Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

İsrail mediası İrana hücum ehtimalları ilə dolub-daşır


İsrailin Baş naziri Benjamin Netanyahu (solda) və ABŞ-ın Müdafiə naziri Leon Panetta, 1 avqust 2012
İsrailin Baş naziri Benjamin Netanyahu (solda) və ABŞ-ın Müdafiə naziri Leon Panetta, 1 avqust 2012
-
Bu ilin payızında İsrailin İrana hücum edəcəyinə dair söz-söhbətlər İsrail mediasını doldurub. ABŞ-da çıxan «The New York Times» qəzeti avqustun 3-də yazır ki, İsrail rəsmilərinin də bu istiqamətdə silsilə bəyanatları, ABŞ liderlərinin bu ölkəyə çoxalan səfərləri İrana hərbi müdaxilə barədə yazanları bir qədər də həvəsləndirib.

Amma qəzet qeyd edir ki, avqustun 1-də ABŞ-ın Müdafiə naziri Leon E.Panetta'nın İsrailə səfəri bu ölkənin İrana qarşı belə tezliklə hücuma keçməyəcəyinə ümid yaradır. Eyni zamanda güman edilir ki, gələcəkdə bu cür hərbi müdaxilə qaçılmaz olarsa, ona Vaşinqtonun rəhbərlik etməsi razılaşdırılıb:

«Avqustun 1-də İsrailin Müdafiə naziri Ehud Barak'la görüşdə cənab Panetta bəyan etdi ki, İran nüvə silahı yaradarsa, ABŞ İsrail tərəfində olacaq.

Elə həmin gün İsrailin Baş naziri son çıxışlarındakı ritorikanı davam etdirərək bildirdi ki, İrana qarşı sanksiyalar onun nüvə proqramını dayandıra bilmir. Baş nazirin fikrincə, hazırda İran rejimi beynəlxalq ictimaiyyətin onun nüvə proqramını dayandırmağa meylli olmaması qənaətindədir. Tehranın bu düşüncəsi dəyişdirilməlidir, həm də mümkün qədər tez. Çünki bu məsələnin sülh yoluyla həlli imkanları tükənir».

SENTYABR YA DA OKTYABRIN ƏVVƏLİ

Qəzet yazır ki, ABŞ-ın Müdafiə nazirinin İsrailə səfəri zamanı tərəflər İrana dair son kəşfiyyat məlumatlarını bölüşüblər, sanksiyaların icrasını əlaqələndirərək mümkün hərbi müdaxiləni müzakirə ediblər.

ABŞ-ın Müdafiə naziri İsrail səfərindən qabaq Misirdə olarkən deyib ki, hələlik İrana hücum etmək fikrində deyillər. Tehranı nüvə planlarından çəkindirmək üçün başqa imkanlardan istifadə etmək istəyirlər.

İsrailin özündə isə media İrana hücum ehtimalları ilə aşıb-daşır. Hətta iddialar səslənir ki,
F-16 qırıcı təyyarəsi
F-16 qırıcı təyyarəsi
Baş nazir Benjamin Netanyahu belə hücumu bu ilin sentyabrında, ya da oktyabrın əvvəlində başlamaq niyyətindədir:

«Təhlilçilər bu payız hərbi əməliyyatın başlaya biləcəyini bir neçə amillə əsaslandırırlar. Əsasən də İsrailin qışda döyüş əməliyyatları aparmaq istəmədiyi söylənir. Eyni zamanda, təhlilçilər yazırlar ki, cənab Netanyahu ABŞ-ın yeni prezidenti seçilənə qədər bu işə başlamağa tələsir. Çünki o hesab edir ki, yeni prezident istər Obama olsun, istərsə Romney, onların heç biri ilk prezidentlik illərində böyük hərbi kampaniyaya qoşulmayacaq».

İsrailin kəşfiyyat idarəsinin keçmiş rəhbəri və milli təhlükəsizlik üzrə sabiq müşavir Efraim Halevy də obrazlı danışaraq «mən iranlı olsaydım, qarşıdakı 12 həftəni qorxu içində olardım» deyib.

«The New York Times» vurğulayır ki, səslənən ehtimalların nəyə əsaslandığı məlum deyil. Amma buna baxmayaraq, bu cür söz-söhbət İrana qarşı hərbi əməliyyat olacağına dair gözləntilərini artırır.

İRANA HÜCUM EHTİMALI 50 FAİZDİR

İsraildəki sol təmayüllü «Haaretz» qəzetinin əməkdaşı deyib ki, indi İrana hücum ehtimalları ciddi görünməsə belə, bu ilin noyabrına qədər İsrailin İrana hücum etmək ehtimalı 50 faizdir.

«The New York Times» ABŞ-ın hərbi dairələrinə istinadla qeyd edir ki, İsrailin əlində İranın yerin altında gizlətdiyi nüvə avadanlıqlarını dağıda biləcək bombalar yoxdur. Bu səbəbdən də onun təkbaşına İrana hücumu Tehranın nüvə fəaliyyətini uzağı bir-iki il ləngidə bilər.

Pentaqonun imkanları isə İranın nüvə obyektlərini dağıtmaq iqtidarındadır. Qəzetə görə, hazırda İsrailin təhlükəsizlik idarələrini
İranda Buşehr nüvə stansiyası, 2011
İranda Buşehr nüvə stansiyası, 2011
İrana hücumdan çəkindirən əsas səbəblərdən biri məhz budur:

«Obama administrasiyası isə İsraili ABŞ-da bu payız keçiriləcək prezident seçkisi ərəfəsində regionda yeni münaqişələr yarada biləcək addımlardan çəkindirməyə çalışır. İran da cavab olaraq raketlərlə Tel-Əvivi vursa, minlərlə yəhudini öldürsə, ABŞ cavab vermək və İsraili qorumaq üçün təzyiq altına düşəcək. Beləliklə də Vaşinqton Yaxın Şərqdə daha bir müharibəyə sövq ediləcək».

İsrail bildirir ki, İran özünün nüvə proqramında hər gün uğurlar əldə edir və Tehranın əlində nüvə silahı olmasına günlər qalır. Ona görə də, hərbi əməliyyat keçirib onu dayandırmaq lazımdır.

Tehran isə israrla özünün nüvə proqramının silah yaradılmasına yönəlmədiyini, nüvə enerjisini yalnız dinc məqsədlər üçün inkişaf etdirdiyini deyir. Amma eyni zamanda da beynəlxalq müfəttişləri özünün nüvə obyektlərinə buraxmır.
XS
SM
MD
LG