Keçid linkləri

2024, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:25

«Freedom House» Azərbaycanda məlumatların izlənməsini araşdırıb


Foto: Arxiv
Foto: Arxiv
-
«Freedom House» beynəlxalq insan haqları təşkilatı ABŞ Yayım Şurasının dəstəyi ilə insan azadlıqları sahəsində ciddi problemlər olan 12 ölkədə internetin və mobil rabitənin vəziyyəti haqqında hesabat hazırlayıb. Araşdırmaya Azərbaycan, Belarus, Çin, Misir, İran, Liviya, Oman, Səudiyyə Ərəbistanı, Suriya, Tunis, Özbəkistan, Vyetnam cəlb edilib.

Sənədin Azərbaycana aid olan hissəsində qeyd edilir ki, bu ölkədə mobil telefonlar olduqca sürətlə yayılıb. Ölkə əhalisinin 99 faizinin mobil telefonu var.
TELEKOMMUNİKASİYA BAZARI

Sənəd müəllifləri hesab edirlər ki, 9 milyondan çox əhalisi olan Azərbaycanda mobil rabitə bazarı orta ölçülü sayıla bilər. Hazırda ölkədə 3 mobil rabitə operatoru fəaliyyət göstərir.

Bəzi istifadəçilər hökumətin internetdə yayılan materialların məzmununa nəzarətini hiss etdiklərini, amma bunun ciddi təsirinin olmadığını bildirirlər. Bunu nəzərə almasaq, ümumilikdə bazar yarı-hökumət, yarı-özəl şirkətlər arasında rəqabətlilik əsasında fəaliyyət göstərir.

Azərbaycanda telekommunikasiya bazarına girmək üçün hökumət ciddi qaydalar tətbiq edir. Amma bu bazarda yayılan materialların məzmununa çox az müdaxilə edir.
Ölkədə fəaliyyət göstərən 3 mobil rabitə operatorundan ən böyüyü «Azercell»dir. «Bakcell» Azərbaycanda ilk mobil rabitə operatorudur. «Nar Mobile» (Azerfone) isə ilk dəfə 3G lisenziyası alıb.

«Azercell» də 3G lisenziyası alıb. Bu şirkət 2011-ci ildə iki universitet – Naxçıvan Dövlət Universiteti və Qafqaz Universiteti tələbələri arasında 4G texnologiyalarını sınaqdan keçirib.

Hər 3 mobil rabitə operatoru özəldir. «Azerfone»un prezident İlham Əliyevin ailəsinə məxsus olması barədə məlumatlar var. «Azercell»in əsas sahibləri isə İsveç və Finlandiya şirkəti olan «TelaSonera»dır.

Dövlət telekommunikasiya şirkəti olan «Aztelekom» da mobil rabitədə paya sahibdir.
İNTERNETƏ ÇIXIŞ

Hesabatın hazırlanması üçün rəyi soruşulanların 74 %-i mobil telefondan internetə çıxış üçün istifadə etdiyini bildirib. Onların yarısı internetə WiFi-la, 18%-i isə mobil operatordan müəyyən həcmdə internet trafiki almaqla qoşulur. Onlardan 17%-nin mobil telefondan internetə daimi çıxışı var.

Ölkə üzrə hələ də internetə «dial-up» yoluyla çıxanların sayı çoxdur. Amma getdikcə daha çox Azərbaycan vətəndaşı genişzolaqlı internet xidməti əldə edir.
SENZURA VƏ ƏNGƏLLƏR

Hesabatda deyilir ki, 2012-ci ilin yanvarında Nazirlər Kabineti ölkəyə gətirilən hər bir mobil telefonun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində qeydiyyatdan keçirilməsi barədə qaydalar tətbiq etdi. Yeni qaydalara görə, Azərbaycandakı xarici ölkə vətəndaşları da öz mobil telefonlarını qeydiyyatdan keçirməlidirlər. Çünki onsuz da qeydiyyatsız telefonlara xidmət edilməyəcək.

Bu ilin yanvarında həmçinin yerli media Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində Milli İnformasiya Təhlükəsizliyi Mərkəzinin yaradılması planları haqqında məlumat yayıb. Xəbərə görə, həmin mərkəz ölkədə bütün informasiya texnologiyaları infrastrukturuna nəzarət etməli, təhlükələr barədə əvvəlcədən məlumat verməli, bu təhlükələrə qarşı tədbirlər görməlidir.

Azərbaycanda informasiya texnologiyaları ilə yayılan məlumatların izlənməsi və onların məhdudlaşdırılmasına dair çox az xəbərlər var.

Rəyi soruşulanların 5%-dən də azı hesab edir ki, ölkədə kommunikasiya vasitələri sistemli şəkildə izlənir, təhlil edilir.

Prezident İlham Əliyev 2011-ci il iyulun 13-də bildirib ki, Azərbaycanda internetə çıxışa heç bir məhdudiyyət yoxdur, çünki onun hökuməti ölkədə media azadlığını inkişaf etdirir.

Amma rəyi soruşulanların 20%-i hansısa internet səhifəsinə girişin bağlı olduğunu gördüyünü bildirib.
XS
SM
MD
LG