Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

60 evdən ibarət Kötəl kəndinin saysız problemləri [Video]


Gözdən uzaq Kötəl kəndi
Gözlə

No media source currently available

0:00 0:05:44 0:00

Gözdən uzaq Kötəl kəndi

Bakı-Salyan yolunun üstündə 60 evdən ibarət kiçik bir kənd var - Kötəl kəndi. Bu kəndə getmək heç planımızda yox idi. Əgər yolda həmin kəndin sakinləri ilə rastlaşmasaydıq. Sakinlər elə yoldaca problemlərindən danışıb onlarla getməyimizi xahiş etdilər ki, bəlkə vəziyyətlərini görüb onlara da bir gün ağlayan ola:

- «Yolumuz yox, suyumuz yox, dayanacağımız yox, məktəbimiz yox».

Kötəl Ələt qəsəbəsindən törəmə kiçik bir kənddir. Söhbətləşdiyimiz kənd sakinləri bir problemləri haqda danışıb qurtarmamış digərinə keçirdilər:

«NƏ BAĞÇA, NƏ MƏKTƏB, NƏ DÜKAN, NƏ DƏ BAZAR VAR»

- «Gözümüzü açandan bu kənddə bir şərait görməmişik. Nə bağça, nə məktəb, nə dükan, nə də bazar var. Suyumuz gəlmir. İmkanımız çox pisdir. Bax bu saat bağ-bağçamız alışıb yanır. Özümüz susuzluqdan bilmirik nə edək. Hamam yox, su yox. Biz elə bil ki qışlaq şəraitində yaşayırıq».

Kötəl kəndində 30 ildən artıqdır məktəb yoxdur. Məktəblilər dərsə qonşu kəndə gedirlər. 66 yaşlı Gülnigar Məmmədova 7 yaşlı nəvəsini göstərib söhbətə başlayır:

«XAHİŞ EDİRƏM İLHAM ƏLİYEV BİZİM DƏ KƏNDƏ BAXSIN»

- «Bax bu nəvəm bu il birinci sinfə gedəcək. Bəs, mən bunu necə aparıb gətirəcəm? Avtobuslar da bizim kəndin uşaqlarını götürmürlər. Qorxurlar ki, uşaqları əsas yolda maşın vurar. Bizim kəndə baxan yoxdur. Xahiş edirəm İlham Əliyev bizim də kəndə baxsın, yol çəkdirsin, məktəb tikdirsin».

- «Mənim iki uşağım 3-4 kilometr aralı qonşu Şıxlar kəndinə gedir. İki il qışda soyuqda dərsə gedə bilmədilər. İndi də attestat ala bilmirlər».

4-cü sinif şagirdi Ayşən Eyvazlı məktəbə necə gedib-gəlməsi haqda danışır:

«DƏRSƏ GECİKİRƏM»

Ayşən Eyvazlı
Ayşən Eyvazlı
- «Səhər saat 6-da dururuq. Maşın 8-ə işləmiş gəlir. Amma elə olur, ya tez gəlir, ya da gec. Soyuqda yolda avtobusun gəlməyini gözləyirik. Dərsə də gecikirəm. Onda da müəllim hirslənir».

Kəndin içinə avtobus işləmir deyə Ayşən kənddəki digər məktəblilərlə birlikdə Bakı-Salyan yolunun kənarında gözləməli olur. Kötəl kənd sakinləri deyirlər ki, uşaqlarının həyatı hər gün təhlükə altındadır. Uşaqlar Bakı-Salyan magistral yolunun kənarında avtobus gözləyir, yüksək sürətlə hərəkət edən yolu keçib dərsə gedirlər. Kənd sakinlərinin sözlərinə görə, burada bir piyada keçidinin tikintisi ilə bağlı yerli icra nümayəndəsinə çox saylı müraciətlər ediblər. Amma nəticə olaraq 3 il əvvəl yol qırağındakı yeganə avtobus dayanacağı da yığışdırılıb:

«YOLUN KƏNARINDA DAYANACAQ VARDI ONU DA SÖKDÜLƏR»

- «Yolun kənarında dayanacaq vardı onu da sökdülər. Yola çıxıb günün altında qalırıq».

- «Qışda çıxırıq yolda əsirik. Qar, çovğunun altda qalırıq. Zülm çəkirik».

Günəşin istisindən qabarmış torpaq yollarla Kötəl kəndinə doğru irəliləyirik. Yolun kənarı ilə axan çirkab sularının üfunətli iyi bir neçə metrlikdən hiss olunur:

«MƏCBUR OLUB MAL PEYİNİ YANDIRIB AĞCAQANADLARLA MÜBARİZƏ APARIRIQ»

- «Kanalizasiya kəndin ortası ilə axır. Daha biabır olmuşuq. Axşamlar ağcaqanadın əlindən otura bilmirik. Məcbur olub mal peyini yandırıb ağcaqanadlarla mübarizə aparırıq».

- «Bax o yuxarıdan gələn çirkab suyu tökülür kəndin ayağına. Bizim də evlər kəndin aşağısındadır. Vallah gün istisində kanalizasiyanın iyindən, axşam da ağcaqanad əlindən evdə otura bilmirik. Bütün xəstəlikdir sağımız, solumuz».

«ÖMÜR BOYU KANALİZASİYA GÖRMƏMİŞİK»

- «Ömür boyu kanalizasiya görməmişik».

Biz Kötəl kəndinə çatanda günorta saat 13 olardı. İstidən qorunmaq üçün ağac, kölgəlik bir yer axtararkən günün altında paltar yuyan bir qadını görüb ona yaxınlaşdıq. 66 yaşlı Zəminə Məmmədova deyir ki, kəndə gələn suyun təzyiqi az olduğundan evlərə gəlib çatmır. Ona görə də kənd camaatı vedrə ilə su daşıyır, pal-paltarını kənardaca yumalı olur:

- «66 yaş az deyil. 5 gün görəcəyik, o da belə. Mən də istəyirəm bir gün görüm. Uşaqlarım işləmir. Gəlirlər ay ana, pul ver. Mən də təqaüd alıram, nə pulum var ki, onlara da verim? Gedirlər günü 5-10 manata saatlarla fəhləlik edirlər. Gəlirlər evə su tapa bilmirlər ki, yuyunsunlar».

Çox keçmədi ki havanın istisinə baxmayaraq kəndin müxtəlif yerlərindən sakinlər başımıza yığışdılar. Problemlərinin həll olunacağı ümidi ilə dayanmadan danışmağa başladılar:

- «Bizim suyumuz gəlmir. Suya görə zülm çəkirik. Yolumuz bu vəziyyətdədir. İşimiz yoxdur. Yaşayışımız da bu vəziyyətdədir. Heç kim bizimlə maraqlanmır nə icra nümayəndəsi, nə bələdiyyə».

- «Qışda zülm çəkirik. Yollarımız torpaqdan. Qışda avtobuslar bizim kənddən adam götürmür ki, hamı zığ-palçığın içində qalıb. Yayda külək qalxanda torpağın əlindən dura bilmirik».

ƏLİ QABARLI İŞSİZLƏR...

Bu kənddə işsizlikdən də dad deyirlər.

Vüqar Baxşəliyev peşəkar sürücüdür. deyir ki, iş üçün döymədiyi qapı qalmayıb:

- «Mənim 5 uşağım var. 7 nəfər ailə üzvüm var. Özüm də peşəkar sürücüyəm. Mən iş tapa bilmirəm. Hara gedirəm iş yoxdur. Bir evdən 5 nəfər işsizdir. Bura yığılanların hamısı işsizdir».

Kənd camaatı ya fəhləliklə, ya da Bakıya alverə gedərək dolandıqlarını deyirlər. 43 yaşlı Oqtay Gəncəliyev həftədə bir neçə dəfə Bakıya süd-qatıq satmağa gedir. Deyir ki, istilər düşəndə apardığı məhsullar xarab olmasın deyə dəyər-dəyməzinə satıb qayıdır. Çox vaxt evə ziyanla qayıdır. Ailəsini dolandırmaq üçün başqa əlacı yoxdur:

«BAKIYA QATIQ-SÜD APARIRAM»

- «Burdan Bakıya qatıq-süd aparıram. Nağd-nisyə verib gəlirəm, başqa əlacım yoxdur. Nə edim bilmirəm? Necə yaşayım? Ailəmi nə ilə dolandırım?».

30 yaşlı Tural Məmmədov isə qabarmış əllərini göstərib deyir ki, qazandığı pulla qoca anasına baxır:

- «16 ildir əsgərlikdən qayıtmışam. Həmin gündən indiyəcən qum vurmaqla dolanıram. Bütün günü maşınlara qum doldurub 5-10 manat qazanıram. Əgər bu pulu qazanmasam mənim evdə 80 yaşlı anam ac qalar».

Kənd sakinləri sahibkarlıqla məşğul olmaq üçün də imkanların getdikcə məhdudlaşmasından gileylənirdilər.

İşsiz sahibkarlar
İşsiz sahibkarlar
43 yaşlı Sahib Kamalova deməsinə görə, ailə vəziyyəti nəzərə alınaraq 1993-cü ildə Qaradağ rayon icra hakimiyyətinin sərəncamı ilə Bakı-Salyan yolunun kənarında 12 kvadrat metr torpaq sahəsi ayrılıb. Sahib Kərimov qeyd edir ki, 15 ildən artıq həmin torpaq sahəsində təkər təmiri sexi işlətməklə dolanıb. Yanında da bir-iki nəfər kənd sakini işləyirmiş. Amma obyekti söküləndən sonra qalıb işsiz-gücsüz:

RƏHBƏRLİYİN GÖZÜNDƏN İRAQ...

- «3-4 il bundan qabaq gəldilər sökdülər. Əvəzində də heç bir kompensasiya vermədilər. Bizə dedilər ki, rəhbərlik buradan keçəndə bu obyektləri görüb və bəyənməyib. Bizə bildirdilər ki, sizə yeni yer ayrılacaq, orada fəaliyyətə başlaya bilərsiniz. Amma hələ də qalmışıq gözləyə-gözləyə».

Sahib Kamalov yol qırağında obyekti sökülən 60 sahibkardan biridir. Sahibkarlar deyirlər ki, sökülən obyektlərinin əvəzində onlara nə kompensasiya, nə də alternativ torpaq təklif olunub:

Kötəl kəndində işsizlik problemi
Kötəl kəndində işsizlik problemi
- «2008-ci ilin sentyabrında sökülüb. Sonra bizə dedilər ki, yol kənarından 50 metr aralıda tikmək olar. Mən «fundament» töküb tikməyə başladım, yenidən gəlib sökdülər. Bizim dolanacağımız yalnız budur. Ticarətlə məşğul olan adamlarıq. Bizə heç bir yardım olunmur. Bizim əlimizi hər tərəfdən kəsirlər».

Ələt qəsəbəsi üzrə icra nümayəndəsi Nizami Mehdiyev isə sökülən obyektlərlə bağlı şərh vermək istəmir. Bununla belə qeyd edir ki, Kötəl kəndinin problemləri tezliklə həll olunacaq:

«BÜTÜN PROBLEMLƏR TEZLİKLƏ HƏLL OLUNACAQ» VƏ YA SÖZ VAXTINA ÇƏKƏR...

- «Kötəl kəndinə yeni yol, su və kanalizasiya xəttinin çəkilməsi nəzərdə tutulub. Bütün problemlər tezliklə həll olunacaq».

Nizami Mehdiyevin sözlərinə görə, iyunun 20-də rayon icra hakimiyyətində keçirilən iclasda Kötəl kəndinin problemlərinə də toxunulub. Orada vurğulanıb ki, Kötəl kənd sakinləri üçün Bakı-Salyan magistral yolunun üzərində müasir standartlara uyğun asma-piyada keçidi salınmalıdır.
XS
SM
MD
LG