerli mediaya danışan qonşuları tutulan şəxsin ruhi problemləri olduğunu düşündüklərini, ancaq ekstremist ola biləcəyini ağıllarına gətirmədiklərini deyiblər.

Həbsi həyata keçirən Ostrava şəhərinin cinayət axtarış şöbəsinin rəisi Radovan Vojta jurnalistlərə deyib ki, onlar şübhəlinin yaşadığı mənzilə girərkən gözlərinə inanmayıblar və çox diqqətli olmağa çalışıblar. Çünki evdə çoxlu sayda partlayıcılar və detonatorlar var imiş və onların hər an partlayacağından ehtiyat ediblər. Tapılan silah-sursatlar və avadanlıqlar hamısı saz vəziyyətdə olub. Polis bu sursatla onlarla adamın ölümünə səbəb olan hadisənin törədilə biləcəyini bildirir.

Mənzildən həm də polis uniformaları çıxıb və polis güman edir ki şübhəli hazırladığı cinayəti törədərkən polis geyimində olmağı planlayırmış.

Tutulan şəxsin daha öncə də 5 ittihamla cəza aldığı bildirilir. İndi şübhəliyə qarşı qanunsuz silah saxlamaq və ictimai təhlükə törətmək ittihamları irəli sürülüb.

Ötən ilin iyulunda Norveçdə Anders Breivik öncə 8 nəfəri bomba partlayışında öldürüb, sonra da gənclərin Utoya adasındakı düşərgəsinə gedib orada 69 gənci güllələmişdi. Hazırda məhkəməsi gedən Breivik törətdiyi cinayətlərdən peşman olmadığını deyir, bunu Avropanı gəlmələrdən və islam istilasından qorumaq üçün etdiyini və özünü cinayətkar saymadığını iddia edir.

Norveç məhkəməsi hələ ki Breivikin cinayətə görə həbsə girməsi və ya müalicə üçün ruhi xəstəxanaya göndərilməsi ilə bağlı qərar verməyib. Qərarın bu həftə açıqlanması gözlənilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG