Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Naxçıvan büdcəsindən pullar hara xərclənir?


Naxçıvan. Dəmir yolu
Naxçıvan. Dəmir yolu
2006-cı illə müqayisədə bu il Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri iki dəfə artıb. Söhbət düz 202 milyon 580 min 564 manatdan gedir. 2006-cı ildə muxtar respublika büdcəsi 102 milyon 849 min 436 manat təşkil edib. Bu il isə həmin rəqəm 305 milyon 430 min manatdır.

SON 6 İLDƏ 200 MİLYON MANATDAN ÇOX ARTAN BÜDCƏ ƏSASƏN HANSI SAHƏLƏRƏ XƏRCLƏNİR?

Bir sözlə, bu artımın sadə naxçıvanlıların rifah halının yaxşılaşdırılmasında rolu nə qədərdir?

Araşdırmalardan aydın olur ki, yerli əhalinin rifah halına birbaşa təsir edəcək sosial müdafiə və sosial təminat sahəsinə bu məbləğin cəmi 3,5 faizi, yəni 7 milyon 41 min manatı düşür. Naxçıvan dövlət büdcəsindən 2006-cı ildə sosial sahəyə 6 milyon 438 min 919 manat vəsait ayrılıb. Bu il isə həmin vəsait 13 milyon 480 min 666 manat təşkil edir.

ARTAN MƏBLƏĞİN ƏHƏMİYYƏTLİ HİSSƏSİ DÖVLƏT ORQANLARIN SAXLANILMASI ÜÇÜN NƏZƏRDƏ TUTULUB

Manat
Manat
2006-cı illə müqayisədə bu il ümumi dövlət xidmətlərinin, milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması üçün nəzərdə tutulan məbləğ iki dəfədən çox, yəni təxminən 50 milyon manat artıb. Məlumat üçün bildirək ki, bu ilki büdcənin təxminən 1/4-i yəni, 73 milyon 962 min 468 manatı dövlət orqanlarının saxlanması üçün nəzərdə tutulub.

Təhsil və səhiyyə sahələrinə ayrılan məbləğ isə təxminən 3 dəfə, yəni 64 milyon 207 min 315 manat artaraq, 99 milyon 64 min manatı təşkil edib. Bu il təhsilə 75 milyon 276 min 108 manat, səhiyyəyə isə 23 milyon 788 min 396 manat vəsait ayrılıb. Bu isə bu ilki büdcənin ümumi məbləğinin 1/3-nə bərabərdir.

Mütəxəssislərin fikrincə, son 6 ildə təhsilin səviyyəsində yüksəliş hiss olunsa da, səhiyyəyə ayrılan vəsaitin üç dəfə artmasına baxmayaraq bu sahədə vəziyyət elə də ürəkaçan deyil.

Təhsilin səviyyəsini ölçmək üçün ali məktəblərə qəbul olunan abituriyentlərin sayını meyar kimi götürsək görərik ki, 2006-cı illə müqayisədə 2011-ci ildə bu rəqəm 30 faiz artıb.

Səhiyyənin vəziyyətini isə Naxçıvan sakinlərinin öz dillərindən eşitmək qərarına gəldik. Bir çox sakinlərin bildirməsinə görə, son dövrlər yeni, müasir tipli avadanlıqlarla təchiz olunmuş səhiyyə müəssisələri istifadəyə verilsə də bu sahədə xidmətin səviyyəsi artmayıb. Sakinlər hesab edir ki, 5-6 il öncə xidmət səviyyəsi necə aşağı idisə, indi də elə həmin vəziyyətdir. Onların bildirməsinə görə, elə bu səbəbdən müalicə olunmaq üçün daha çox qonşu ölkələrə, yaxud da paytaxt Bakıya üz tuturlar.

«NƏ OLSUN YENİ BİNALAR TİKİLİR, AVADANLIQLAR ALINIR?»

Naxçıvan sakini Vüsal Qasımovu eşidək:

Naxçıvanda Diaqnostik Müalicə Mərkəzi
Naxçıvanda Diaqnostik Müalicə Mərkəzi
«Nə olsun yeni binalar tikilir, avadanlıqlar alınır? Keyfiyyətli xidmət yoxdur. Həmin avadanlıqları işlədə bilən həkimlər yoxdur. Deyirlər səhiyyə pulsuzdu. Naxçıvanda belə deyil. Burada təkcə müayinəyə xərclədiyimiz pulla İranda həm müayinə olunuruq, həm müalicə oluruq, həm də dərmanlarımızı alırıq».

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Hadi Əliyev isə ittihamları əsassız sayır. O, Naxçıvan səhiyyəsinin pulsuz olduğunu, burada ixtisaslı həkimlərin çalışdığını, xidmət səviyyəsinin isə yüksək olduğunu bildirdi.

Nazirliyin əməkdaşı naxçıvanlıların xarici ölkələrə üz tutmasını isə
onların şəxsi seçimi sayır.

ƏSAS BÖLMƏLƏRƏ AİD EDİLMƏYƏN XİDMƏTLƏR DEYƏNDƏ NƏ BAŞA DÜŞÜLÜR?

Son 6 ildə büdcə vəsaitlərində ən çox artım mənzil kommunal təsərrüfatı, tikinti sahəsinin və əsas bölmələrə aid edilməyən xidmətlərin payına düşür. Mütəxəssislər hesab edir ki, qeyd olunan sahələr ən asan korrupsiyaya uğraya bilən sahələrdir.

Bu illər ərzində əsas bölmələrə aid edilməyən xidmətlər 7 dəfə artaraq 2 milyon 110 min manatdan 14 milyon 712 manata qalxıb.

Mənzil-kommunal sahəsinə ayrılan vəsait təxminən 6 dəfə artaraq 2 milyon 954 min 657 manatdan 17 milyon 68 min 528 manata yüksəlib. Tikintiyə ayrılan məbləğ 5 dəfə artaraq 7 milyon manatdan 35 milyon manata çatıb.

İqtisadçı ekspert Məhəmməd Talıblı deyir:

«TİKİNTİDƏN OĞURLUQ ETMƏK DAHA ASANDIR»

Məhəmməd Talıblı
Məhəmməd Talıblı
«Büdcənin əsas funksiyalarından biri də ümumi gəlirin büdcə vasitəsi ilə ünvanlı sosial qruplara çatdırılmasıdır. 3,5 faiz simvolik artımdır. İndiki təhlildən göründüyü kimi son 6 ildə büdcənin həcmi artıbdır. Bu əhalinin bu və ya başqa şəkildə büdcədən yararlanmaq imkanlarını artırmayıb. Büdcənin artması qeyri – sosial xərclərinin həcmini artırıb. Əsas ağırlıq sənaye tikinti sahəsinə verilib. Bu sahələr də daha çox korrupsiyaya uğrayan sahələrdi. Yerli hökumət sosial yönlü xərclərə ona görə üstünlük vermir ki, bu cür sahələrdən oğurluq etmək olmur. Tikinti və digər sahələrdən isə oğurluq etmək daha asandır».

Naxçıvandan seçilmiş deputat Eldar İbrahimov isə, muxtar respublikada korrupsiya hallarının olması haqda deyilənləri inkar edir:

«NAXÇIVANDA OLAN ŞƏFFAFLIQ HEÇ HARADA YOXDUR»

«Naxçıvana ayrılan dotasiya da, Naxçıvanın daxili büdcəsi də çox şəffaf şəkildə xərclənir. Bunu biz də bilirik, Naxçıvan camaatı da bilir. Büdcə məsələlərində, digər xərcləmələrdə Naxçıvanda olan şəffaflıq heç harada yoxdur. Bunu mən böyük məsuliyyətlə deyirəm».

Naxçıvan Muxtar Respublikası dövlət büdcəsində 2006-cı ilə nisbətən 2012-ci ildə 2 dəfə artan xərcləmələrin müqayisəli təhlil cədvəli:

Xərclərin adı 2006 2012 ARTIM
Ümumi dövlət xidmətləri 10. 930.802 27.409.900 16.479.098
Milli təhlükəsizlik 2.096.825 5.491.843 3.395.018
Məhkəmə hakimiyyəti, hüquq – mühafizə və prokurorluq 12.016.847 41.060.725 29.043.878
Təhsil 27.516.134 75.276.108 47.759.974
Səhiyyə 7.341.055 23.788.396 16.447.341
Sosial müdafiə və sosial təminat 6.438.919 13.480.666 7.041.747
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət 4.103.786 9.813.662 5.709.876
Mənzil və kommunal təsərrüfatı 2.954.657 17.068.528 14.113.871
Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi 11.281.542 23.985.652 12.704.110
Tikinti 7.149.749 35.000.000 27.850.251
Nəqliyyat və rabitə, avtomobil yollarının abadlaşdırılması 2.902.300 9.333.840 6.431.540
İqtisadi fəaliyyət 6.006.000 9.008.500 3.002.500
Əsas bölmələrə aid edilməyən xidmətlər 2.110.820 14.712.180 12.601.360
CƏMİ 102.849.436 305.430.000 202.580.564
XS
SM
MD
LG