Bu xəstəlik hərəni bir yaşda yaxalayır - kimini uşaqlığının, kimini də gəncliyinin astanasında. Sona Xəlilova 18 yaşına yetişər-yetişməz bəlli olub ki, o, cüzam xəstəliyinə yoluxub. Bununla da Sona ailəsindən ayrılmaq məcburiyyətinə düşür və özü kimi cüzamlılarla eyni sığınacağı paylaşmağa başlayır.
İndi Sona Xəlilovanın 80 yaşı var. O, 62 ildir ki, cəmiyyətdən, yaxınlarından təcrid olunmuş şəraitdə yaşayır. Bir tərəfdən ahıllıq, digər tərəfdən də xəstəliyin təsirilə gözləri, qulaqları zəifləyib, ayaqlarında ağrılar çoxalıb. Halbuki gəncliyində toxuma, tikmə kimi işlərlə keçirərmiş günlərini...
XƏSTƏXANADA MƏHƏBBƏT VƏ ...
Sona Xəlilova Respublika Cüzam Xəstəxanasına pasient kimi gəlsə də, burda həm də öz yarısını tapıb, ailə qurub. Həyat yoldaşı illər əvvəl vəfat edib. İndi qapalı xəstəxanada bir rəfiqəsi qalıb, həyatda isə heç kəsi:
«Hamı ölüb. Bacılarımın biri ölüb, qardaşlarımın ikisi ölüb. Qardaşımın arvadı ölüb. İndi yoxdu. Gəlinimiz həmişə gəlirdi yanıma. Day kim gəlsin? Məni tapşırıb bir dənə oğluna. Oğlu da arada gəlir bura. Deyirəm gəlmə bura. Haçan deyərəm, onda gələrsən. Noyabrın 11-də mənim anadan olan günümdü, deyib onda gələcəm yanına».
Qonşu palatada Gülnaz xanım və həyat yoldaşı Nazim yaşayırlar. Onlar da bir-birini burda tapıb evləniblər. Gülnazın xəstəliyi barədə 15 yaşında xəbər tutan ailəsi onu qapalı müəssisəyə yerləşdirmək qərarı verir. 72 yaşlı cüzamlı üçün bura gəldiyi ilk günlər elə də asan keçməyib:
«Götürdülər gəldilər. Nə bilim. Ailə qaldı, biz gəldik. Çox darıxdım. Sonra öyrəşdim. Uşaq idim də».
YANDIRMAQ QORXUSU
Həyat yoldaşı Nazim Məlikovun cüzam tarixçəsi bir qədər fərqlidir. Atasız-anasız böyüyən Nazimin dayısı bu xəstəliklə barışmayıb, onu bir müddət müalicə müəssisəsinə yerləşdirməyib:
- «Maşın gətirdilər məni dezinfeksiya eləməyə. Dedilər bu pis xəstəlikdir. Dedilər bunları yandırırlar, bir də dənizin ortasında saxlayırlar. Qabağıma bir qırıq qabda yemək qoyurdular ki, birdən uşağa keçər. Dayım dedi bu keçən şey deyil, gəl mənim yanıma. Dayımla bərabər getdim yatdım, onunla bərabər bir qabda yedim. Dayım dedi ki, «Ermənikənddə» bunun xəstəxanası var, niyə yandırırlar? Məni gətirdilər oraya».
- Sizə kim demişdi yandırmaq lazımdı?
- «Abbas doxtur demişdi, dedi bunları yandırırlar, ya da dəniz adasında saxlayırlar, bunlara icazə yoxdur eşiyə çıxmağa».
CÜZAM YOXA ÇIXMAQDADIR
Respublika Cüzam Xəstəxanasında hazırda 14 xəstə yerləşib. Burda onların mətbəxi, hamamı, bərbəri, qulluqçusu, əczaçısı və digər sosial işçiləri var. Azərbaycanda Cüzam Xəstəxanasının sakinləri əsasən yaşlı nəslin nümayəndələridir. Bura sonuncu xəstə 1993-cü ildə aşkar edilərək gətirilib.
Xəstəxanasının baş həkimi Vidadi Əliyev deyir ki, bu o deməkdir ki, xəstəlik artıq MDB məkanından silinməkdədir. O, bunu xəstəliyə qarşı Sovet səhiyyəsinin yanaşması – izolyasiya sistemi ilə əlaqələndirir.
GÖZDƏN UZAQ, KÖNÜLDƏN İRAQ XƏSTƏXANA
Xəstəxana Umbakı qəsəbəsinin içində ayrıca qəsəbə kimi salınıb. Bura Bakının mərkəzindən gəlmək üçün azı 4 saat vaxt ayırmalısan. Təpələrin, cadar-cadar olmuş düzənliklərin arxasında yerləşən Umbakı yolları sonuncu dəfə 2008-ci ildə təmir edilib. Amma indi elə vəziyyətdədir ki, hər gün bura işə gələn həkimlər üçün əzaba çevrilib.
Cüzam infeksion, eyni zamanda sosial xəstəlikdir, qida azlığı, anti-sanitariya şəraiti buna gətirib çıxarır.
Bu xəstəliyin sağalması mümkün olmasa da, onun ətrafdakılara yoluxmasının qarşısını almaq mümkündür. Sümükdə ərimə, aperatsiya, əzələ qrupunun tədricən nazikləşib yox olması, görmə qabiliyyətinin itirilməsi, daxili orqanlarda müəyyən dəyişikliklərin əmələ gəlməsi cüzamın əlamətləridir. Cüzama tutulan şəxslər öz görünüşünü də get-gedə itirir.
Vidadi Əliyev deyir ki, xəstəliyi yüngül daşıyanlar burda deyil, dispanser nəzarətindədirlər:
«Təmasda olduğunuz xəstələr müalicə olunmuş, müalicə kursunu bitirmiş xəstələrdir. Necə ki, vərəmli xəstələr müəyyən müddət müalicə kursu keçdikdən sonra onlarla təmasda olmaq, cəmiyyətdə olmaq, ailədə yaşamağa icazə verildiyi kimi bunlara da ailəsi ilə, kənardakı şəxslərlə təmasa icazə verilir. Amma bir şərtlə ki onlar iaşə müəssisələrdə işləyə bilməzlər».
«ÇƏTİNLİYİMİZ YOXDU, QƏRİBLİYİMİZ VAR»
Xəstə cüzama tutulmağı barədə iş-işdən keçəndən sonra xəbər tutur. Məsələn, Səmayə Mahmudova ailə qurub, 2 uşaq dünyaya gətirib və 24 yaşında bilib ki, o cüzamlıdır. Ona qulluq etmək üçün qızı da xəstəxanaya yerləşsə də, 79 yaşlı cüzamlı ailədən uzaq yaşamaqla barışa bilmir:
«Bu cür dolanışıq var burda. Həyət-baca belə. Amma yenə də... Nə danışırsan, külfət ayrı şeydi, ailə ayrı şeydi, başına dönüm. Çətinliyimiz yoxdu burda, amma bircə qəribliyimiz var».
QEYD: Pasientlərin istəyi ilə görüntüləri yayımlanmır, ad və soyadlar şərti verilib.