Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:25

Putin-Sarkisyan görüşü


Vladimir Putin və Serj Sarkisyan
Vladimir Putin və Serj Sarkisyan
Avqustun 8-də Moskvada Rusiya prezidenti Vladimir Putin ermənistanlı həmkarı Serj Sarkisyanla görüşüb.

Kremlin mətbuat xidmətinin məlumatına görə, görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi perspektivləri, o cümlədən beynəlxalq və regional məsələlər müzakirə olunub. Bundan başqa MDB-də, Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində və Qafqazda təhlükəsizlik məsələlərinə də toxunublar.

«Praktiki olaraq bütün istiqamətlər üzrə əlaqələr inkişaf edir. Prezident, hökumət və parlament səviyyəsində həmişə əlaqələr var», deyə Putin bildirib.

1 MİLYARDLIQ TİCARƏT DÖVRİYYƏSİ

Putin ümumilikdə iki ölkə arasında iqtisadi əlaqələrin pis inkişaf etmədiyini deyib. O, iki ölkə arasındakı ticarət əlaqələrinin iqtisadi böhrana qədərki səviyyəyə - 1 milyard dollara yaxın olduğunu deyib. Və ilin birinci yarısında 32 faiz artımın qeydə alındığını vurğulayıb.

Vladimir Putin Ermənistanın ticarət partnyorları arasında Rusiyanın birinci yerdə olduğunu da qeyd edib.

Putin Rusiyada yaşayan Ermənistan vətəndaşlarının hər il ailələrinə milyard dollara yaxın pul göndərdiklərini də xatırladıb və bunun az məbləğ olmadığını deyib.

SARKİSYAN HƏRBİ-TEXNİKİ ƏMƏKDAŞLIQ BARƏDƏ

Ermənistan prezidenti Serj Sarkisyan da öz növbəsində iki ölkə arasındakı əlaqələrdən məmnun qaldığını bildirib.

O, hazırda iki ölkə arasında humanitar sahə üzrə yaxşı əlaqələrin davam etdiyini, hərbi-texniki sahədə də inkişaf etdiyinə diqqət çəkib:

«2010-cu ildə biz Rusiya hərbi bazasının Ermənistanda qalma müddətini uzatdıq. Biz hesab edirik ki, Rusiya hərbi bazasının Ermənistanda yerləşməsi bizim təhlükəsizlik maraqlarımıza cavab verir. Payızda Ermənistanda Kollektiv Təhlükəsizlik Birliyinin təlimləri olacaq. Hesab edirəm ki, bu bütövlükdə bizim əlaqələrin dərinləşməsi, dünyada, Qafqazda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək».

QARABAĞ...

Prezidentlərin görüşündə Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələlər də müzakirə olunub. Vladimir Putin ATƏT-in Minski qrupu çərçivəsində ölkəsinin vasitəçilik səylərini davam etdirəcəyini bildirib.

Sarkisyan isə Cənubi Qafqazın təhlükəsizliyində Rusiyanın mühüm rol oynadığını bir daha qeyd edib.

Bu, 2012-ci ilin martında yenidən prezidentliyə qayıdan Putinin Sarkisyanla ilk görüşü idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG