Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:03

Magistraturaya qəbul imtahanlarının ikinci mərhələsi iyunun 24-də keçiriləcək


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 24-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarının ikinci mərhələsini keçirəcək.

APA-nın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, imtahanın ikinci mərhələsində iştirak edəcək bakalavrlar iyunun 4-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramlarından birini seçib təsdiq etdiriblər. Bu hüquqa malik olan bakalavrlardan 8529 nəfəri qəbul proqramını seçərək təsdiqlədib. Onlardan 7418 nəfəri Azərbaycan bölməsinin, 1111 nəfəri isə rus bölməsinin məzunudur.

Bakalavrların 3661 nəfərini oğlanlar, 4868 nəfərini isə qızlar təşkil edir. 5110 nəfər ali təhsil müəssisələrinin builki, 3419 nəfəri isə əvvəlki illərin məzunlarıdır. Bakalavrlardan 7652 nəfərinin Bakıda, 221 nəfərinin Naxçıvanda, 656 nəfərinin Gəncədə imtahan verəcəyi nəzərdə tutulur. İmtahanın keçirilməsi üçün Bakıda 11, Naxçıvan və Gəncənin hər birində isə 1 imtahan mərkəzi ayrılıb.

İmtahan saat 13.00-da başlayacaq və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaq. İmtahanın nəticələri TQDK-nın rəsmi saytında yerləşdiriləcək. Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar iyunun 27-dən 29-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.
XS
SM
MD
LG