Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:40

İranlı gənc: «Mən narazı deyiləm. Qoy, edam etsinlər»


-
Yusif Ağayan
Yusif Ağayan
-
EDAM İCRA OLUNACAQ, YOXSA LƏĞV?

Yunis Ağayanın 29 yaşı var. O, 8 ildir İranda həbsxanadadır. Haqqında edam hökmü çıxarılıb.

İndi intizarla Tehrandan xəbər gözləyir. Ali Məhkəmə həmin hökmün icra edilməsi və ya ləğvi ilə bağlı qərar verməlidir. Gözlər Tehranda olduğu bu günlərdə atası Əyyub Ağayana zəng vurdum. Dedi ki, edam hökmü ləğv olunub:

- Əfv olunub.

- Özü bilirmi?

- Bəli.

Amma Yunis Ağayanın qohumlarından biri dedi ki, ataya yanlış xəbər veriblər. Çünki aldıqları məlumata görə, Yunisi iyunun 26-da yenidən ETTELAAT-a çağırıb deyiblər ki, adam öldürdüyünü yazılı etiraf etsin və tövbə etsin. Amma o, razılaşmayıb, adam öldürmədiyini deyib. Ailə yaxını deyir ki, Yunis Ağayanın qatil olduğunu sübut edən dəlil yoxdur. Buna görə də onu edam edə bilməzlər.

ƏHLİ-HAQQI FƏRQLƏNDİRƏN CƏHƏTLƏR...

Yunis Ağayan İslam dinində ələvi təriqətinə mənsub olduğu bildirilir. Ələvilər İranda dini azlıqdır. İranda dini çoxluq şiələrdir. Ələviliyin Misirdə, İraqda, Türkiyədə və Avropadakı türklər arasında daha geniş yayıldığı bildirilir. Ələvi təriqətinin əsasında 4 qapı və 40 məqam sistemi durur. Cəm halda toplanan ələvilər musiqi alətlərinin (xüsusən saz) müşayiəti ilə «həlqə namazı» deyilən və əyilib-durmalarla müşayiət olunan namaz qılırlar. Ələvilərdə 7 yasaq mühüm əhəmiyyət kəsb edir. Bunlar özündə-ələvilər arasında qardaşlıq, zinadan qorunmaq, qeyri-qanuni cinsi yaxınlıqdan çəkinmə və s. əməlləri birləşdirir. Onlar özlərini Əhli-Haqq adlandırırlar. Ələvilər Məhəmməd peyğəmbərin nəvəsi Əlinin yolunu davam etdiklərini söyləyirlər. Bəktaşilik və Qızılbaşların da bu təriqətin 2 mühüm qolları olduğu söylənir. Əyyub Ağayan deyir ki, əslində şiələrlə onlar arasında ciddi fərq yoxdur. Onun deməsinə görə, ciddi bir fərq uzun bığ saxlamalarıdır.

Hüquq müdafiəçisi Yaşar Hakkakpur isə deyir ki, ələvilər İranda təzyiqlərlə üzləşirlər. Xüsusən də bığ məsələsinə görə.

Yunis Ağayanın adının çəkilməsini istəməyən qohumu da bunu təsdiqləyir. O deyir:
Foto: Arxiv
Foto: Arxiv

«İranda Əhli-Haqq üzvlərinə iş vermirlər. Niyə? Çünki bığın var. Bəziləri təslim olur, etiqadından dönür. Ələvilər İranda sıxıntıdadırlar. Başlarından vurular ki, Allahla düşmənsiz, sizin əqidəniz heç nədir».

Yunis Ağayanın yaşadığı Üçtəpə kəndi də ələvi kəndidir. Deyilənə görə, bir gün rəsmilər onlara xəbərdarlıq ediblər ki, «uzun sivillərini», yəni bığlarını qısaltsınlar. Yunis Ağayanın qohumu danışır:
«Əhli-Haqqı sivillə (bığla – Ş.B.) tanıyırlar, bu, bizim dinimizdədir, etiqadımızdadır. Buna görə bizi hədələmişdilər».

ATIŞMA

Bığlarını qısaltmaq istəməyən ələvilər rədd cavabı veriblər. Onun deməsinə görə, 2004-cü ildə polislər kəndə basqın ediblər. Nəticədə atışma başlayıb. Həm kənd sakinlərindən, həm də polisdən ölən olub.

Bu hadisədən sonra 5 nəfər həbs edilib. Onlardan biri də Yunis Ağayandır. Onunla həbs olunan 5 nəfərdən biri – Mehdi Qasımzadə edam edilib. 3 nəfərlə bağlı ölüm hökmü isə sonradan dəyişdirilib, onlara 15 il yarım cəza verilib. Yunis Ağayanın qohumundan rəsmi ittihamın nə olduğunu soruşuruq:
«Rəsmi ittiham da budur ki, özləri gəlib bizi kənddə vurublar, həmlə ediblər. Ancaq deyirlər ki, siz nizami Cümhuri-İslam əleyhinə çıxmısız, qiyam etmisiz. Amma qiyamı onlar ediblər. Onlar evimizin içində bizi silahla vurub. 6 nəfərimizi öldürüb, 1 nəfərimizi edam ediblər.

Yaşar Hakkakpur
Yaşar Hakkakpur
Hüquq müdafiəçisi Yaşar Hakkakpurun dediyinə görə, İranda dini azadlıqların olmaması belə qarşıdurmalara, edamlara səbəb olur:
«Əlbəttə, İran hökumətinin haqqı var ki, məmləkətin əmniyyətinin təmin etmək üçün bəzi qanunlar qoysun. Amma sözümüz budur ki, edam hökmü insanlığa qarşıdır. Ayrıca ələvilərin İranda qanuni haqları da tanınmalıdır. Öz fikirlərini təbliğ etsinlər və basqı olmasın».

YUNİS AĞAYAN: «MƏN NARAZI DEYİLƏM, QOY, MƏNİ ÖLDÜRSÜNLƏR»

Bu günlərdə Yunis Ağayan doğmalarına məktub göndərib. Orda yazır:
«Cavanlığımı əlimdən alıblar, Əhli-Haqq olduğuma görə, Həzrəti Əlini çox istədiyimə görə məni həbsdə qocaldıblar. Mən yolumdan dönmərəm. Mən bu yolu düz bilmişəm. Bu yola baş tapşırmışam. Öz yoluma, pirimə baş qoymuşam və bu yoldan qayıtmaram. Düzdür, edə bilərdim. Bu yoldan qayıtsaydım, edam hökmü ləğv olunardı. Azad edərdilər məni. Amma imtina etmərəm. Bu əqidə mənim varlığımdır. Bu yolda böyümüşəm, bu yolda da gedəcəm. Mən Həzrət Əli yolu gedirəm və bığ saxlayıram. Buna görə məni öldürmək istəyirlər? Mən narazı deyiləm, qoy, öldürsünlər, qoy, edam etsinlər».

Yunis Ağayan həbsə 22 yaşında girib, cəmi 7 ay evli olub. 8 ildir həbsdədir. Haqqında 5 il həbs cəzası və edam hökmü çıxarılıb. Bu hökm ləğv oluna bilərmi? Yaşar Hakkakpur deyir ki, ehtimal azdır. Ancaq ümid sonuncu ölür...
XS
SM
MD
LG