Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 03:21

Sosial şəbəkələrin tərcümə olunmasına ehtiyac varmı?


Foto: Arxiv
Foto: Arxiv
-
«Flashmob»da bu dəfə müzakirə mövzusu sosial şəbəkələrin tərcüməsinə ehtiyac və bu sahədəki problemlər olub.

«Sahil» informasiya texnologiyaları şirkətinin direktoru Vahid Qasımov deyir ki, hazırda vəziyyət «toya getməli»dir:

«İlk problemlərlə keçən əsrin sonunda rastlaşmışdıq. O vaxt nə Azərbaycan saytı vardı, nə Azərbaycan dilli sayt, nə də «ə» hərfini brauzerdə göstərmək olurdu. Düzdür, bunlar aradan qaldırıldı. Amma tərcümədə həmişə problemlər olur. Tərcümə sadəcə iki dili bilmək deyil, eyni zamanda terminologiyaya bələd olmaq lazımdır. Tərcümə edən kompyuter texnologiyalarına bələd deyilsə, səhvlər ola bilər. Sosial şəbəkələrin tərcüməsində vəziyyət bir az yaxşıdır. Çünki istifadəçilər özləri bu işlə məşğul olurlar».

««POKE» SÖZÜ BİR AZDAN ÇİMDİKLƏMƏK OLACAQ»

«Facebook» sosial şəbəkəsini Azərbaycan dilinə tərcümə edənlərdən İbrahim Şükürov isə deyir ki, əsas problem istifadəçilərin çoxunun sosial şəbəkələri başqa dillərdə istifadə etməsidir:

«Məsələn, «Poke» sözünü başqa dildə işlədənlər o sözü elə olduğu kimi qəbul edir, tərcümə edilmiş versiyasını yox. Ümumiyyətlə, «Facebook»u tərcümə etmək asandır, kim istəsə, tərcümə edə bilər deyə, problemlər olur. Ortaq fikir yaranmır. Məsələn, «Poke» sözü əvvəl dürtmələmək idi, indi göz vurmaqdır, bir azdan çimdikləmək olacaq. Çünki tərcüməçilərdən biri bu variantı təklif edib və hazırda səsvermədə o söz öndədir».

Vahid Qasımov düşünür ki, problem Azərbaycan dili biliklərinin yetərsiz olması və bu sahəyə nəzarət edəcək konkret bir qurumun olmamasıdır.

«Twitter»i Azərbaycan dilinə tərcümə etdirmək üçün kampaniya keçirən «N!DA» Vətəndaş Hərəkatının üzvü Rəşad Həsənov isə deyir ki, əvvəl «Twitter»də dil seçimləri menyusunda Azərbaycan dili yox idi. Hazırda isə Azərbaycan dili də var, baxmayaraq ki, hələ tərcümə olunmayıb:

««Twitter»də «Facebook»dakı kimi deyil, ora sadəcə kifayət qədər müraciət edildikdə onlar özləri tərcümə edirlər. Biz keçən il mayda kütləvi kampaniya keçirdik ki, xarici dillərə tərcümə siyahısına Azərbaycan dilini də əlavə edək. Düzdür, hələ tərcümə edilməsə də, orda siyahıda artıq Azərbaycan dili yazılıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib ki, artıq tərcümə üçün «Twitter»lə danışıqlara başlanıb».

Rəşad Həsənov deyir ki, sosial şəbəkə istifadəçilərinin sayını artırmaq üçün tərcümə vacibdir:

««Facebook» tərcümə edildikdən sonra istifadəçilərinin sayı artdı. İnanıram ki, «Twitter» də tərcümə edildikdən sonra istifadəçilərin sayı artacaq».

Verilişi tam olaraq buradan dinlə:


XS
SM
MD
LG