Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:16

Sərhəd Xidməti «Azadlıq» qəzetini məhkəməyə verir


Foto: Arxiv
Foto: Arxiv
Dövlət Sərhəd Xidməti (DSX) «Azadlıq» qəzetini məhkəməyə vermək istəyir.

Bu barədə iyunun 22-də Xidmətin rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

DSX qəzetin 21 və 22 iyun tarixli saylarında Bakının Nərimanov rayonunda sərhədçilərə verilən yeni mənzillər haqda dərc olunan yazıya etiraz edir.

Xidmət bildirir ki, «Eurovision» mahnı müsabiqəsi başa çatandan sonra mənzillərin yararsız halda sərhədçilərə verilməsi barədə «Azadlıq» qəzetinin yazdıqları əsassız və böhtan xarakterli məlumatlardır:

«Bildiririk ki, «Eurovision» mahnı müsabiqəsi başa çatdıqdan sonra qeyd olunan binadakı mənzillər yaşayış üçün tam yararlı vəziyyətdə sərhədçilərə təhvil verilib. Mənzillərdə təmirlə bağlı hər hansı çatışmazlıq mövcud deyil».

DSX qəzetin yazdıqlarının qurumun işgüzar nüfuzuna xələl gətirdiyini düşünür.

Rahim Hacıyev
Rahim Hacıyev
«Azadlıq» qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev isə iddianı yersiz sayır. O bildirir ki, bu barədə məlumatları qəzetə həmin binanın sakinləri verib:

«Biz də bunu yazmışıq. Bunun Sərhəd Xidmətinə, yaxud onun işgüzar nüfuzuna nə dəxli var, mən bunu anlaya bilmirəm».

R.Hacıyev deyir ki, Sərhəd Xidməti redaksiyaya məsələ ilə bağlı hər hansı mövqe göndərərsə, onu dərc etməyə hazırdırlar.

Məqalə müəllifi Ramin Deko də yazdıqlarının həqiqət olduğunu bildirir:

««Eurovision»dan qabaq mən həmin binada olmuşdum, o, binaya müvəqqəti olaraq «Miratti» oteli adı da verilmişdi. Bu yaxınlarda mən müştəri kimi ora getdim, dedim ki, burda qalmaq istəyirəm. Dedilər ki, artıq bura otel deyil. Mən sakinlərlə söhbət etdim, hamı dedi ki, artıq bura otel deyil. Onlar öz mənzillərinə qayıdıblar və onların mənzillərinə quraşdırılan bütün avadanlıqlar aparılıb. Elə gözümün qabağında bir neçə yük maşını var idi, onlara evlərdəki avadanlıqlar yüklənirdi. Hətta orda bir nəfər məni fəhlə zənn edib avadanlığın daşımasına kömək etməmi istədi».
XS
SM
MD
LG