Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:39

Əsgər atası: «Niyə avtomatla özünü başının ortasından vursun ki?»


Foto: Arxiv
Foto: Arxiv
-
«Göndərməyəndə deyirlər hər kəs orduda xidmət eləməlidir. Bəli, mən də razıyam, hamı orduda xidmət eləməlidir. Anasız uşaq böyütmüşəm, təkcə. Göndərmişəm ki, get, vətənə qulluq elə. Dörd aydan sonra qaytarıb gətiriblər, qoyublar qapıya ki, «al götür»».

«BİT DƏRMANINA QƏDƏR APARMIŞDIM»

Bu, avqustun 7-də başından aldığı güllə yarasından həlak olmuş Azərbaycan ordusunun əsgəri Murad Ağakərimlinin atası Qurban Ağakərimovun dedikləridir. O deyir ki, hərbi hissədən ona oğlunun intihar etdiyini bildiriblər. Və bu hadisə dörd əsgərin yanında olub. Amma Qurban Ağakərimov inanmır ki, oğlu intihar edib. Deyir, ölümündən bir saat əvvəl Murad zəng edib onunla danışıb. Ertəsi gün qardaşına da zəng edəcəyini bildirib. Atasının dediyinə görə, bu cür danışıqdan sonra Muradın intihar etməsi inandırıcı görünmür. Qurban Ağakərimov deyir ki, oğlu zəif və qorxaq uşaq da olmayıb ki, bu addımı atsın. Başındakı güllə yeri də, atasının fikrincə, intihar əlamətinə oxşamır:

«Ötən ayın (iyulun) 15-də yanında olmuşam. Bit dərmanına qədər alıb aparmışdım. Üç saata qədər də yanında olmuşam. Heç nə də hiss etməmişəm. Hərbi hissədən zabitlər gəlmişdilər. Dəfndə iştirak etdilər. Onlar dedi ki, Murad yeməkxanadan 20 metr qabağa gedib, posta girib, özünü vurub. Axı, bu, tapança deyil, avtomatdır. O boyda silahı qaldırıb təpəsinin ortasına qoyub atsın ki, mən belə ölmək istəyirəm? Bu necə olur? İntihar edən özünü ürəyindən, ya qarnından vurar. Niyə məhz avtomatla özünü başının ortasından vurur? Yuyulan vaxt fotoşəkilini çəkdirmişəm. Güllə təpəsindən girib, gözünün altından çıxıb».

Qurban Ağakərimov deyir ki, Hərbi Prokurorluqdan hadisə ilə bağlı araşdırma aparıldığını və ekspertizanın rəyi hazır olanda, onu çağırıb məlumat veriləcəyini bildiriblər.

«DEDİ SƏBRİMİ GÜCLƏ SAXLAYIRAM»

18 yaşlı Murad Ağakərimli 5 ay əvvəl hərbi xidmətə çağırılıb. Atası deyir ki, onunla sonuncu dəfə görüşəndə oğlu deyib ki, üç, dörd əsgərin ucbatından saat 11-dən 6-dək səngər qazıblar. Atası belə başa düşüb ki, başqalarının günahı üzündən oğlunu da cəzalandırıblar:

«Dedi ki, səbrimi güclə qoruyub saxlayıram».

Əsgərin əmisi Bəxtiyar Ağakərimov da hesab edir ki, Murad özünü başının ortasından vura bilməzdi. Deyir, bu məsələ ciddi araşdırılmalıdır:

«Eşitdiyimə görə, bu, orduda üçüncü belə hadisədir. Xahiş edirik məsələni ciddi araşdırıb bizə məlumat versinlər. Əks-halda sabah mənim də oğlum böyüyəndə, məcbur olacam ki, hərbi xidmətə buraxmayım».

MÜDAFİƏ NAZİRLİYİ: «İTKİ İTKİDİR»

Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev deyir ki, insan itkisi çox ağır və təəssüf doğuran haldır. Xüsusilə də övlad itkisi. Ona görə də, valideynin bu cür danışığı da anlaşılandır:

«Əsgər intihar etdi, ya hansısa xəstəlikdən öldü – hər halda itki itkidir. Olan hadisəyə başqa ad qoymaqla Müdafiə Nazirliyi, yaxud başqa qurum nə qazanır? Burada heç bir maraq ola bilməz. Valideynin isə acısını, dərdini başa düşürük, təəssüf edirik. Valideyn o cür danışırsa, təbii ki, bu da anlaşılandır».

Teymur Abdullayev deyir ki, heç bir hadisə, cinayət kimdənsə gizlədilə bilməz. Belə hadisələrdə dərhal cinayət işi açılır, araşdırılır. Nəticə ortaya qoyulur. Bu hadisə ilə bağlı da elə olacaq.

İLİN SONUNA İTKİLƏRİN SAYI 100-Ü KEÇƏ BİLƏR

Cəsur Sümərinli
Cəsur Sümərinli
«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli ordudakı indiki situasiyada - özbaşınalıq, «dedovşina» şəraitində əsgərin intihar etməsini mümkün sayır. Əsgər qapalı mühitdə olur, dərdini deməyə kimsə tapmır və intihar edir. Onun fikrincə, bu kimi halların baş verməsinə Müdafiə Nazirliyinin vəzifəli şəxsləri birbaşa məsuliyyət daşıyır. Onun araşdırmalarına görə, bu il ərzində artıq orduda 12 nəfər intihar edib. Ümumilikdə isə hər il silahlı qüvvələrdə 20-yə yaxın belə hadisə olur. Bununla belə ekspert deyir ki, bəzən əsgərlər arasında yaşanan insidentdən baş verən ölüm hadisələri də cəmiyyətə intihar kimi təqdim oluna bilir:

«Apardığımız araşdırmalara görə, son 3 ildə 60-100 hərbi qulluqçu intihar edib. Və bunlar ordudakı mənəvi vəziyyətlə əlaqədardır. Amma bir çox məlumatlar var ki, əsgərlər arasında insident zamanı baş verən itkiləri məhz intihar adı ilə verirlər. Bu kimi hallar olub. Bu intihar məsələsi spekulyasiya mövzusudur. Hərbi Prokurorluqla Müdafiə Nazirliyi çox «uğurla» bu məsələdən istifadə edirlər. Bu da silahlı qüvvələrdə mövcud problemlərə rəhbərliyin ciddi diqqətinin olmamasını göstərir. İntihar adı ilə hansısa cinayətkarın cinayətini gizlətmək daha böyük cinayətdir və bu məsələlər araşdırılmalıdır».

Cəsur Sümərinli deyir ki, ordunun büdcəsi artdıqca, orada baş verən itkilərin də sayı artır:

«Orduda ümumi itki ən çox 2011-ci ildə müşahidə olunub – 99 nəfər. Bu ilin indiki dövründə isə artıq bu göstərici ötən ilkindən 20 faiz artıqdır. Bu da ona işarədir ki, indiki tendensiya davam etsə, ilin sonuna itkilərin sayı 100-ü keçəcək».

Müdafiə Nazirliyindən isə bu statistik məlumatların nə dərəcədə reallığı əks etdirdiyini dəqiqləşdirmək mümkün olmadı.
XS
SM
MD
LG