Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 14:29

Şəmkirdə karvansara mübahisəsi...


Arxiv foto
Arxiv foto
Şəmkirin Çinarlı qəsəbəsinin sakini Nemət Bayramov AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, 20 ildən artıqdır ona məxsus olan Nərimanlı kəndindəki karvansara binasını əlindən almaq istəyirlər. O, Nərimanlı kənd bələdiyyəsinin sədri Şöhrət Qarayevdən şikayətçidir. Deyir ki, bələdiyyə sədri ondan 3 min dollar alaraq aldadıb. Yəni bu 3 min dollar əvəzində şəhərin icra başçısı baş memara göstəriş verməli idi ki, baş memar ona karvansaranın yerləşdiyi torpaq sahəsinə dair şəhadətnamə versin. Ancaq sonradan xəbər tutub ki, həmin torpaq sahəsi karvansara qarışıq başqasına satılıb.

Nemət Bayramov: «O karvansara köhnə abidədir. 1991-ci ildə karvansaranın mal tövlələrini, 2001-ci ildə isə binanın özünü qanuni almışam. Aldıqlarımı 2004-cü ildə özəlləşdirmişəm. 2006-cı ildə qanun çıxdı ki, özəlləşdirilən binaların altındakı torpağa da şəhadətnamə alınmalıdır. 2011-ci ilin may ayında torpağı özəlləşdirmək üçün kənd bələdiyyəsinə 412 manat pul keçirmişəm. Qərar da var, pulun qəbzləri də var. Getdim Şəmkir rayon icra hakimiyyətinə ki, baş memar Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinə rəy versin. İcra hakimiyyətindən dedilər ki, bu, yalnız başçının göstərişi ilə ola bilər. Həmin vaxtdan da başladılar süründürməyə, o atdı bunun üstünə, bu atdı onun üstünə».

KARVANSARA BAŞQASINA SATILIB

Nemət Bayramov süründürməçilikdən yorularaq başçı ilə görüşdüyünü, ancaq bundan sonra vəziyyətin daha da ağırlaşdığını deyir:

«Başçı dedi, tapşıraram araşdırsınlar. Araşdırma başlayanda üstü açıldı ki, mənə məxsus olan karvansara daha baha qiymətə başqasına satılıb. Nərimanlı kənd bələdiyyəsinin sədri çağırıb məsələni yoluna qoymaq üçün məndən 3 min dollar aldı. Bir həftədən sonra da 15 min dollar istədi. Gördülər pul vermək fikrim yoxdur, gəldilər ki, biz bu binaları uçurduruq. Mən 102 xidmətinə şikayət etdim, polis gəlib müdaxilə edəndən sonra qarşısı alındı».

PREZİDENT ADMİNİSTRASİYASINA ŞİKAYƏTDƏN SONRA...

Nemət Bayramov deyir ki, Bakıya gəlib Prezident Administrasiyasına şikayət edəndən sonra vəziyyəti daha da çətinləşib. O, rayona qayıdana qədər ailə üzvlərini çağırıb hədələyiblər ki, şikayətləri davam etdirsəniz karvansaranı başınıza uçurdacağıq.

Nərimanlı kənd bələdiyyəsinin sədri Şöhrət Qarayev isə deyilənləri təkzib edir:

«O karvansara tarixi abidədir, abidə kimi kəndin ümumi mülkiyyətinə aiddir. Ora satıla, bağışlana bilməz. Başqa məqsədlər üçün istifadəsi də qadağandır. Əvvəllər kimlərsə hansısa saxtalığa gedib oranı satıblarsa, bunun bizə aidiyyəti yoxdur».

Bələdiyyə sədri Nemət Bayramovun ona 3 min dollar rüşvət verməsini və ondan əlavə 15 min dollar istənilməsini də təkzib edib.

İcra hakimiyyətindən isə bildirdilər ki, Nemət Bayramovun icra hakimiyyətinə müraciətindən sonra araşdırma aparılarkən onun iddia etdiyi obyektin tarixi abidə olduğu üzə çıxıb.

Nemət Bayramov isə bələdiyyə sədrinin və rayon icra hakimiyyətinin mövqeyini qanunsuz hesab edir və məhkəməyə müraciət edəcəyini deyir.
XS
SM
MD
LG