Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 16:30

Jurnalistlər parlamentə cins şalvarda gələ bilməyəcək


Qırğızıstan parlamentində çalışan xanım jurnalist.
Qırğızıstan parlamentində çalışan xanım jurnalist.
Havalar qızdıqca, hər yerdə olduğu kimi, Bişkekdə də insanların geydikləri paltarlar azalır. Küçələrdə miniyubka, səndəl, çox açıq paltar geyinənlərə tez-tez rast gəlmək olur. Ancaq Qırğızıstan hökuməti bu cür geyinən adamları parlament dəhlizlərindən yığışdırmaq fikrinə düşüb.

Parlamentdəki «Ar Namus» fraksiyasının deputatı Tursunbai Bakir-uulu belə bir təşəbbüslə çıxış edib. O, parlamentin mayın 17-də keçirilən iclasında deyib ki:

«Bir neçə dəqiqə əvvəl fasilə vaxtı qarşımdan miniyubkalı, yarıçılpaq qız keçirdi. Mən başqa tərəfə də baxa bilərdim. Ancaq qarşıma baxmasaydım, yıxılardım».

Bundan sonra Tursunbai Bakir-uulu parlament binasında miniyubka və idman üslubunda geyinməyin qadağan olunmasını təklif edib.

Deputat «Twitter»də yazır:

«Sovet dövründə qırğız qadınları müsəlman tərzində - uzun paltar geyinirdilər və başlarını bağlayırdılar».

QARA, BOZ, GÖY, QƏHVƏYİ VƏ AĞ

Tursunbai Bakir-uulun'un bu təşəbbüsündən sonra parlamentin etika komitəsi parlament binasına daxil olacaq bütün şəxslər üçün vahid geyim tərzi barədə qanunun layihəsi təklif edib.
Qırğız parlamenti
Qırğız parlamenti

Layihədə deyilir ki, deputatlar, aparat işçiləri, jurnalistlər, parlamentə gələn bütün şəxslər açıq, idman tərzli paltarlar, futbolka, cins, səndəl geyinə və kəskin ətirlərdən istifadə edə bilməzlər. Bundan başqa, hətta tövsiyə olunan rənglər də göstərilir – qara, boz, göy, qəhvəyi və ağ. Parlaq rənglərdə olan paltarların geyinilməsinə icazə verilmir.

Bu qanun layihəsi gözlənildiyi kimi, cəmiyyətdə qızğın müzakirələrə səbəb olub. Müxalifətdə olan Ata Yurt Partiyasından deputat Dastan Djumabekov:

«Ətirlə bağlı qadağa tamamilə lazımsızdır. Hərənin fərqli ətirdən istifadə etmək haqqı var. Mən şəxsən həddən artıq miniyubkalara qarşıyam. İstərdim ki, qırğız qadınları orta uzunluqda geyinsinlər. Ancaq ətir və rənglərə hərə özü qərar verməlidir».
JURNALİSTLƏR ÜÇÜN ƏN YAXŞI GEYİM...

Jurnalist Bolot isə deyir ki, jurnalistlər xəbər hazırlamaq üçün tez-tez bir dövlət idarəsindən o birinə, o birindən də bu birinə gedirlər. Ona görə də, jurnalistlər üçün ən yaxşı geyim cinsdir.

Parlamentin sədr müavini Asiya Sasykabeva deyir ki, qanun qəbul olunsa, onu pozanların necə cəzalandırılacağı məlum deyil:

«Deyə bilmərəm ki, müəyyən cəzalar tətbiq olunacaq. Hər halda qanun qəbul olsa, biz bu haqda düşünəcəyik. Hamı fikirləşəcək ki, görəsən, mən düzgün geyinmişəm yoxsa yox? Bu hamıda intizam formalaşdıracaq».

Qanun layihəsi Qırğızıstan parlamentinin payız sessiyasında müzakirə olunacaq.
XS
SM
MD
LG