Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:35

Əkrəm Əylisli "Ətirşah Masan" (davamı - 6)


-

əvvəli

DÖRDÜNCÜ FƏSİL

XIX. "AY NİYƏ BATMIR?"


Bizim bu gerçək nağılın qələmə alınmasından hələ bir-iki ay əvvəl, çoxdan Bakıda yaşayan və kənddəki qoca ata-anasına baş çəkmək üçün arabir kəndə gəlib-gedən, bir vəzifəli dostum-atası Aslanı həbsxanadan buraxdırmaq üçün -Sürəyya Ətirşahın çoxdan bəri işə girişməyini mənə coşğun bir həvəslə xəbər verdi. (Onu da deyim ki, dostum sistem işçisiydi, bəzi hökumət dairələrilə mün-təzəm əlaqəsi vardı). Dostumun dediyinə görə, Sürəyya Milli Məclisin əfv komissiyasının özündən başlayaraq, məhkəməyə, prokurorluğa, hətta prezident aparatına da 3 ay ayaq döyüb, axır ki, Aslanın adını növbəti əfv fərmanına sal-' dıra bilmişdi. Ancaq, dostumun dediyinə görə, Aslanın bu məsələdən hələ ki, heç bir xəbəri yox idi. Onlar, ata-bala, hələ bir dəfə də üzbəsurət görüşməmiş-dilər və bunun yeganə səbəbi o idi ki, Aslan qızını görmək istəmirdi. Hətta, dos¬tumun dediyinə görə, Aslan Sürəyyanın həbsxanaya apardığı (ya göndərdiyi) xörəyi, siqareti, mer-meyvəni götürməkdən də birmərrə imtina eləyirdi.

Bundan bir müddət keçəndən sonra, bir gün dostum Bakıdan telefon açtb, bu dəfə yanıqlı-yanıqlı mənə bildirdi ki, adının əfv fərmanına düşməyi Aslanın qulağına çatıb və bunu eşidən kimi Aslan elə bir hala düşüb ki, onu təcili surət-də türmənin nəzdindəki xəstəxananın nevroloji şöbəsinə köçürüblər.

O gün dostum, telefonda, bundan şavayı heç nə demədi. Ancaq, Äslanın xasiyyətinə hələ lap uşaqlıqdan az-çox bələd olduğuma görə, mən özüm öz ağlım-la mülahizə eləyib, belə bir nəticəyə gəldim ki, bu işin axırı, çox güman ki, yaxşı qurtarmayacaq. O Aslan o türmədən, bəlkə də, sağ-salamat çıxmayacaq. Mənim mülahizəmə görə, əvvəla, Aslan bundan sonra azadlıqda yaşaya bilməzdi. Özü də, təkcə ona görə yox ki, Aslan 30 ildən bəri yaşadığı həbsxana həyatına artıq öyrəşmişdi. Bu işin daha qəliz tərəfi buydu ki, türmədə namus, qeyrət, ki-şilik və mərdlik naminə can çürütdüyünə bu 30 ildə Aslan, söz yox ki, həmişə inanmışdı. İndi isə onu o türmədən kim çıxarırdı? O adam çıxarırdı ki, onun bü-tün uğurları, Aslanın nəzərində, yalnız namussuzluq hesabına mümkün ola bilərdi. Ömrünün tən yarısını əsasən özü kimi adamların əhatəsində keçirən As-lanı Sürəyyamn öz əməyi, qabiliyyəti hesabına nəsə əldə etdiyinə heç kəs inan-dıra bilməzdi. Deməli, qızının deputatlığı sayəsində əfv edilib, azadlığa çıxmaq-la, ilk növbədə, Asian o həbsxanada 30 il namus-qeyrət üçün deyil, öz axmaqlığı ucbatından oturduğunu boynuna almış olurdu. Asian, bu sifətdə, kəndə qa-yıda bilməzdi. Bakıda isə - türmədə, ya azadlıqda yaşamağın, yəqin ki, ondan ötrü, elə bir ciddi fərqi ola bilməzdi... Ozünün əfv olunacağını bilən kimi Aslanın birdən-birə xəstəxanaya düşməyinin səbəbini mən o vaxt özüm üçün belə izah eləyirdim. Və sonrakı hadisələr göstərdi ki, mən öz mülahizələrimdə əsla yanılmamışam.

O ilin oktyabr ayının ortaları, havalar az-maz sərinləşəndə, Ətirşah Masan -ürəyində çoxdan bildiyi, ancaq, nədənsə, heç vaxt açıb-ağartmaq istəmədiyi bir məsələnin yavaş-yavaş gerçəkləşməyə başladığını gördü. Onda Ələddin evinin birinci mərtəbəsini, demək olar ki, tikib qurtarmışdı. Həyətinə, çay daşından, hündür hasar çəkdirmişdi. Və günlərin bir günü Ələddin, axşama xeyli qalmış, qapıdan kölgə kimi içəri girib, halsız-heysiz, həyətdəki taxtın üstünə səriləndə işin nə yerdə olduğunu Masan o saat başa düşdü: BU KƏNDİN KƏSAFƏTİ AXIR Kİ, ƏLƏDDİNI DƏ BASMIŞDI!..

Ələddinin kənddə çox da qərar tutmayacağını və gec-tez ruhdan düşüb, hət-ta başladığı tikilini yarımçıq qoyacağını da Ətirşah Masan, bu işin lap əvvəlindən yaxşı bilirdi. (Əgər Həbib kimi əzvayın, ölüvayın birisi əlinə bircə dəfə fürsət düşən kimi, sürüşüb, o saatca kənddən əkilirdisə, od kimi, alov kimi Ələddin bu kənddə axıracan necə qərar tuta bilərdü). Masan Aytəkini səslədi:
- Qaç çeşmədən sərin su gətir, əmoğlun əl-üzün yusun. - dedi və taxtın bir qırağında Ələddinin yanında oturdu. - Xeyir ola, nə tez gəlmisən?
Ələddin dirsəklənib, böyrü üstə uzandı.
- Fəhlələrlə haqq-hesabı çürütdüm. - dedi.
- Bəs deyirdin qışacan tikib qurtaracaqsan? Bəlkə pulun... - Masan: bəlkə pulun qurtarıb? - demək istəyirdi. Ancaq elə demədi. - Bəlkə pulun azalıb? - de¬di.
- Pul var. Pula nə gəlib? - Ələddin uzun-uzadı əsnədi. - Bir az yorulmuşam, bibi.kefsizləmişəm. Qoy qalsın, Allah qoysa, yazda qurtarram.
Masan ağır-ağır ayağa qalxdı.
- Bilirdim, - dedi. - Ürəyimə çoxdan dammışdı... Demək, bir evi də sən boş qoyub gedəcəksən... Dur, çörəyini ye, get evdə yat rahat-rahat. Hava sərindi. Burda soyuq dəyər sənə.
Ələddin şamdan sonra gedib yerinə uzandı. Ancaq nə qədəryatdığı bilinmə-di. Hələ heç Aytəkin də yerinə uzanmamış, Ələddin bozarıb-bürüşmüş bir hal-da eyvana çıxıb, gözünü göydəki Aya zillədi və az qala ağlaya-ağlaya: -Bu Ay niyə batmır, ay bibi! - dedi. - Mən buna baxmaqdan öldüm axı!..
Və onda Masan tam inandı ki, Ələddin bezib kənddən. Bildi ki, Ələddin də gedəcək və hələ qış düşməmiş onun buralarda heç izi-tozu da qalmayacaq.

O gecə Masanın da əhvalı birdən-birə yaman dəyişdi. Qardaşı oğlunun bu¬ralarda kiriş tutmayacağını bu işin lap əwəlindən bilsə də, Ələddinin - bircə gü-nün içində - necə deyərlər, bayrağını sallayıb, qanadı qırılmış quşa dönməyi Masanı hədsiz dərəcədə sarsıdıb bədbinləşdirdi. Üç-dörd ayın içində günbə-gün, saatbasaat isinişdiyi və qəlbinə hamıdan yaxın, hamıdan məhrəm bildiyi Ələddinin dərdi Masanın sanki belini qırdı.

XX. "HƏR ŞEYİ QOY, DALIMCA GƏL".

O gecə Ətirşah Masan, başını yastığa qoyar-qoymaz, elə bir mistik və simvolik yuxu gördü ki, o yuxunun təsirindən səhərəcən gözünü də yuma bilmədi.

Masanın yuxuda gördüyü - kəndin kənarındakı - həmin o çöl-biyaban idi. Ucaboy, saç-saqqalı qar kimi ağ, nurani bir vücud, ağappaq, dumduru ay işığın-da, həmin o çöl boyunca baş alıb üzü qibləyə san yol gedirdi: ya Adil müəllimin ruhuydu, ya da elə Allahın özüydü. Və üzü qibləyə sarı yol alıb gedən o nurani vücud (o Ruh, ya Allah) o çölün düzündə birdən-birə ayaq saxladı və dönüb geriyə baxdı: "HƏR ŞEYİ QOY, DALIMCA GƏL!" - Bu sözləri o Ruh (ya Allah) söz yox ki, Masana dedi. Özü də, on dörd-on beş yaşlı oğlan uşağının aydın və təmiz səsilə dedi və yenə qiblə səmtinə üz tutub, gedib-gedib, haradasa göyün ətəyində qeybə çəkildi. O səhər Ətirşah Masan həmişəki kimi sübh çağı yerindən qalxa bilmədi. Ələddinlə Aytəkin köməkləşib, çay qoydular, yemək hazırladılar. Ancaq Masan nə çay içdi, nə çörəyə əl vurdu. Dedi: məni həyətə çıxarın, evdə ürəyim sıxılır.

Və Ələddin onun yorğan-döşəyini həyətə çıxanb, ətirşahların arasındakı tax-tin üstündə Masana yer düzəltdi. Ələddinin köməyilə Masan gedib təzəyerində uzandı və günortadan da xeyli sonrayacan, körpə uşaq kimi, mışıl-mışıl yatıb, sonra, olduqca xoş bir ovqatda yuxudan ayıldı. Və (Allahın işinə bax ki!) Aslan-dan xəbər gətirən o uşaq da, darvazanın qapısı ağzında, elə bu vaxt göründü -kəndin icra nümayəndəsinin oğluydu:
-Masan nənə, Ələddin dayı, atam deyir ki, Aslan əmi türmədə naxoşlayıb. Sabah Sürəyya məllim Aslan əmini Bakıdan kəndə gətirəcək.
Kəndin icra nümayəndəsinin oğlu bu sözləri biməfəsə deyib, heç birdəqiqə də ayaq saxlamadan, qaçaraq çıxıb getdi... "Naxoşlamaq" ədəb xatirinə deyilmiş quruca söz idi - bunu dərk etməkdən ötrü heç bir kənd adamına əlahiddə ağıl lazım deyildi.
- ASLAN DA ÖLƏRMIŞ. A DÜNYA! - Ələddin. ikiəlli, başını qamarlayıb, Ma-sanın uzandığı taxtın qabağmda öizi üstdə yerə gəldi.

Ətirşah Masandan səs çıxmırdı. Elə bil nə gözü dünyanı görürdü, nə qulağı, bu dünyada, hər hansı birsəs eşidirdi. Sonra Əfəddin bibisinin gözlərindən sel kimi yaş axdığını gördü.

-Halal olsun, Sülü! – Elə bil ki, Masan səhnədə şer deyirdi. -Haqqım-sayım sənə halal olsun! Sənin atan bu dünyada yaşamağa yer tapmadı. İndi, bilirəm ki, ban öləndən sonra onun da Allahın altında yeri-yurdu olacaq. Atan palçıq xəndəklərdə kəfənsiz, başdaşısız çürüməyəcək. - Masan yerindən qalxmağa cəhd elədi. Ancaq qalxa biimədi. Birtəhər böyrü üstə çevrilib, yastığa dirsəklən-di. - İndi mən rahatam, Ələddin, mən bu sahat çox rahatam... Yuxumu görmüşdüm. Bu gecə məni çağırmışdılar. O nə səs idi, Allah! Mən heç vaxt elə səs eşit-məmişdim...

Masanın birdən-birə səsi kəsildi. Dodaqları yenə tərpənirdi, ancaq səsi çıx-mırdı, elə bil olan-qalan gücünü indicə sərf eləyib qurtarmışdı. Masan dünyadan gedirdi. Onun gözlərinin içində ölümün amansız kölgəsi gəzirdi. Və Aytəkinin eyvanda, divarın dibinə qısılıb, için-için ağlamağı da Masanın bu dünyadan get-məyindən xəbər verirdi.

Ətirşah Masan kənddə, hamının nəzərində, əsil Allah adamıydı və onun Allah adamı kimi də dünyadan köçməyi heç kəsə təəccüblü görünmürdü. Ancaq, ertəsi gün, iki yasın biri-birinə qarışdığı matəm mərasimində - Masanın necə öl-məyindən danışa-danışa - özünün də hədsiz heyrətini gizlədə bilməyən Ələddi-nin dediklərinin hamısına hamı eyni dərəcədə inanrnırdı. Məsələn, Ələddinin dediyinə görə, axşam - ölənə yaxın Masan Aytəkini çeşməyə göndərmişdi və qızın gətirdiyi sərin su ilə üzünü, boyun-boğazını və dirsəkdən aşağı - qollarını da təmiz-təmiz yumuşdu. Guyayuyunandan sonra Masan biryekə təndir lavaşının yarıdan çoxunu üzüm doşabına batırıb, iştahla yemişdi və üstəlik, o yeməkdən sonra Masan hətta 10-15 dəqiqə rahatca yatmışdı da...

" - Məni al qucağına. Mən kişi qucağında ölmək istəyirəm".
" - Aldım qucağıma, gözüm kəlləmə çıxdı".-Söhbətin bu yerində Ələddinin içindən elə bil od-alov püskürürdü, gözləri ocaq kimi alışıb yanırdı. - "Qorxdum, and olsun Allaha! Elə bil qucağımda tutduğum adam deyildi, bir kilo pambığıydı, ya nəydi, vapşe ves yoxudu arvadda. Heç bilmədim, qucağımnan necə qoydum yerə. Bir də, baxıb gördüm ki, day nəfəsi gəlmir".

Ələddinin kişi məclisində, çadırın içində dediyi bu sözləri eşitmək üçün həyətdə, çadırın çöl tərəfində, cecim-palaz üstdə komalaşıb oturmuş arvadlar da hərdən haray-həşirə ara verib, kişi məclisinə qulaq kəsilirdilər. Ancaq kəndin arvadlarını, bəlkə bundan da çox, Sürəyyanın boy-buxunu, geyim-kecimi, oturuşu-duruşu maraqlandırırdı. Bir vaxt bu kənddən Bakıya gedən arıq, qarayanız, davakar-dəlixay Sülünün yerinə indi Bakıdan sanki büsbütün başqa bir adam qayıtmışdı/Başına, tül kimi nazik, qara yaylıq bağlamış, əyninə təptəzə qara kostyum, ayağına, eynən o kostyumun rəngində, uzunboğaz, dikdaban çəkmə geymiş Sürəyyanın indiki yerişi də elə bil ceyran yerişiydi. Məktəbin yuxarı siniflərində oxuyan ərlik qızlar da və hələ heç məktəbə getməyən 5-6 yaşlı xırda-ca qızcığazlar da gözlərini Sürəyyadan çəkə bilmirdilər. Kəndin ağbirçəyi, qara-birçəyi bir könüldən min könülə Sürəyyaya aşiq olmuşdu.

Belə yası bu kənd heç vaxt görməmişdi. Masanın ətirşahlarının xeyrini gör-müş insanlar ən uzaq dağ kəndlərindən də axışıb dəstə-dəstə yasa gəlirdi. Sürəyyanın deputat yoldaşlarının və rayonun, mahalın vəzifəli adamlarının da, bü-tün günü, Ətirşah Masanın həyətindən ayağı kəsilmirdi.

Həbib yasın ancaq 7-ci günü gəlib çıxdı. Dedi ki, Şəmkirdə, ya hardasa uzaq yerdə komandirovkadaymış, bu işdən gec xəbər tutub və buna görə də yasa gec gəlib. Özü də tək gəlmişdi, Süsənbəri gətirməmişdi. Və Həbib heç, bir gecə də kənddə qalmadı. Sürəyyanı da bəlkə uzaqdan-uzağa ya gördü, ya görmədi. Ca-maat qəbir üstündən qayıdandan sonra Həbib ehsana da oturmadı. Aytəkini gö-türüb xəlvətcə aradan çıxdı. Həbibin nə vaxt çıxıb getməyindən heç kəsin xəbəri olmadı.

Kəndimizin yaddaşında həmişəlik qalacaq və nəsildən nəslə keçib, nağıla-əfsanəyə dönəcək o yas marasiminin yeddinci günü, Masanın, Aslanın ruhuna son dəfə fatihə verib, hələ qaranlıq düşməmiş yası xətm elədilər. (Əslində, o yeddi, tək Ətirşah Masanın yeddisiydi. Asian, türmə xəstəxanasında, beyninə qan sızmadan iflic olub, nisgilli, nataraz ömrünü Masanın vəfatından 2 gün əv-vəl Allaha tapşırmışdı. Ancaq, mollanın dediyinə görə, Aslanın ölüm tarixini elə dəfn edildiyi gündən də hesablamaq olardı).

XXI. SÖZLÜ PAYIZ AXŞAMI

Mərasim bitəndən sonra, rayon mərkəzindən gətirilmiş çadırı və oturacaq əşyasını maşına doldurub, yiyəsinə qaytardılar. Kənd bələdiyyəsinin mülkiyyəti sayılan iki böyük samovarı və bir xeyli qab-qaşığı əlbəəl yuyub-yığışdırıb, yer-bəyer elədilər. Axşamçağı həyət tamam boşaldı. Ələddin də kəndin kişilərinə qoşulub, harasa getdi. Və neçə gündən bəri bir saat da rahatlıq, asudəlik bilmə-yən Sürəyya, nəhayət, paltarını dəyişib, həyətdə - ətirşahların arasında gəzinməyə başladı.

Payız idi. Üzü qışa gedirdi. Xəfif soyuq külək yarpağını hələ yayda tökmüş cəviz ağaclarının çılpaq budaqlarını aram-aram yellədirdi.

Ağappaq qovun diliminə bənzəyən 4-5 günlük Ay masmavi göy üzündən bu dünyaya soyuq-soyuq tamaşa eləyirdi... Sapsarı tut ağacları, yarpağı sarıdan çox qırmızımtıl - çəhrayı rəngə çalan saysız-hesabsız ərik ağacları, al-əlvan şaftalılar, gilaslar, gilənarlar... Bu dünyada indi hər şey payızınkı idi. Köçəri, gəldi-gedər payız təkcə Masanın ətirşahları ilə dil tapıb, sözü bir yerə qoya bilməmiş-di. Ətirşahların dəyişməz dünyasında, həmişəki kimi, yenə yaz idi. Gül-çiçəkdən yaz-qış bar gətirən bu saysız-hesabsız gül ağacları, kim bilir, bəlkə də Masanın şerləriydi. Bu şerlər bundan sonra kimə lazım olacaqdı?.. Bəlkə Sürəyya elə indi, lap bu saat qonşulara xəbər eləyəydi: bu gülləri, kim istəyir, üç-üç, beş-beş gəlib daşıyıb aparaydı. Və Sürəyya, elə bunuca fikirləşdiyi yerdə, Ələddin küçə qapısından içəri girdi.
- Gəldin, dayoğlu? - Sürəyya Ələddinin gəlməyinə bərk sevindi. - Bu ətir-şahların dərdi məni yaman götürüb, dayoğlu. Bunları neyniyək, dayoğlu, bəlkə qonşulara paylayaq?
Sürəyyanın səsindəki gözləmədiyi doğmalıq Ələddini təəccübləndirdi.

"Dayoğlu, dayoğlu..." - zalımın qızı "dayoğlu" sözünü (kəndsayağı) elə də şi-rin-şirin deyirdi ki, elə bil bu adam o televizorda-Zeynəb Xanlarovadan bir ad-dim o tərəfdə - üz-gözünü turşudub, erkək pişik kimi, tox-tox oturan "şair-depu-tat" SÜRƏYYA ƏTIRŞAH deyildi, ömründə Bakı üzü görməyən adicə kənd qı-zıydı.

-Yooox! - Ələddin uzaqdan-uzağa dilləndi. Sonra Sürəyyaya yaxınlaşıb, fi-kirli-fikirli əlavə elədi: - Bibimin vəsiyyəti var. Öləndə mənə tapşırıb ki, ətirşah-ları heç kəs aparmasın bu həyətdən. Dedi ki, qonşulardan, kim istəsə, qoy gal-sin ətirşahlara elə burda qulluq eləsin.

Ancaq Ələddin, məlum məsələdir ki, Masanın sözlərini olduğu kimi demirdi. Əslində, Ətirşah Masan belə demişdi: "Ətirşahlarımı Allaha tapşırıram. Onların xeyrin görmək istəyən qoy gəlsin güllərimə burda qulluq eləsin. Tək-tək daşıyıb aparsalar, bilsinlər ki.xeyir görməyəcəklər. Ölüm Allahın əmridi. Ancaq heç kəs elə bilməsin ki, man day gəlməyəcəyəm bu-evə. Hər gün gəlib ətirşahlarıma baş çəkəcəyəm. O güllərin başına bir ağ kəpənək gəlib dolananda, qoy harm bilsin ki, o ağ kəpənək mənəm".

İçi göz yaşı ilə dolu qəhərli bir sükut... Sonra Sürəyya ağlayırdı. Və yaşının ilk gəlinlik çağını çoxdan ötürmüş ucaboy, incəbel, uzunsifət, qarabuğdayı Sü-rəyyanın qonur, badamı gözlərinə ağlamaq çox yaraşırdı.

Masanın ətirşahlarına, Sürəyyanın yaşlı gözlərinə, göydəki (qovun dilimi boyda) solğun Ay parçasına və uca, qəddi-qamətli cəviz ağaclarının, xəfifcə yellənə-yellənə, ürəyi qəm-qüssəylə dolduran bom-boz, çılpaq budaqlarına tamaşa eləyə-eləyə Ələddini də birdən-birə qəhər boğdu. İndicə, Sürəyyanın yanında hönkürüb ağlaya biləcəyindən Ələddin yaman qorxdu. Sürəyyadan uzaqlaşa-uzaqlaşa səsindəki qəhəri boğazında birtəhər əridib:

-Mən kəndə çıxıram.- dedi.-Bir azdan qayıdacağam... gedib bir nəfərə bir söz deməliyəm.

Ancaq söz demək bəhanə idi. Məsələ burasındaydı ki, son dəfə nə zaman ağladığını çoxdan unutmuş Ələddinin də indi ağlamağı gəlirdi. Dəmir kimi Ələddinə nə olmuşdu görəsən?.. Bibisinin ölümündən sonra bu kənd Ələddinin nəzərində bəlkə bir az da kiçilib balacalaşmışdı, miskinləşib mənasızlaşmışdı?

Bəlkə bir vaxt yaxşı tanıdığı Aslanın nisgilli, nakam ölümü, 7 günlük yasdan sonra, Ələddinə elə bu axşam, hələ indi-indi təsir eləməyə başlamışdı. Bir gün burdan çıxıb gedəcəyini hələ Masanın ölməyindən əvvəl qət eləmiş Ələddin bəlkə özünün bundan sonrakı dumanlı taleyinə ağlamaq istəyirdi. Axı, cəmi 4-5 ay əvvəl bu kənd Ələddin üçün son ümid yeri idi. Bu kənddə özünə cah-cəlallı ev tikmək üçün Ələddin, min cür risqə gedib, illər boyu pul toplamışdı. Ələddin Moskvanın ceyran kimi qızları ilə çox gəzib, kef eləmişdi, ancaq o qızların hər hansı birilə evlənmək barəsində heç vaxt fikirləşməmişdi. Elə bu kəndə də Ələddin ondan ötrü gəlmişdi ki, öz kəndindən, öz millətindən qız alıb, gec də olsa, özü-nə ailə qursun, övlad-uşaq sahibi olsun. Allahın özü şahid idi ki, Ələddin bu kəndə hansı ürəklə, hansı arzularla gəlmişdi. Elə bilirdi ki, indi (kolxoz dağılan-dan sonra) burda da bir iş görmək olar, camaatı qəflət yuxusundan oyadıb, bu' kənddə iş qurub, adam kimi yaşamaq olar. Ancaq bunun əvəzində burda nə gördü Ələddin?.. Gördü ki, bu kəndin adamında nə deyib-gülməyə ürək qalıb, nə bir ciddi iş görməyə həvəs qalıb. Kimisi - qarnının hayında, kimisi-cibinin hayında. Xəbislik, paxıllıq, tamahgirlik... Adamların bir sözü o biri sözülə heç vaxt düz gəlmirdi. Heç kəs heç kəsin evində çörək görmək istəmirdi. İnsanlar-da bir zərrə rəhm, mərhəmət də qalmamışdı. Ata övlada, qardaş qardaşa qənim kəsilmişdi. Bir qarın çörəyə, yüz qram arağa adamlar biri-birini satmağa hər vaxt hazır idilər...

Bəlkə bu kənd həmişə belə olmuşdu. Ancaq uşaqlığın, cavanlığın gur işığın-da burda hər şey Ələddinin gözünə başqa cür görünmüşdü?.. Bunü, son 3-4 həftənin içində, Ələddin hər gün, hər saat fikirləşmişdi. Və indi bəlkə Ələddin o işıqlı uşaqlıq, cavanlıq çağlarının bir də qayıtmayacağını bildiyinə görə ağlamaq istəyirdi?..

XXII. KİŞİ QUCAĞI

Ələddin evə qayıdanda Sürəyyanın əhvalı tamam dəyişmişdi. Eyvanda gəzinə-gəzinə ürəyində, deyəsən, asta-asta mahnı oxuyurdu... Eyvandakı stolun üs-tünə, Ətirşah Masanın bol ehtiyatından, xeyli azuqə düzülmüşdü: kərə yağı, motal pendiri, çaşır, kəbər, xiyar, pomidor, badımcan turşusu. Alana, sucuq, qoz-fındıq ləpəsi.., Sürəyya samovar salmışdı, lavaş sulamışdı. İndi tok pilətəsində qovurma taskababı bişirirdi. Və Sürəyya buğlanan qaynar taskababı da gətirib süfrəyə qoydu.
- Yeyək-içək, sonra baxarıq. - Cingiltiii şən səslə Sülü, sehrli-müəmmalı bir şəkildə, Ələddinə qaş-göz oynatdı.
Sürəyyanın müəmmalı ədalarından nəsə bir anlaşılmaz narahatlıq duyan Ələddin, yəqin ki, söhbətin mövzusunu qəsdən dəyişdi:
- Bakıya nə vaxt gedirsən?
Ələddinin bu sualından Sülünün gözlərinin gur işığı elə bil göz-görə xeyli azaldı.
- Deyirsən tez gedim?
- Yox, niyə ki? Qalmalısan, qal. - Ələddin Sürəyyanın üzünə baxmadan, ürə-yində nəyisə götür-qoy eləyib: - Mən istiyirəm sabah gedim.-dedi. Və bu sözlə-ri deyə-deyə, eyni vaxtda, Ələddin Masanın qüssəli-qəhərli, titrək səsini eşitdi: "DEMƏK, BİR EVİ DƏ SƏN BOŞ QOYUB GEDƏCƏKSƏN!"
-Bəs evin nə olacaq?.. Evi başına qoyacaqsan? - Ələddinin birdən-birə də-yişib, daha da ciddiləşmiş zəhmli gözlərinə baxa-baxa Sürəyya ehtiyatla soruşdu.
-Bunu sən də bilirsən?

- Nəyi?
-Mənim burda ev tikməyimi.
-Deyirsən, onu da bilməyim? -Yenə Sürəyya qaş-göz eləyə-eləyə dedi. -Mən hər şeyi bilirəm, Ələddin... Çoban Əlmərdanın qızı Gülçöhrəyə yolda söz atmısan. Yazıq qız qorxusundan bir ay evdən-eşiyə çıxmayıb. 0 Gülçöhrə yəni elə gözəldi, Ələddin? - Sürəyya ayağa durub, çiyinlərini oynada-oynada eyvan-da gəzinməyə başladı.
Ələddin uzun müddət dinmədi. Sürəyya samovardan çay süzüb, Ələddinin qabağına qoydu.
- Nə yaman fikrə getdin! -dedi.- Nə fikirləşirsən, Ələddin?
- Fikirləşirəm ki, görəsən bibim Aslanla tapışdı o dünyada?.. - Ələddin gö-zucu Sülüyə baxıb, sonra öz-özünə gülümsədi. - De görüm, tapışdı, ya tapışma-dı?.. Yenə sən yaxşı bilərsən. Çünki deputatsan, böyük-böyük adamlarnan otu-rub-durursan.
- Axı, biz o dünyanın işlərinə qarışmırıq, Ələddin. Bizimki - bu dünyanın iş-ləridi. - Sürəyya nazlana-nazlana dedi:

- Əgər siz bu dünyanın işlərinə qarışmasaz, sənbilən, necə olar, Sülü? Bu dünya bundan yaxşı olar, yoxsa pis olar? -Ələddinin gözləri get-gedə daha da alışırdı.
-Yəqin pis olar ki, yaxşı olmaz. -Sürəyya gülə-gülə dedi.
Ancaq Ələddin gülmək hayında deyildi. Ələddin bulud kimi dolmuşdu.

-Axı bu, gözübağlıca oyunu qınr bu milləti, Sülü!.. Bu, yarınmaq-yaltaqlan-maq dərsini kim verdi bu millətə? Axı, sürünür bu millət. Bu millətdə sifət-zad qalmayıb axı!..
Ələddinin belə odlu-odlu siyasətdən danışmağı Sürəyyaya həddən ziyadə qəribə gəlirdi. Ancaq Sürəyya sevinirdi. İstəyirdi ki, Ələddin danışsın, başını aşağı salıb, stolun qırağında dinməz-söyləməz oturmasın. Ələddinin nə barədə danışmağı Sürəyyanı bir o qədər maraqlandırmırdı.

-Sən lap müxalifətçi olmusan ki! -Sürəyya zarafatla dedi. -Televizora çox baxırsan? .
-Gecələr hərdənbir baxmışam.
-Sən heç vaxt baxma televizora! - Sörəyya ehmalca və çox ehtiyatla Ələddi-nin saçına sığal çəkib, qab-qacağı stolun üstündən yığışdırmağa başladı. Ələddinin hələ də ürəyi soyumamışdı:
-Deyirsən: evin necə olacaq?.. Batacaq, batmayıb neynəyəcək... Qoy batsın, öz günahımdı.

-Yenə Moskvaya qayıtmaq istəyirsən? -Sürəyya doluxsunmuşdu. Ələddin Sürəyyanın sualına cavab vermədi.
-Deyirsən: hər işin bilirsən bu kəndin. Axı sən nəyin bilirsən bu kəndin? Bircə onu bilirsən ki, Ələddin çoban Əlmərdanın qızına söz atıb. Elə o Milli Məclisdə sənnən oturannar da bu xalqın barəsində sənnən artıq bir şey bilmir. Bu millətin dərd-sərindən danışmaq əvəzinə oturub bütün günü əsniyirsiz orda. Bircə ermənini söyəndə hamınız birdan qızışırsız, çünki ermənini söymək üçün indi kişilik-zad lazım deyil. Belə çıxır ki, bütün erməni xalqını gündə yüz dəfə söymək olar, ancaq bir müsəlman alçağına, bir dəfə də, bir kəlmə güldən artıq söz demək olmaz. Sürəyya:
- Ermənini boşla getsin! -dedi. -De görüm, Gülçöhrəyə söz atmısan, yoxsa atmamısan? -Sülünün göz-qaşını oynatmağı yenə yerində idi.
- Atmışam. - Ələddin uşaq kimi öyünə-öyünə dedi.
- Gəlsəydi, alardın Gülçöhrəni?
- O vaxt gəlsəydi, alardım.
- Bəs indi niyə almırsan?
- Dedim də: çıxıb gedəcəyəm.

Gözləri yaşla dolmuş Sürəyya üzünü yana çevirib, bir müddət səssizcə ağladı. Sonra dönüb, qürurlu-qətiyyətl bir görkəmdə, Ələddinlə üz-üzə cayandı.

- Bilirəm, dayoğlu,-dedi,- sən də bu fikirdəsən ki, mən Bakıda çox əməllərdən çıxmışam. Bu kənddə, elə Bakıda da mənim barəmdə çoxları belə fikirləşir. Ancaq, Ələddin, elə indi də mən haman Sürəyyayam. Burdan gedən Sülüəm, dayoğlu. Onu bil ki, Solmazın qızı olsam da, mən Aslan kimi kişinin belindən gəlmişəm!

Ələddin Sürəyyanın nə demək istədiyini yaxşı başa düşdü. Ancaq özünü o yerə qoymadı.
-Yenə bibim sağ olsaydı, bəlkə burda bir müddət də tab gətirmək olardı - dedi.- Hər gün o arvadm səsin eşidəndə bu dünyanın bütün əclaf işləri yadımdan çıxırdı, Sülü. Bundan sonra day nə qaldı ki, bu kənddə? Mənim yerimdə sən də olsaydın, çıxıb gedərdin. Burda, bundan sonra, heç, bir gün də qalmazdın.

Sürəyya birdən-birə cürətləndi elə bil. Ya da canını dişinə tutub, öz üzücü intizarına, nəhayət, son qoymağı lazım bildi.
-Qalardım! Sən mənə qal desəydin, lap susuz səhrada da sənnən yüz il qalardım. - Ələddinə bayaqdan bəri göz-qaşla qandırmaq istədiyini indi dililə deyəndən sonra Sürəyya toxdadı, sakitləşdi. - Man üşüyürəm, Ələddin! - dedi. -Dur, gedək televizora baxaq.

Ələddin televizora baxmağa getmədi. Gedib yerinə uzandı... Ələddinin yatdığı otağa bir azdan ətir iyi doldu. Sonra Ələddin pəncərənin qabağında durmuş Sürəyyanın badamı gözlərinin çəhrayı-qırmızımtıl işıq saçdığını gördü.
Sürəyya namnazik gecə köynəyində idi. O köynəyin altında Sürəyyanın, gıil-burun bostan qırasına bənzəyən, uzunsov döşləri görünürdü.
-Nənəm necə demişdi, Ələddin?.. "Mən kişi qucağında ölmək istəyirəm!"... Ələddin, məni də qucağına al da, nə olar. Axı mən də ölmək istəyirəm.
Gərək insanın canında bir zərrə kişi qanı olmayaydı ki, Sülünün o uzunsov döşlərini heç olmasa bircə dəfə öpüb-oxşamaqdan vaz keçə biləydi...

Ələddin çarpayıdan şıçrayıb, Sürəyyanı qucağına aldı. Üz-gözünü, dil-dodağını Sülünün, o nazik köynəyin altındakı isti döşlərinə sürtə-sürtə, onu bir muddət çarpayının başına dolandırdı. Ələddin Sürəyyanı öpə-öpə çarpayıya uzatdı. Və Sülü, həyatında birinci dəfə, öz cartında-ciyərində, ürəyinin, beyninin, dərisinin içində bir ağrılı ləzzətin şirin tamını duydu. Sonra, başını Ələddinin qolunun arasına qoyub, gözlərini yuman kimi, dərin yuxuya getdi.

Ay batmışdı. Eyvandakı lampanın işığı da lap təzəcə sönmüşdü. Dünya o qədər sakit idi ki, elə bil, otağın içində, bayırdakı qatı qaranlığın həzin səsi eşidilirdi. Bir də, bu dünyanın havasında, Sülünün həmişə arzuladığı o iy yenə peyda olmuşdu... Bəs o iy, görəsən, hardan gəlirdi, Pərvərdigara: axı indi ot biçilən vaxt deyildi, o iydənin-heyvanın çiçək açmağına hələ bir dünya vaxt qalırdı.

XXIII. ELİN GÖZÜ TƏRƏZİDİR

...Sonra ağız ədəbiyyatının al-əlvan fantaziyası - Ətirşah Masanın dastanında - o gecənin mabədini belə təsvir edəcəkdi: "Onlar qırx gün, qırx gecə evdən-eşiyə çıxmadılar. Öpüşüb-sevişdilər. Əslinin-Kərəmin, Leylinin-Məcnunun görmədiyi bir-birindən gözəl günlər gördülər. Sürəyya, hələ lap uşaqlıqdan, könlündə bəslədiyi arzusuna çatmışdı. İndi bu dünyadan doyunca kam alırdı. Heç o şairlik-deputatlıq da o günlər Sürəyyanın yadına düşmürdü. Qaldı ki, Ələddin... Ələddin o sevginin şərbətini içə-içə gün-gündən şuxlaşırdı, cavanlaşırdı. Ancaq əvvəli olan hər şeyin gec-tez bir axırı da olur. Axı Ələddin, iyirmi ildən də çox, Moskva kimi böyük şəhərdə yaşamışdı. Dünyanın o boyda genişliyində asudə yaşamağın dadı-ləzzəti damağındaydı... Buna görə də bir gecə Ələddin ehmalca yerindən durub, paltarını əyninə geydi. Sevgilisin şirin yuxudan oyatmağa, qıymadı. Bir qulaq kağız yazıb, Sürəyyanın balıncının altına qoydu. O kağızda Ələddin eşit gör nə yazırdı.

