Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:30

40 manata Lenin, 100 manata patefon


Leninin büstü
Leninin büstü
85 yaşlı, 1927-ci ilin istehsalı olan patefondan ətrafa musiqi yayılır. Bu səs dükandakı digər əşyalar – Leninin büstü, sovet dövrünün qab-qacağı, SSRİ-nin orden-medalları, metal və kağız pulları, çap maşınları ilə həmahəngdir.

Dükanın sahibi, ixtisasca inşaat mühəndisi olan Nazim Həsənov deyir ki, Sovet İttifaqı dağılandan sonra işlədiyi tikinti idarəsi bağlanıb. İki il işsiz qalıb. 1993-cü ildən bu əşyaları toplaya-toplaya dükan açıb:

«Sovetlər Birliyi dağılanda bizim idarə də dağıldı. Yaşamaq üçün müəyyən bir yol tapmaq lazım idi».

İŞİ İTİRMƏSİ, YENİ İŞİ EYNİ DÖVRƏ BAĞLIDIR

Patefon
Patefon
İşini Sovet İttifaqı dağılandan sonra itirən Nazim Həsənov elə sovet dövrünün əşyaları ilə özünə yeni iş qurub. Əlində həmin dövrün əşyaları olan adamlarla əlaqə yaradıb. Sonra həmin adamlar onu axtarıb-tapıb. Əşyaların sayı artdıqca dükan da ərsəyə gəlib. İndi isə öz alıcıları var:

«Alıcılar həm əcnəbilər, həm də yerlilərdir. Gənc nəsil bu əşyalarla maraqlanmır. Maraqlananlar da, alıcılar da orta nəslin nümayəndələridir. Müştərilərimin arasında bir alman var. Uzun müddət məndən sovet mövzularına aid əşyalar alırdı. İki il əvvəl mənə öz kolleksiyasını göstərdi. 80 kvadratmetrlik sahədə sovet mövzusuna aid bayraqlar, Leninin, Stalinin heykəlləri, orden-medallar və s. vardı. O, əslində muzey yaratmışdı. Deyir Almaniyada bununla çox maraqlanırlar».

40 MANATA LENİN, 100 MANATA 85 YAŞLI PATEFON

Nazim Həsənov SSRİ-nin qurucusu Vladimir İliç Leninin mağazadakı büstləri haqqında danışır:

«Sovet vaxtı Lenin ideoloq idi, hamı ona «baba» deyirdi. Hər bir idarə və müəssisədə onun heykəlləri vardı. Sovet İttifaqı dağılandan sonra bu heykəllər əllərə düşdü. Həmin adamlar da gətirib satışa verdi. Satış qiyməti 40 manatdır. Alıcılarına gəldikdə isə, Azərbaycanda Kommunist Partiyası var, bundan başqa həvəskarlar, əcnəbilər maraqlanırlar. Düzdür, çox ağır gedir. Ancaq arada satılır».

Çap makinası
Çap makinası
Elektriksiz işləyən 85 yaşlı patefon 100 manata satılır. Oktyabr inqilabının 60 illiyi ilə münasibəti ilə buraxılmış çaynik, fincan, nəlbəki dəsti elə bil indi istehsal olunub. 1965-ci ilin qarmonları, sovet dövründə az qala hər evdə olan ətrafı büllur saatlar, çəngəl – bıçaq - qaşıq dəstləri, güldanlar hərəsi öz yerindən boylanır:

STƏKAN ALTLIQLARI 15-30 MANATDIR

«Sovet dövründə istehsal olunmuş mətbəx əşyaları – mis, nikel və sinkin qarışığından olan mətbəx əşyaları çox keyfiyyətlidir. Fərqi ayırd edən insanlar indi də bunlardan istifadə edir».

Nazim Həsənov deyir 70-100 manat dəyərində olan çap makinalarını sovet dövrü ilə maraqlanan kolleksiyaçılar və əli həmin makinalara öyrəşən adamlar alır. Üzərində kiril əlifbası ilə «CCCP» yazılmış stəkan altlıqları 30 manat, həmin dövrdə Azərbaycanda buraxılmış armudu stəkan altlıqları isə 15 manata satılır.

Küncdə 50-ci illərin istehsalı olan sandıq var. Həmin sandıq yeni ailə quran qıza verilirmiş.

QIRMIZI ONLUQLAR, ODEN-MEDALLAR

Stəkan altlıqları
Stəkan altlıqları
«Bu pullar isə sovet dövrünün 1, 3, 5 manatıdır. Onluğun üstündə Leninin şəklidir. Bunları satanlardan 1-2 manata alıram. Bunlar da dəmir pullardır – 1 qəpikdən 50 qəpiyə qədər».

Orden-medallar arasında isə II Dünya Müharibəsinin 30, 50, 60 illiyi, Leninin anadan olduğu illərə həsr olunmuş, Azərbaycanın fəxri nişanları, vaxtilə çoxuşaqlı analara verilən orden-medallar çoxluq təşkil edir.

Nazim Həsənov deyir ki, gəliri «sovet dövründən» çıxsa da, o dövrün nostaljisi ilə yaşayanlardan deyil:

«Həmin dövrdə nə qədər gözəl yaşasaq da, azadlığın iyi başqadır. Azadlıq başqa şeydir. Nə qədər də ağır olsa da, yenə azadlıq, sərbəstlik yaxşıdır».
XS
SM
MD
LG