Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 01:34

700 bal toplayan abituriyentlə müsahibə


Xeyransa Əliyeva
Xeyransa Əliyeva
-
«Gərək 1-2-ci sinifdən oxuyasan, yuxarı sinifdə oxumağa başlayanda dərsləri mənimsəmək çətin olur».

2012-ci ilin ali məktəblərinə qəbul imtahanında ən yüksək – 700 bal toplayan abituriyentlərdən biri olan Xeyransa Əliyeva uğurunun sirrindən danışır.

İMTAHANDA YÜKSƏK BAL TOPLAMAĞIN SİRRİ

Bakının 72 saylı məktəb-liseyinin məzunu olan Xeyransanın tələbə adını qazanacağından şübhəsi olmayıb. Elə ən yüksək bal qazanacağından da.

- Gözləyirdim. 1-ci sinifdən əlaçı olmuşam.

- Xeyransa, hazırlığa gedirdin?

- Gedirdim. Birinci il yalnız tarix fənnindən getmişəm, ikinci il bütün fənlərdən.

- Hazırlığa getməsəydin, bu nəticəni göstərə bilərdin?

- Məktəbimizdə təhsil güclüdür, fikirləşirəm, hazırlığa getməsəydim, 600 bal toplaya bilərdim, amma 700 bal yox.

- Ali məktəb seçimində hara üstünlük vermisən?

- Prezident yanında Dövlət İdarəçilik Akademiyasına, Hüquqşünaslıq fakültəsinə.

- Niyə məhz ora? Ailənizdə, ya qohum-əqrəbada hüquqşünas olan var?

- Yox, sadəcə uşaqlıqdan hüquqşünaslığa həvəsim olub.

- İmtahanlarda yüksək bal qazanmaq istəyənlərə məsləhətin nə olardı?

- Əvvəldən, 1-ci sinifdən yaxşı oxumaq lazımdır, sonraya saxlamaq lazım deyil. Çalışqan olmaq lazımdır, özlərinə inamlı olsunlar.

- Dərs oxumağa nə qədər vaxt ayırırdın?

- Düzünü deyim, çox oxumurdum. Yəni, elə uşaqlar var ki, gecələr oxuyurlar, amma mən gecələr dərs oxumamışam. Dərsdən gəlib hazırlığa gedirdim, sonra evə gəlib dərslərimə hazırlaşırdım.

- Boş vaxtın olmurdu?

- Demək olar ki, yox.

- Bəs ev işlərində anana kömək etməyə vaxtın qalırdı?

- Yox, qalmırdı.

- Bəs internetə, sosial şəbəkələrə vaxt ayırırdın?

- Yox, hazırlığa getməzdən qabaq internetə girirdim. Qorxurdum ki, aludəçilik yarana.

«GECƏ-GÜNDÜZ OXUYURDUM»

Rza Rəhimov
Rza Rəhimov
Bircə xətanın oduna düşüb 690 bal toplayan Rza Rəhimov isə yüksək bal toplamaq üçün özünü yeniyetməlik əyləncələrindən məhrum edib. Deyir, əslində yaşadığı kənddə elə bir əyləncə yoxdur. Tay-tuşu qız sevəndə, o, kitabdan yapışıb. Qoyun-quzunu çöllərdə otarmaq onunla böyük qardaşının boynuna düşsə də, sonradan ataları onların təhsilə marağını nəzərə alıb.

- Atam bizi ayırdı bu işlərdən ki, dərsimizi oxuyaq.

Naxçıvanın Şərur rayonunun Ərəbyengicə kəndində yaşayan Rza danışır ki, təkcə təhsil almaq yox, həm də ən yüksək bal toplamaq əsas məqsədiymiş.

- Gecə-gündüz oxuyurdum. Bir il müəllim yanına getdim. İngilis dilindən. 11-ci sinifdə özüm hazırlaşdım. Liseydə savadlı dostlarım oxuyurdu. Onlarla hazırlaşırdım.

- Bəzən şikayətlənirlər ki, test əzbərçilik öyrədir. Sən əzbərləmişdin mi cavabları?

- Elə sual vardı, əzbərləmişdim, eləsi vardı yox. Əzbərləmişdim ki, imtahanda vaxtım çox getməsin. Amma əzbərləmək yaxşı deyil, bir az stress yaşasan, o dəqiqə hər şey yadından çıxacaq.

- İmtahan zamanı kiməsə kömək elədin mi?

- Yanımda oturan oğlana istədim kömək edim, amma nəzarət güclü idi deyə, edə bilmədim.

- Necə bilirsən, ümumiyyətlə, imtahanda başqalarına kömək etmək lazımdır?

- O qədər məsləhət görməzdim. Çünki biri digərindən yüksək bal toplayıb haqqı olanın yerini tuta bilər.

- Bəs yüksək bal toplamaq üçün neyləmək lazımdır?

- Çoxlu oxumaq. Amma həm də dincəlmək. Yəni düzgün, istirahət edə-edə oxumaq lazımdır.

Rza Rəhimov ali təhsil almaq üçün artıq seçimini edib. O, Ali Neft Məktəbinin tələbəsi olmaq niyyətindədir. Deyir ki, qaydaya görə, bu məktəbdə iki il təhsil aldıqdan sonra növbəti iki ili də İngiltərədə oxuyacaq. Hələliksə, o, Ərəbyengicə kəndində nəfəsini dərib dincəlir və səbirsizliklə tələbə kimi ali məktəbə gedəcəyi ilk günü gözləyir.
XS
SM
MD
LG