Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:27

Şahbaz Xuduoğlu. Gəlin Türkiyə əlifbamıza sahib duraq


Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu
-

Şahbaz Xuduoğlu

("Qanun" nəşriyyatının direktoru)


GƏLİN TÜRKİYƏ ƏLİFBAMIZA SAHİB DURAQ

(Əlifba islahatına dair)


Fransada təhsil alan ilk Azərbaycan türkü Əhməd bəy Agaoğlu zamanında deyirdi ki, müsəlmanların qurtulması üçün iki məsələni dərhal həll etmək lazımdır: qadın və əlifba. Yəni uşaqlarımızı böyüdən qadın azad olmalı, hərəmxana köləsi yox, iradə göstərə bilən, işləmə haqqı olan biri olmalıdır. Və İslam əlifbası dünyəvi bir əlifba ilə əvəz olmalıdır.

Türkcə ilk dəfə dram əsərləri yazan Mirzə Fətəli 1863-cü ildə İstanbula gələrək İslam əlifbasının islahı haqqında əsərini sədrəzəm Keçəçizadə Fuad Paşaya təqdim edir.

Fuad Paşa hərflərin islahı ilə bağı təklifi müzakirə üçün Mirzə Fətəlinin iştirakı ilə rəsmi bir toplantı keçirir. Müzakirə üç əsas məsələnin üzərində aparılır:

1) İslahat nə dərəcədə zəruridir;

2) əsas qəbul olunduğu halda işlər sürətlə görülə biləcəkmi?

3) bu islahatın tam başa çatması (maliyyə baxımından) mümkündürmü?


Toplantı birinci və ikinci məsələni müsbət qəbul etdi 3-cü məsələ maliyyəyə dirəndiyi üçün müzakirədən keçmədi.

Sonradan Mirzə Fətəli bu barədə öz xatirələrində yazırdı “1875-ci miladi tarixdə mən müsəlman əlifbasının islahı fikrinə düşdüm. Bunun üçün İstanbula və Tehrana getmək lazım idi. Bir çox adamlarla görüşdüm. Heyhat müsəlman irəli gedənləri əlifbalarını dəyişdirəcək kimi deyillər, halbuki bu hər şeydən daha gərəklidir və daha öncə gəlir”.

Mustafa Kamal Atatürk Mirzə Fətəlinin arzusunu həyata keçirdi, əlifba islahatı edərkən əsas sənəd kimi onun əlifba islahı barədə əsərindən yararlandı.

Əlifbamızın dəyişilməsi yenidən gündəmə gəlib. Əvvəlcə bu məlumatı oxuyanda elə bildim ki, kirili bərpa edirlər, amma nə yaxşı ki, elə deyil, əksinə türk əlifbasına yaxınlaşma halı var.

Xeyli vaxtdır bu söhbətin aktuallaşmasını gözləyirdim.

Tatarstan, əlifba sözünün üç əlifbada yazılışı
Tatarstan, əlifba sözünün üç əlifbada yazılışı
Nəhayət zaman gəldi. Və jurnalistlərdən, yazarlardan deyil, məhz akademiyadan bu təklifin səsləndirilməsi məsələnin xeyli dərəcədə ciddiliyindən xəbər verir.

Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli hesab edir ki, “q”, “ğ”, “ç” samitləri daha münasib formada yazılmalıdır. Başıbəlalı “ə” isə “a”-nın üzərində iki nöqtə ilə əvəzlənməlidir. Neçə ki, “ö”, “i” və “ü” saitləri üzərində nöqtələr qoymaqla düzəldilir.

Əlifbamızı dəyişmək lazımdır, mən bunu hər gün iş prosesində öz-özümə təkrar edirəm. Həqiqətən ciddi problemlər yaradır. Əlbəttə “ç” hərfinin alman dili variantını, yaxud “ş” hərfinin ingilis variantını da qəbul etmirəm. Bunlar məncə daha ciddi problemlər yaradar.
Məncə ən uyğun variant elə Türkiyə əlifbasının olduğu kimi qəbul olunmasıdır.

Bəziləri bu məsələyə çox tənqidlə yanaşır, yəqin onlar aşağılıq kompleksindən əziyyət çəkirlər. Amma nəzərə alınmalıdır ki, axı Türkiyə əlifbasının islahatında da bizim Mirzə Fətəli və Agaoğlu kimi nəhəng insanlarımızın rolu var.

Və sonda, gəlin heç bir tərəddüd etmədən Türkiyə əlifbasını olduğu kimi qəbul edək və əvəzində 75 milyonluq Türkiyəni qazanaq. O bizim əlifbadır, ondan halalca istifadə etmək haqqımız var. Gəlin o haqqımızı həm Türkiyəyə, həm də özümüzə qaytaraq.
XS
SM
MD
LG