Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 14:37

AXCP üzvü aeroportda asayişi pozmaqda günahlandırılır


İyunun 30-da AXCP üzvü Zərifə Məhəddinova polisə çağırılıb. O, iyunun 8-də Heydər Əliyev adına Hava Limanında ictimai qaydanı pozmaqda və gömrük işçilərinə qarşı qanunsuzluqda ittiham olunur.

Hava Nəqliyyatında Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi Elxan Quliyev bununla bağlı şahid ifadələri olduğunu deyir:

«İki süpürgəçi izahat verib ki, həqiqətən də iyunun 8-də Zərifə Məhəddinova hava limanında ictimai qaydanı pozub. İndi biz də Zərifə xanıma deyirik ki, sən özünü günahkar saymırsansa, şahidlərini gətir, onların da izahatını alaq. Amma xanım şahidlərini gətirtmir».

İyunun 8-də Türkiyədən qayıdarkən hava limanında 12 saat saxlanan Zərifə Məhəddinova həmin vaxt ona qarşı qanunsuzluq edildiyini bildirir. Deyir ki, onun yük çantasına gömrük işçiləri müdaxilə ediblər.

Hava Nəqliyyatında Polis İdarəsindən Elxan Quliyev də Zərifə Məhəddinovanın yük çantasının açılmasını təsdiqləyir. Amma deyir ki, Zərifə Məhəddinova ictimai qaydanı pozmadığını şahid ifadələri ilə sübut etməlidir. Bu olmasa, o, 50 manatdan 100 manata qədər cərimə olunacaq.

Vəkil Fəxrəddin Mehdiyev isə hesab edir ki, Zərifə Məhəddinova barəsində yığılan materiallar inzibati icraata əsas vermir:

«Süpürgəçilər hava limanı işçiləridir və onlar öz iş yerlərindən asılı adamlardır. Başqa cür də izahat verə bilməzlər».

Zərifə Məhəddinova isə ona qarşı olanları aktiv siyasi fəaliyyəti ilə əlaqələndirir.

***
Günün sonunda vəkil Fəxrəddin Mehdiyev AzadlıqRadiosuna bildirib ki, Zərifə Məhəddinovaya xəbərdarlıq olunub və bununla da iş qapadılıb.
XS
SM
MD
LG