Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Avronun məzənnəsi son 8 ildə ən aşağı həddə düşdü


Arxiv foto.
Arxiv foto.
-


Avro dollara nisbətən son 8 ildə ən aşağı həddə düşüb. İyulun 23-də 1 avro 1.21 dollar həddindən də aşağı enib.

Bura onu da əlavə etmək lazımdır ki, 2008-ci ildən bəri, yəni qlobal maliyyə böhranı başlayandan adətən yay aylarında əksinə dollar avroya nisbətən kəskin ucuzlaşırdı. İndi bunun tam əksi baş verir.

Bloomberg.com yazır ki, bütün bunların bir səbəbi var: Avropada maliyyə böhranının ikinci dalğasının baş verəcəyi qorxusu.

Bu dalğa daha güclü ola və avronun çöküşü ilə nəticələnə bilər.

İSPANİYA YUNANISTANIN YOLUNU GEDİR?

Hələ ki Avropa Birliyi vəziyyətə tam nəzarət etdiyini bildirir, amma regionun ən böyük ölkələrindən olan İspaniyadan pis xəbərlər gəlməkdədir.

İspaniyanın Kataloniya bölgəsinin də mərkəzi hökumətdən maliyyə yardımı istəmək niyyəti bəlli olub.

Bundan başqa İspaniyanın 10 illik istiqrazları da daha çətin satılmaqdadır. İndi dövlət aldığı borca görə 7,5 faiz gəlir vəd etməyə məcburdur.

Bu, çox yüksək həddir.

Bundan qabaq Avropa Birliyi liderlərinin sammitində qəbul edilən qərarla Avropanın Mərkəzi bankı ispan banklarına birbaşa borc vermək şərtlərini asanlaşdırmışdı.

İspaniyaya 100 milyard avroluq yardım da vəd edilmişdi. Bundan sonra dünya birjalarındakı təşviş bir az azalmışdı.
Afinada hökumətin büdcə xərclərini azaltmaq planlarına qarşı etirazlar səngimir
Afinada hökumətin büdcə xərclərini azaltmaq planlarına qarşı etirazlar səngimir

İndi isə birjalarda təlaş yenidən artıb.

YUNANISTANI YOXLAYIRLAR...

“Əsl həqiqətdə Avropada vəziyyət heç də düzəlməyib” – deyə “Wells Fargo Advantage” Fondunda strateji araşdırmalara məsul olan John Manley bildirir:

“İspaniyadakı vəziyyət xroniki hal alıb. Özü də problem təkcə İspaniyada deyil”.

Böhranın ən çox ziyan vurduğu Yunanıstanda da məsələlər tam aydınlaşmayıb.

İyulun 24-də “Troyka” – beynəlxalq kreditorlar Afinaya gedir. "Troyka"ya Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu daxildir.

Onlar Yunanıstan hökumətinin öz öhdəliklərini necə yerinə yetirdiyini yoxlayacaqlar.

Almaniya kanslerinin müavini Philipp Roesler isə bu arada ARD kanalına müsahibəsində deyib ki, əgər Yunanıstan öz öhdəliklərini yerinə yetirməsə ona daha borc verilməyəcək.

Bundan başqa, o bildirib ki, Yunanıstanın xilas edilə biləcəyinə şübhə ilə yanaşır və Yunanıstanın avrozonanı tərk etməsi perspektivinin təşvişi daha heç kimi qorxutmur.

Yunanıstan hökuməti bundan qabaq aldığı 240 milyard avroluq borcla bağlı öhdəliklərini çətinliklə yerinə yetirir.

Borcu verənlər ondan dövlət xərclərini kəskin azaltmağı tələb edir.

Üstəlik də Yunanıstan yeni borc istəyir. Borc üçün müraciət edilmiş Beynəlxalq Valyuta Fondu isə işarə edib ki, o “Troyka” təftişçilərinin Afinadan gətirdiyi məlumatlara əsaslanaraq avqustda qərar verəcək: Yunanıstana yenə borc versin, yoxsa yox...
XS
SM
MD
LG