Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:20

İki gündə Hələbi iki yüz min adam tərk edib


Son iki gündə Suriyanın Hələb şəhərini iki yüz min adam tərk edib. İki gündür Hələbdə hökumət qoşunları ilə müxalifətçilər arasında güclü döyüşlər gedir.

BMT-nin humanitar əməliyyatlar idarəsinin rəhbəri Valerie Amos Suriya hakimiyyətini humanitar yardım gətirilməsi üçün təhlükəsiz dəhliz yaratmağa çağırıb. Gedən döyüşlərə görə şəhərə humanitar yardımlar çatdırıla bilmir.

Valerie Amos bildirib ki, şəhərdə mühasirədə qalan dinc sakinlər var. Onların sayı isə məlum deyil.

Hələb şəhərinin 2 milyon yarım əhalisi var. Sakinlər məktəblərdə və digər ictimai binalarda gizlənir. Onların ərzağı, suyu çatmır.

Hələb sakinlərindən olan bir qadın Reuters agentliyinə deyib ki, “biz artıq yeddi gündür çörəksizik. And içirəm, şişirtmirəm, yeddi gündür çörəksizik. Hətta uşaqların da yeməyi qalmayıb”.

Müxalif Suriya Milli Şurası beynəlxalq ictimaiyyəti üsyançıları silahla təmin etməyə çağırıb.

Suriyanın xarici işlər naziri Valid Muallem İrana səfəri zamanı bildirib ki, Hələbdəki müxalifətçilər mütləq məğlub olacaq. İranın xarici işlər naziri Ali Akbar Salehi isə deyib ki, Bashar Assadin istefası “bütün region və bütün dünya üçün” mənfi nəticəyə gətirib çıxara bilər.
XS
SM
MD
LG