Yazırdı ki, ömrüm-günüm, mən bu məmləkətdən həmişəlik gedər oldum. Ancaq elə bilmə ki, səndən bezib gedirəm. Mən səndən bezməmişəm, yolun azmış millətimin biməsrəf insanlarından bezmişəm. Xatir-xatircəm ol, sevgilim, bil ki, səndən ayrı arvad almayacağam. Bilirəm ki, sən məndən oğul doğacaqsan. Oğluma öz adımı qoyarsan... Ələddin yazdığı kağızı ehmalca sevgilisinin balıncının altına qoyur. Sürəyyanın üzündən öpüb, gecəykən yola düzəlir. Ələddinin getməyindən kənddə heç kəsin xəbəri olmur".
Ancaq bir olanın üstünə beş də olmayanı qoymaq el ədəbiyyatı yaradanların köhnə xasiyyətidir. Əvvəla, Sürəyyanın Ələddinə ürəyini açdığı o gecədən sonra onlar "qırx gün, qırx gecə" yox, cəmi 12 gün bir yerdə olmuşdular. İkincisi, Ələddin "gecəykən" kənddən getməmişdi və gedəndə heç bir kağız-zad da yazıb qoymamışdı. Üstəlik, Ələddinin kimsədən xəbərsiz kənddən getməyi də büsbütün el ağzının uydurmasıydı. O gün kənddən çıxanda Ələddini azı dörd-beş adam yolda görmüşdü. Bununla belə, "Elin gözü tərəzidir" - məsəli də, söz yox ki, boş-boşuna deyilməyib. Mayasını elin ağız ədəbiyyatının al-əlvan fanta-ziyasından götürən o yüyrək, sadəlövh deyimdə, əslində, düz duyulmuş, düz tutulmuş məqamlar daha çoxdur. Ən başlıcası isə budur ki, Ələddinin kənddən çıxdığı o ayrılıq gününün ovqatı və bu ayrılığın qaçılmazlığının əsas motivləri o deyimdə, tamamilə obyektivcəsinə, doğru-düzgün təsvir edilib.

...Yenidən Moskvaya qayıdacağını özü üçün tam qərarlaşdırandan sonra, Ələddin - hələ yola çıxmağına bir gecə qalmış - Sürəyyaya deyəcəyi sözlərin hamısını demişdi. Əslinə qalsa, Sürəyya bu söhbəti gözləyirdi. Çünki Ələddini kənddə saxlaya biləcək birşey qalmamışdı, indiki Bakı isə Ələddinin yeri deyildi, - bunu Sürəyya yaxşı bilirdi.

Ələddinin getmək söhbətindən sonra o gecə Sürəyya, səssiz-səmirsiz, gözünün yaşını axıtdı. Ancaq "getmə" sözünü bir kərə də demədi. Səhərisi - Ələddin yol üçün yır-yığış eləyəndə də - Sürəyya cınqırını çıxarmadı. Əksinə, hələ bir növ, Ələddinə ürək-dirək də verdi:
- Get, - dedi, - rahat get. Xatircəm get. Sənnən bir yerdə olmağımın elə, bircə gecəsi də mənə ömürlük bəs eləyərdi. Allaha qurban olum - elə oldu ki, on iki gün sənnən bir yastığa baş qoydum. İndi, getsən də, bilirəm ki, bir vaxt qayıdıb gələcəksən. Sən heç qayıtmasan da, bil ki, bundan sonra qırx il də yaşa-sam, mənə özgə kişi lazım deyil.
- Mən də evlənən deyiləm. - Ələddin evdən çıxanda dedi. - Əgər evlənsəm, Sülü, Masanın, Aslanın ruhu mənə qənim olsun!.. Məndən uşağın olacaq. Ürəyimə damıb. Ancaq bilmirəm ki, sən, Sülü, o uşağı atasız doğacaqsan, ya doğmayacaqsan. Əyər doğsan, uşaq da oğlan uşağı olsa, adın ya Aslan qoy, ya da elə mənim öz adımı oğluma qoy... Bir də, gəlib Moskvada axtarma məni. Lazım olsa, mən özüm səni axtarıb tapacağam.
Əslində, Ələddinin son sözləri məhz bu sözlər olmuşdu. Və heç bu sözlərdən sonra da Sürəyya heç bir söz deməmişdi. Eləcə Ələddinin boynuna sarılıb, kirimişcə ağlamışdı.

XXIV. DƏLİ RÜZGAR

Sürəyyanın kənddən getməyindən, çox olsa, 10-15 gün keçmiş olardı. Hələ qış gəlməmişdi, ancaq payız öz payız sifətini tamam itirmişdi. Ətirşah Masanın yoxluğu ilə dünyanın al-əlvan rəngləri də elə bil yer üzündən həmişəlik silinib getmişdi.
Səhər idi. Dumanlı-çiskinli soyuq havaydı. Və o səhər, o dumanlı-çiskinli soyuq havada mən Ətirşah Masanın evinə baş çəkməyə gedəndə yolda-rizdə ins-cins gözə dəymirdi. Bircə, kinoçu Salehin arvadı Bağdagül, biri-birindən çəlimsiz -altı qız balasını da yanına yığıb, öz darvazasının ağzında oturmuşdu. Və o Bağdagül uzaqdakı maşın yoluna elə həsrətlə baxırdı ki, elə bil o altı uşağın atası o yolun üstündə, indicə, qeybdən zühur edəcəkdi.

Mən Ətirşah Masanın küçə qapısının qıfılsız halqasını açıb həyətə girdim. Və mənim o həyətə girməyimdən bəlkə heç beş dəqiqə də keçməmiş, birdən-birə elə bir dəli rüzgar qopdu ki, ağacların ən uca budaqları da az qaldı başını yerə qoysun.

Masanın Ətirşah cənnətinin necə viran olduğunu mən elə qapıdan girən kimi görmüşdüm. Həyətə mal-heyvan ötürülmüşdü - bona söz ola bilməzdi. Üstəlik, məhlənin uşaqları da, görünür, bekar durmarmşdı: dibçəklərin bir neçəsi (sözsüz ki, insan əlilə) böyrü üstə aşırılmışdı. İndi isə dəli rüzgar o biri dibçəkləri də, dalbadal aşıra-aşıra, elə bil Masanın ətirşah cənnətinə ZAMANIN son hökmünü oxuyurdu...

Əylis: iyul-noyabr, 2003

"Azərbaycan" jurnalı, 2004

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG