Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 05:52

"Atam John Steinbeck sağ olsaydı, buna görə xəcalət çəkərdi”


John Steinbeck
John Steinbeck
-

Nobel mükafatlı Amerika yazıçısı John Steinbeck-in yəqin ağlına da gəlməzdi ki, ölümündən 40 il sonra bir edamla bağlı yaranan qalmaqalda onun da romanının adı hallanacaq.

Söhbət 1992-ci ildə Texasda adam öldürməkdə günahkar bilinən və bu yaxınlarda ölümcül iynə vurmaqla edam edilən 54 yaşlı Marvin Wilson-dan gedir.

Vəkili və bir çox hüquq müdafiəçiləri onun əqli cəhətdən sağlam olmadığını, İQ-nün yalnız 61 olduğunu, ABŞ Ali Məhkəməsinin əqli inkişafdan qalanların edamına icazə vermədiyini əsas gətirərək ölüm hökmünün icrasına etiraz edirdilər.

Texasın Cinayətlər üzrə Apellyasiya Məhkəməsi isə Wilson-un tam sağlam olması qənaətinə gəlmişdi.

Bəs John Steinbeck-in bu edamla nə əlaqəsi?

Məsələ burasındadır ki, Wilson-u yazıçının 1937-ci ildə çap edilən “Siçanlar və adamlar haqqında” romanından ruhlanaraq hazırlanmış bir testdən keçirərək “sağlam çıxarıblar”.

Əsərin Lenny adlı qəhrəmanı əqli cəhətdən geri qalmış bir gəncdir.

Həmin test “Briseño factorları” adlanır.

Wilson-un vəkili Lee Kovarsky deyib ki, 8 il əvvəl tətbiq edilməyə başlanılan həmin standartları indiyəcən heç bir həkim, yaxud alim elmi metod kimi tanımayıb. “Çünki həmin standartların nəyə əsaslandığı məlum deyil. Yeganə ilham mənbəyi kimi John Steinbeck-in romanının adı çəkilir”.

Texas Amerikada ölüm hökmünü “ən çox sevən” ştatlardan sayılır. Təkcə indiki qubernator Rick Perry-nin dövründə 245 nəfər edam edilib.

Son edam qərarı Amerika cəmiyyətində böyük mübahisələrə yol açıb.

John Steinbeck sağ olmasa da, ailəsi məsələyə münasibət bildirib.

Yazıçının oğlu Thomas Steinbeck yaydığı yazılı bəyanatda deyib ki, atasının yaratdığı obraza əsaslanıb hansısa insanla bağlı olum, və ya ölüm qərarı verilməsini düzgün saymır.

“Mən əminəm ki, əgər atam John Steinbeck sağ olsaydı, əsərindən bu yöndə istifadə olunmasından çox qəzəblənər və xəcalət çəkərdi”.

Thomas Steinbeck deyib ki, atası əsəri yazarkən elmiliyə iddia etməyib.

2004-cü ildə Texasın Cinayətlər üzrə Apellyasiya Məhkəməsi Jose Garcia Briseño-nun edamı ilə bağlı məsələdə mübahisələrlə üzləşəndə ölkə üzrə istifadə edilən və elmi əsası olan standartlardan istifadə etmək əvəzinə “Briseno factorları” adlandırılan standartlar müəyyən etmişdi.

Həmin standartlar cinayətkarın əqli cəhətdən az, ya çox geri qaldğını müəyyən etməli və testin nəticələri həmin şəxsin edam edilməli, yoxsa həbs cəzası çəkməli olduğu ilə bağlı Texas sakinləri arasında konsensus yaratmalı idi.

“Briseno factorları” onu müəyyən edir ki, sorğu-sual edilən məhbus liderdir, yoxsa tabe olan, öz maraqlarını müdafiə etmək üçün yalan danışa bilirmi, suallara rasional, məntiqi cavab verə bilirmi?

Vəkil Kovarsky isə deyir ki, “Əqli cəhətdən geri qalanların 80 faizi düşünmək və məntiqi cavablar vermək qabiliyyətinə malikdirlər”. Bu, Amerika Psixiatriya Assosiasiyasının statistik rəqəmləridir...

Amerika mətbuatının materialları əsasında oxuzali.az
XS
SM
MD
LG