Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:24

Qəbələ RLS-lə bağlı yeni təklif


Qəbələ RLS
Qəbələ RLS
Rusiya Qəbələ RLS-in müqavilə xərcinə stansiyanın ərazisinin azaldılması hesabına qənaət etmək istəyir. Bu ölkənin mediasının yaydığı məlumata görə, məsələ Rusiyanın və Azərbaycanın müdafiə nazirləri – Anatoly Serdyukov'la Səfər Əbiyev arasında müzakirə olunub.

MDB müdafiə nazirlərinin Rusiyanın Kalininqrad şəhərində keçirilən toplantısı zamanı Serdyukov həmkarı Əbiyevlə bu məsələni də müzakirə etdiyini deyir. O, bildirib ki, Rusiya Qəbələ RLS-in icarə haqqının azaldılması üçün Azərbaycan tərəfdən stansiyanın yerləşdiyi ərazinin sahəsinin azaldılmasını istəyə bilər. Bununla belə, Serdyukov hələlik danışıqları yekunlaşdırmağın tez olduğunu və qarşıdakı aylarda müzakirələrin yekun detallarının işlənib hazırlanacağını vurğulayıb.

«BU, EKSPERTLƏR ARASINDA APARILAN DANIŞIQLARDIR»

Azərbaycan Müdafiə Nazirliyindən tövsiyə edirlər ki, məsələ ilə bağlı suallarımızı Xarici İşlər Nazirliyinə ünvanlayaq. XİN-in sözçüsü Elman Abdullayev isə deyir ki, danışıqlar davam etdiyi üçün hələlik onun detalları barədə konkret bir şey demək mümkün deyil. Amma bütün hallarda Qəbələ RLS-lə bağlı hansı qərar qəbul olunsa, o, Azərbaycanın milli maraqlarına uyğun olacaq:

«Qəbələ RLS Azərbaycanındır, onun ərazisində yerləşir. Təbii ki, danışıqlar da məhz Azərbaycanın milli maraqlarına əsasən aparılır. Bu, ekspertlər arasında aparılan danışıqlardır və ilin sonunadək müəyyən qərarın verilməsinə çalışacağıq».

Elman Abdullayev
Elman Abdullayev
Elman Abdullayev deyir ki, Azərbaycan dövləti qarşı tərəfin kim olmasından asılı olmayaraq, bütün danışıqları öz xalqının mənafeyinə uyğun şəkildə aparır.

YAXIN VAXTLARDA RAZILIQ OLACAQ

Hərbi ekspert Üzeyir Cəfərov isə düşünür ki, bu müzakirələr artıq iyul, avqust aylarında başa çatmalı və hansısa anlaşma imzalanmalıdır. O, belə də olacağını güman edir. Deyir ki, Azərbaycanla Rusiya arasında Qəbələ RLS-lə bağlı müqavilənin müddəti bu il dekabrın 24-də başa çatır. Həmin müqavilənin şərtlərində də göstərilib ki, tərəflər müddətin başa çatmasına 6 ay qalmış növbəti müddət haqda razılığa gəlməlidirlər. Bu baxımdan ekspertin fikrincə, artıq tərəflər yaxın vaxtlarda razılığa gələcəklər. Çünki artıq qərarla bağlı gecikmə ehtimalı var.

Üzeyir Cəfərov hesab edir ki, Qəbələ RLS-lə bağlı Azərbaycan-Rusiya danışıqları tədricən müsbətə doğru inkişaf edir. Kalininqradda iki ölkənin müdafiə nazirləri - Səfər Əbiyevlə Anatoly Serdyukov arasında bu məsələnin müzakirə edilməsi belə düşünməyə əsas verir:
Üzeyir Cəfərov
Üzeyir Cəfərov

«Görünür, bu məsələlər artıq müzakirə olunub. Bildiyim qədər Rusiyanın dövlət rəsmilərindən biri – Sergey Naryshkin bu günlər Bakıda Azərbaycanın siyasi rəhbərliyi ilə danışıqlar aparmalıdır. Ola bilsin ki, yaxın vaxtlarda-iyul, avqust aylarında bu məsələ ilə bağlı tam anlaşma əldə ediləcək».

AZƏRBAYCAN 300 MİLYON İSTƏYİR

Üzeyir Cəfərov hesab edir ki, Rusiya Qəbələ RLS -i əldən buraxmayacaq və çalışacaq ki, onunla bağlı Azərbaycan tərəfi ilə ortaq bir məxrəcə gəlsin.

2012-ci ilin fevralında «Kommersant» qəzeti məlumat yaymışdı ki, Rusiya müqaviləni 2025-ci ilə qədər uzatmaq istəyir. Lakin Azərbaycan icarə haqqının 7 milyondan 300 milyon dollara qaldırılmasını tələb edir. O vaxt Rusiya Müdafiə Nazirliyindəki mənbə bunun rasional məbləğ olmadığını və həmin vəsaitə yeni bir stansiya tikməyin mümkün olduğunu bildirmişdi.

May ayında isə Rusiya Müdafiə Nazirliyindən bildirmişdilər ki, danışıqlarda irəliləyiş olmasa, ehtimal ki, Rusiya Qəbələdən gedəcək.
Rasim Musabəyov
Rasim Musabəyov

RUSİYA ƏSLİNDƏ NƏ İSTƏYİR?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyir ki, Rusiya tərəfi icarə haqqını yalnız cüzi qaldırmağa çalışır. Bu isə təbii ki, Azərbaycan üçün adekvat deyil:

«Əslində Azərbaycan o icarə haqqının ümidinə qalmayıb. Bu stansiya onların təhlükəsizliyinə lazımdırsa, zəhmət çəkib izah etsinlər ki, bu anlaşmanın Azərbaycanın təhlükəsizliyinə nə faydası ola bilər».

Rasim Musabəyov deyir ki, bəlkə də Rusiyanın RLS-ə elə də böyük ehtiyacı yoxdur. Sadəcə, Azərbaycanda öz hərbi mövcudluğunu saxlamaq marağındadır. Qalır bunun Azərbaycanın marağına nə dərəcədə cavab verdiyini aydınlaşdırmaq.

Bütün hallarda politoloq deyir ki, Qəbələ RLS-in və ya onun ərazisinin Rusiyaya nə dərəcədə lazım olduğunu danışıqların nəticəsi ortaya qoyacaq.

Hazırda Rusiya Qəbələ RLS-dən 2002-ci ildə imzalanmış 10 illik icarə müqaviləsi əsasında istifadə edir. Müqavilənin müddəti bu il dekabrın 24-də başa çatır.
XS
SM
MD
LG