Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Astara sakini: «Bizim qadınlar evdə-eşikdə tapılmırlar, bütün günü İrandadırlar»


İran-Azərbaycan sərhədi
İran-Azərbaycan sərhədi
-
Avqustun 5-dən İran Azərbaycanla viza rejimini bərpa edir. Yəni, artıq Azərbaycandan İrana gedənlər viza almaq məcburiyyətində qalacaqlar. Bununla bağlı İran Xarici İşlər Nazirliyindən Azərbaycana nota göndərilib. Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyir ki, notada viza rejiminin tətbiqinin müvəqqəti olduğu qeyd edilir:

«İranın Xarici İşlər Nazirliyindən bizim oradakı səfirliyə daxil olan notada bildirilir ki, avqustun 5-dən 31-dək Azərbaycan vətəndaşlarına İrana səfər etmələri üçün viza rejimi tətbiq olunacaq. Bu müddətdən sonra əvvəlki rejim bərpa olunacaq».

İran tərəfi bu addımını avqust ayında Tehranda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının sammiti ilə əlaqələndirir.

XİN sözçüsü deyir ki, viza rejiminin İranla sərhəd rayonlarda yaşayan Azərbaycan vətəndaşlarına tətbiq edilib-edilməyəcəyi kimi suallara İranın Bakıdakı səfirliyi cavab verə bilər.

İranın Bakıdakı səfirliyindən gün ərzində məsələyə aydınlıq gətirmək mümkün olmadı.

İRAN AZƏRBAYCAN SƏRHƏDİNDƏ…

AzadlıqRadiosunun əməkdaşı Müstəcab Məmmədov Astara rayonundan xəbər verir ki, hazırda İranla sərhəddə sakitlikdir. Azərbaycanlılar həmişəki qaydada İrana gedə bilirlər. Sərhədçilər də hələlik onlara viza rejiminin bərpası ilə bağlı rəsmi sənəd daxil olmadığını bildirirlər. Amma deyirlər ki, yəqin tezliklə belə bir göstəriş olacaq.

Azərbaycandan İrana gedənlərin isə qonşu ölkənin viza rejimini yenidən bərpa etməsinə münasibəti birmənalı deyil.
Astarada Gömrük-keçid məntəqəsi
Astarada Gömrük-keçid məntəqəsi

İranla biznes əlaqələrinə malik Astara sakini Rafiq Kərimov deyir ki, Azərbaycana yenidən viza rejimi tətbiq edilsə, xalq öz işi ilə məşğul olacaq. Daha indiki kimi əkini-biçini atıb gedib İranda gün keçirməyəcəklər.

«BİZİM QADINLAR EVDƏ-EŞİKDƏ TAPILMIRLAR, BÜTÜN GÜNÜ İRANDADIRLAR»

Rafiq Kərimov hesab edir ki, əslində İranla Azərbaycan arasında viza rejimi bərpa olunsa, yaxşıdır. Onun dediyinə görə, gediş-gəliş vizasız olandan sonra Astarada əksəriyyət heç bir işlə məşğul deyil. Rafiq Kərimovun fikrincə, viza rejiminin tətbiqi İrana gedən iş adamlarının fəaliyyətinə mane olmayacaq:

«İndi hamı İrana gedir. Əsasən də bizim qadınlar. Allah bunları saxlasın. Evdə-eşikdə tapılmırlar, bütün günü İrandadırlar. İndi də gömrük bunları bir az sıxışdırıb. 10 kilodan artıq yük gətirməyə imkan vermir. Ona görə heç bunların İrana getməsinin mənası yoxdur. Əlbəttə ki, viza rejimi bərpa olunsa, hər şey qaydasına düşər. Hər kəs öz işi ilə məşğul olar. Gedib əkər, becərər, dolana, yaşaya bilər. Bu iş dalınca gedib gələnlər üçün problem yaratmayacaq. Viza 2 ildir ləğv olunub. İş adamı 20 il gedib gəlib öz işini görürdü. Amma viza ləğv olunandan sonra bilməyənlər də gedib bilənlərin işinə mane olur».

Rafiq Kərimov deyir ki, Azərbaycanda göyərtinin dəstəsi bahadır. Onun deməsinə görə, dünənədək əkinlə, biçinlə məşğul olan azərbaycanlı indi gedib İranda 1 manata 1 kilodan artıq göyərti alır, gətirib onu xırda dəstələrə ayırıb satır, sonra da başını qoyub yatır.
Tarif Əliyev
Tarif Əliyev
Rafiq Kərimovun fikrincə, bu səbəbdən torpağı əkən yoxdur.

«ELƏ AİLƏLƏR VAR Kİ, BİR AYLIQ ƏRZAĞINI GEDİB İRANDAN ALIRDI»

Astarada müəllim işləyən Tarif Əliyev isə viza rejiminin yenidən tətbiqinin sadə azərbaycanlılara ziyanı olacağını deyir:

«Azərbaycan əhalisi, əsasən də sərhəd bölgələrdə yaşayan camaat vizasız rejimdən daha çox yararlanırdı. Özü də təkcə bizneslə məşğul olanlar yox, həm də adi vətəndaşlar, həkim, müəllim, fərq etməz, hər kəs, gedib ərzağını İrandan alıb gətirirdi... Elə ailələr var ki, biraylıq ərzağını gedib İrandan alırdı. Yəni, İranda müəyyən qədər ucuzluqdur. Ona görə də, viza rejimin bərpası buradakı yaşayışa təsir edəcək».

Tarif Əliyev bildirir ki, hazırda Astarada kənd təsərrüfatında işləmək üçün nə stimul var, nə də əkdiyin məhsulu satmaq üçün bazar. Elə adam var ki, məhsulu əkir, qalır əlində. Onun deməsinə görə, elə bu səbəbdən adamlar İranla biznes qurmağa daha çox üstünlük verirlər.

«ÇƏPƏR ÇƏKMƏ SİYASƏTİ…»

Rasim Musabəyov
Rasim Musabəyov
Deputat, politoloq Rasim Musabəyov isə düşünmür ki, İranın bu addımı atması yalnız avqustda Tehranda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının sammiti ilə əlaqədardır. Politoloqun fikrincə, Tehranın Azərbaycana qarşı viza rejimini yenidən tətbiq etməsi sovetlər zamanında iki ölkə arasında olan çəpər çəkmə siyasətini yenidən davam etdirmək məqsədi güdür:

«Əvvəllər sovetlər arada çəpər çəkmişdilər, indi də hiss olunur ki, bunlar çəpər çəkmək düşüncəsindədirlər. Onların gəlib burada at oynatmalarının qarşısı alınıb. Onlara burada əl-ol açmağa imkan verilmir, din pərdəsi altında burada Azərbaycanın müstəqilliyinin, dünyəviliyinin əleyhinə fəaliyyətləri məhdudlaşdırılıb. Buna görə onlar da Azərbaycandan gedənlərin qarşısını almaq istəyirlər».

Rasim Musabəyov rəsmi Tehranın avqustun 5-dən bərpa olunacaq viza rejiminin müddətini sonradan uzadacağını da istisna etmir.

2010 cu il fevralın 1-dən İran İslam Respublikası birtərəfli qaydada Azərbaycanla viza rejimini aradan qaldırıb. Bu ölkənin Nazirlər Kabinetinin verdiyi qərara əsasən, azərbaycanlılar həmin tarixdən İrana vizasız getmək hüququ əldə etmişdilər.
XS
SM
MD
LG