Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 01:27

Zeynəb Xanlarova: «İstərdim ki, xalq həmişə qalib gəlsin»


Zeynəb Xanlarova
Zeynəb Xanlarova
-
Suriya müxalifətinin Hələbdə oxuduğu marş bir Azərbaycan mahnısını xatırladır. Söhbət Ələkbər Tağıyevin Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi və xalq artisti Zeynəb Xanlarovanın oxuduğu «Qal, sənə qurban» mahnısından gedir.

Zeynəb Xanlarova AzadlıqRadiosuna deyib ki, Suriya müxalifətinin həmin marşına qulaq asıb və bu, Azərbaycan mahnısıdır.

O ki qaldı, «Qal, sənə qurban»ı Suriya müxalifətinin oxumasına, buna belə münasibət bildirdi:

- Mən səhnəyə çıxandan həmişə demişəm ki, qanı sevmirəm. Mən istəmirəm qan tökülsün. Nəinki Suriyada, dünyanın hər yerində qan tökülməsinin əleyhinəyəm. «Ananın səsi»ni niyə oxumuşam? «Yer üzündə dostu olsun, gərək insan insanın». Bu fikirlər mənim mahnılarımda səslənib. Şadam ki, bu mahnını oxuyublar. Onu 1968 ya da 1969-cu ildə oxumuşam. Ələkbər Tağıyevin ilk mahnısıdır, onun ilk mahnılarını da mən oxumuşam. Bu mahnını dünyanın hər yerində, Hələbdə də oxumuşam. Suriyada, Türkiyədə dəfələrlə konsert vermişəm.

- Bu mahnının musiqisinin türk və erməni mahnılarına bənzədiyini deyənlər də var.

- Ola bilməz. Zeynəb hələ ölməyib ki, onun mahnısını başqaları adlarına çıxsın. Bu mahnını yazan rəhmətə gedib, amma mən hələ ölməmişəm. Düzdür, bunu oxuyan Emel Sayın dostumdur. O bilirsiz necə oxuyub, «Mavi muncuq» adı ilə. Oxuyub, daha mən də qəlbinə dəyməmişəm. Ərəblərin də xoşuna gəlib. Mən sevinmişəm ki, bu xalq sevincini mənim mahnımla ifadə edir. Bu onlarda himn kimi oldu. Bakıdan (Zeynəb Xanlarova indi Londondadır-AR) mənə nə qədər zəng oldu. Oğlanlarım da zəng vurdular ki, mama bilirsən, sənin mahnını oxuyurlar. Bu, mənim də xoşuma gəldi. Öz aramızdır, Ələkbər Tağıyevin mahnısı həmişə dünyada sevilib. Amma Zeynəb Xanlarovanın ifasında, bunu da yazın...

- İnqilabçıların bu mahnını marş seçməsinə gəldikdə, bununla Sizin xarakteriniz arasında bir uyğunluq varmı?

- Elə var! Əməlli-başlı uyğunluq var.

- Bir vaxtlar konsert verdiyiniz ərəb ölkələrində indi inqilablar baş verir. Buna necə baxırsız?

- İnanırsız, ürəyim ağrıyır, ürəyim qan ağlayır. O ölkələrdə ki, bu saat müharibə gedir, vuruşurlar, mən konsert verəndə hamı ayağa qalxırdı. İndi baxıb deyirəm ki, ay Allah, bu, həmin xalqdır ki, qırılır. Həmən o xalqdır ki, mənə əl çalırdı. Mənə həddən artıq pis təsir edir. Mən istərdim ki, xalq həmişə qalib gəlsin. Biz kimik ki? Mən müğənniyəmsə, məni qaldıran xalqdır, millətdir. Millət məni qaldırmasa, mən kiməm? Yəni, demək istəyirəm ki, xalqın qədrini bilmək lazımdır. Xalqı sevmək lazımdır. Xalqın dərdinə qalmaq lazımdır. Bəli, baş verənlər mənə çox təsir edir, hayıf bu ərəb ölkələrindən. Nə gözəl idi, elə bilirdim öz evimdə oxuyurdum. Mənim üçün bircə insanlıq var. Dünyanın heç yerində insan ölümünü istəmirəm, istəyirəm ki, insanı Allah öldürsün, insan insanı öldürməsin.

- Zeynəb xanım, vaxtilə sovet hökuməti həmin ölkələrə gedəndə, dilinizdən yazılı iltizam almışdı ki, o cür istidə oxumaq olmaz. O vaxt ərəb xalqı istiyə-filana baxmadan Sizi dinləyirdi. Amma bu gün ərəb xalqı elə bil bir-birini dinləyə bilmir. Səbəb nədir?

- Mən o qiyaməti görürdüm orda, necə atılıb-düşürlər, necə bayram edirlər. Demək, bunlar bir-birini başa düşürlər ki, bunu edirlər. Başa düşürlər ki, azadlığa çıxırlar, zülmdən qurtarırlar. Başa düşməsələr, mənim mahnımı ərəb dilində oxuyub hərəkət etməzdilər ki... Mən belə başa düşürəm.

- Azərbaycan müxalifəti də günün birində Sizin mahnılarınızdan birini öz himninə və ya marşına çevirə bilərmi?

- Mən ömür boyu demişəm ki, mənim üçün iqtidar, müxalifət yoxdur, mənim üçün insanlıq var. Mən hamısı ilə dostam. Mən müğənniyəm. Mənim üçün nə müxalifət, nə iqtidar? Mən heç kimə nifrət etmirəm. Mən düzün tərəfdarıyam. Müxalifət düz hərəkət edəndə bunu deyirəm, əyri hərəkət edəndə də deyirəm. Mən insanları ayırmıram. Mən heç bir partiyanın üzvü deyiləm. Mən Zeynəb Xanlarovayam. Bir dəfə rəhmətlik Heydər müəllimə dedim ki, mən heç bir partiyanın üzvü deyiləm. O dedi: «Sən özün bir partiyasan, özün bir dövlətsən. Sənə lazım da deyil». Mənim üçün xalq lazımdır. İstəmərəm müxalifət, iqtidar olsun. Bunlar birləşsinlər, ürəyim bunu qəbul edir.

- Zeynəb xanım, hansı mahnını oxumaq istərdiz ki, Azərbaycanla bağlı Sizin arzularınızı ifadə etsin?

- Ay Allah, məni oxutmaq istəyirsiz?.. «Ananın səsi». «Yer üzündə gərək dostu olsun insan insanın».

- Londona niyə getmişdiz? Olimpiadaya baxmağa?

- İstirahətə. Çoxdandı ordayam, həmişə ora istirahətə gedə bilirəm. Ordan da Fransaya gedəcəm. Çünki orda nəfəs ala bilirəm. Burda bayıra-bacağa çıxa bilmirəm.

- Sizə xoş istirahətlər.

- Sizə də can sağlığı. Göz yaşı istəmirəm, dünyada hamının xoşbəxt olmasını istəyirəm.
XS
SM
MD
LG