Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:19

ABŞ Universitetinin professoru: “Şah İsmayıl ədalətli hökmdar olmayıb”


Həsən Cavadi
Həsən Cavadi
-
“Azərbaycan tarixçiləri həmişə çalışıblar ki, Şah İsmayılı böyük şəxsiyyət kimi təqdim etsinlər. Amma həqiqət başqa cürdür”.

“Böyük şəxsiyyət olmaq təkcə əraziləri işğal etmək demək deyil”.



Amerikadakı Corc Vaşinqton Universitetinin professoru, əslən İran Azərbaycanından olan Həsən Cavadinin “Oxu zalı”na müsahibəsi. O həm də "Qədim dövrlərdən 16-ci əsrədək Avropa səyyahları İranda" araşdırmasının müəllifidir.


- Həsən bəy, Azadlıq Radiosunun “Oxu zalı”nda Səfəvilərlə bağlı polemika gedir, Şah İsmayılın ölkə tarixindəki rolu birmənalı qarşılanmır. Bunun səbəbini sizdən soruşmaq istəyirəm...

- Azərbaycan tarixçiləri həmişə çalışıblar ki, Şah İsmayılı böyük şəxsiyyət kimi təqdim etsinlər. Amma həqiqət başqa cürdür. Şah İsmayıl zaman-zaman təbliğ olunduğu kimi o qədər də böyük xidmət göstərməyib, işlər görməyib. Düzdür, Azərbaycan torpaqlarını birləşdirib, vahid dövlət yaradıb. Amma hakimiyyət üstündə Təbrizdə 20 min nəfər sünni məzhəbindən olan adam öldürtdürüb. Üç xəlifənin, yəni Ömərin, Osmanın, Əbu Bəkirin adı çəkilib pislənəndə kim "çox olsun, az olmasın" deməzdisə, həmin adamları öldürürmüşlər. Bunu biz inkar, ört-basdır edə bilmərik. Bu fakt mənbələrdə, Şah İsmayılın öz yazdırdığı tarixdə var. Şah İsmayıl xalq üçün hansı işləri görmüşdü? Əsas insanların firavan yaşamasıdır. Məsələn, Çingiz xan da, Teymur da böyük-böyük əraziləri fəth etmişdilər. Bilirsiniz, böyük şəxsiyyət olmaq təkcə əraziləri işğal etmək demək deyil.

- Amma bəzi tarixçilər hesab edirlər ki, Xətainin qüsurları dövrünün qaçılmaz xətaları idi...

- O dövrün başqa hökmdarları bu cür səhvlərə, xətalara yol verməyiblər. Tarixdə belə hökmdarlara çoxmu rast gəlmək olar ki, öz düşmənini öldürüb kəlləsində şərab içə? Bunu necə izah etmək olar?

- Bu faktdırmı? Hansı mənbələrdə göstərilib?

- Səfəvilərlə bağlı bütün mənbələrdə bu fakt var. Səfərnamələrdə, öz yazdığı divanında rast gələ bilərsiniz. Məsələn, Bağdadı od vurub yandırıb, özü kənarda dayanıb şeir deyib. Bu, Şah İsmayılın divanında var. Azərbaycanda bu faktları demək istəmirlər. Bu da millətçilikdən irəli gəlir. Türkiyədə də belədir. Məsələn, Atilla böyük şəxsiyyət
Şah İsmayıl
Şah İsmayıl
olmayıb, amma Türkiyədə onu çox şişirdiblər.

- Azərbaycanlı tarixçi alimlərlə bu mövzuda polemikanız olubmu?

- Yox, polemikamız olmayıb. Mən vaxtilə bir məqalə çap etdirmişdim. Həmin məqalə italyan, fransız mənbələrinə istinadən, özü də Şah İsmayılla şəxsən görüşən səyyahların, qonaqların xatirələrinə əsasən yazılmışdı. Həmin məqaləni Azərbaycan dilinə tərcümə etmək istəyirdilər, amma sonradan fikirlərindən daşındılar ki, belə şeyləri biz çap edə bilmərik. Məsələn, Venesiyalı səyyahların xatirələri var ki, Azərbaycan dilinə indiyə qədər tərcümə olunmayıb.

- Həsən bəy, həmin mənbələrə Azərbaycanlı tarixçilərin əlləri çatırmı? Yəni istəyəndə istifadə edə bilərlərmi?

- Əlbəttə! Bu mənbələr hər yerdə var. Avropa dillərini bilən tarixçilər bu mənbələrdən istifadə edə bilərlər. Mənim Hollandiyalı tarixçi dostum var, Willem Floor, o mənbələrə istinadən ingilis dilində məqalələr yazıb. Yəni bunlar əlçatmaz deyillər.

- Şah İsmayılın anasını öldürməsi haqqında həmin mənbələr nə yazırlar?

- Venesiya mənbələrində bu məsələ haqqında müxtəlif fikirlər var. Bir mənbə yazır ki, İsmayıl həqiqətən anasının öldürülməsini əmr edib, digər mənbə isə bunu inkar edir. Yazırlar ki, öldürülən şahın ögey anası olub.

- İddia olunur ki, 14 yaşlı uşaq dövlət yarada bilməzdi. Doğrudurmu?

- Yox, mən bu fikirlə razı deyiləm. Ola bilər, niyə də olmasın. Cəsurluğu, təşkilatçılığı olan adam 14 yaşında dövlət yarada bilər. Məsələ hökmdarın xalq üçün hansı işlər görməsindədir. Adil hökmdar olub, yoxsa yox? Əsas olan budur. İsmayıl da ədalətli hökmdar olmayıb.

- Bəzi türk tarixçiləri yazır ki, İsmayıl məğlub etdiyi düşmənlərinin ətini öz ordusuna yedirdirmiş. Siz belə bir fakta rast gəlmisinizmi?

- Yox, bu haqda heç nə eşitməmişəm. Ona görə dəqiq heç nə deyə bilmərəm.

- Səfəvilər dövlətində rəsmi dövlət dilinin türk dili olmağını da şübhə altına alırlar. Əks arqument kimi fars dilini göstərirlər. Bu haqda nə deyə bilərsiniz?

- Türk dili geniş istifadə olunurdu, sarayda mühüm yeri var idi. Hətta qonşu dövlətlərə göndərilən bəzi məktublar da türk dilində yazılmışdı. Məsələn, Rusiya ilə yazışmalar... Amma Səfəvilər dövlətinin rəsmi dili fars dili olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG