Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Gəncədə 3 tələbə «nurçuluğun» təbliğinə görə cərimə olunur


Foto: Arxiv
Foto: Arxiv
Gəncə Dövlət Universitetinin 3 türk tələbəsi qeyri-qanuni dini yığıncaqlarda iştirakda suçlanır. Polis onların «nurçular» olduğunu deyir. Gəncənin Nizami rayon Məhkəməsi tələbələrin Azərbaycandan deportasiya olunmaları və 2000 manat cərimə ödəmələri barədə qərar çıxarıb. Apelyasiya məhkəməsi isə bu qərarın deportasiya hissəsini ləğv edib.

«POLİSLƏR ONU DİZ ÜSTƏ ÇÖKDÜRDÜLƏR»

Bu tələbələrdən biri - universitetin Fizika fakültəsinin 3-cü kurs tələbəsi Sadullah Eren Genc məhkəmənin qeyri-qanuni qərar çıxardığını iddia edir. Deyir ki, ümumiyyətlə, onların polis tərəfindən saxlanmasından başlayaraq məhkəmənin qərar çıxarmasınadək bütün proseslərdə hüquqları kobud şəkildə pozulub.

Lap əvvəldən başlayaq. Eren Genc'in dediyinə görə, aprelin 28-də universiteti bitirən dostunun dəvəti ilə onlara qonaq gedib. O, hər hansı dini təbliğatla məşğul olduqlarını inkar edir:

«Axşam namazının vaxtında isə fikirləşdik ki, namaz qılaq. 5 dəqiqə keçməmiş polislər otağa daxil oldular. Namazı bitirəndən sonra bizi Nizami rayon Polis Şöbəsinin rəisinin otağına apardılar. Rəis Ədalət Sadıqov ev yiyəsindən soruşdu ki, bu uşaqları niyə evə yığmısan? O da izah etmək istəyəndə, Ədalət müəllim onu söyməyə başladı. Sonra atasını da söyməyə başlayanda, Xalid dedi ki, xahiş edirəm atama söyməyin. Bu zaman Ədalət Sadıqov onu sillələməyə başladı. Oradakı iki başqa polis də onun qarnına, başına yumruqla vurub diz üstə çökdürdülər».

«ƏLİNİ AŞAĞI SALANDAN SONRA ARXADAN TƏPİKLƏDİLƏR»

Eren Genc bundan sonra izahatlarının alınması üçün başqa bir polisin otağına aparıldıqlarını, burada da onlara fiziki və psixoloji təzyiqlərin davam etdiyini bildirir. Onun dediyinə görə, polis istədikləri izahatı yazmadıqları üçün onları 8 saat ac-susuz şöbədə saxlayıb:

«Bizə orada əvvəlcə psixoloji təzyiq göstərdilər. Bildirdilər ki, biz dediyimiz kimi izahat yazmasaz, onu cırıb atacağıq. Biz onların dediklərini izahata yazmaqdan imtina etdik. Bu zaman bizi bir necə saat tək ayaq üstə saxlatdılar. Dostlarımızdan birinə hər iki əllərini göyə qaldırmalarını əmr etdilər. Əlini aşağı salanda isə, onu arxadan təpikləyirdilər. Sonradan bizə dedilər ki, biz sizin günahsız olduğunuza inandıq. Bircə bu cümləni yazın, buraxacağıq. Bizə zorla «qeyri-qanuni dini təbliğatda iştirak etmişik və bundan peşmanıq» cümləsini yazdırdılar».

DEPORTASİYA VƏ 2000 MANAT CƏRİMƏ

Eren Genc’in dediyinə görə, sonradan bu kağızın məhkəmə protokolu olduğu ona məlum olub. Genc əlavə edir ki, həmin protokolun arxasında onun adından imzalar atılıb və işləri məhkəməyə göndərilib. Gəncənin Nizami rayon Məhkəməsi onlar barəsində qeyri-qanuni dini toplantılarda iştirak etdiklərinə görə ölkədən deportasiya və 2000 manat cərimə qərarı çıxarıb. Sonradan apelyasiya məhkəməsi qərarın deportasiya hissəsini ləğv edib.

Gəncə şəhər Nizami rayon Polis Şöbəsinin rəisi Ədalət Sadıqov psixi və fiziki təzyiqlərin göstərilməsi ilə bağlı tələbələrin iddialarını əsassız hesab edir:
İntiqam Əliyev
İntiqam Əliyev

«Mən nə deyim sizə. And içim? Nə istəyiblər, onu da izahatda yazıblar. Xüsusilə, Türkiyə vətəndaşı olan tələbələrə mən niyə məcburi nəsə yazdırım ki? Onlar «nurçu»lardır, burada qeyri-qanuni dini yığıncaqlarda iştirak etdikləri üçün saxlanılıblar. Barələrində məhkəmə qərar çıxarıb».

HAKİMİYYƏT NƏDƏN QORXUR?

Hüquqşünas İntiqam Əliyev bildirir ki, yalnız dini nifaq saldıqda, ictimai asayiş pozulduqda bu cür cinayət məsuliyyətləri tətbiq oluna bilər. Onun fikrincə, belə hallar pis idarəçilik, məmur özbaşınalığının hökm sürdüyü dövlətlərdə baş verir. İntiqam Əliyev son zamanlar baş verənləri də xatırladaraq əlavə edir ki, başqa bir səbəb hakimiyyətin insanların bir araya gəlməsindən, toplaşmalarından qorxmasıdır:

«Bir otaqda 2-3 nəfərin namaz qılması, digər dini ayinləri icra etməsi həmin adamların ekstremist kimi qələmə alınıb ölkədən deportasiya olunması, cərimələnməsi, cinayət məsuliyyətinə cəlb olunması üçün əsas ola bilməz. Niyə belə edir məmurlar? Bu, hökumətin pis idarəçiliyinin göstəricisidir. Dini ayinlərin icrası, siyasi məsələlərin müzakirəsi - fərqi yoxdur, insanların toplaşmasından hakimiyyət qorxur və bu yolla onun qarşısını almağa çalışır».

Tələbələrin hüquqlarını müdafiə edən vəkil Əshabəli Mustafayev onların hüquqlarının ölkə daxilində bərpasını mümkünsüz sayır. Deyir ki, tək yol Avropa Məhkəməsinə müraciətdədir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG