Keçid linkləri

Təcili xəbərlər
2023, 01 Oktyabr, bazar, Bakı vaxtı 20:41

Zəlzələ barədə fikirlər haçalanır...


Foto: Arxiv
ABŞ-ın Massaçusets Texnoloji İnstitutunun (MIT) alimləri Bakı şəhərinin güclü zəlzələ riski altında olduğu barədə xəbərdarlıq edirlər.

Amerikalı alimlər Azərbaycan Milli Elmlər Akademiyasındakı həmkarları ilə birlikdə 10 ildən artıq Bakı və ətraf rayonların geoloji müşahidəsini aparıblar.

Müşahidə GPS sistemi vasitəsilə həyata keçirilib. Müxtəlif ərazilərdəki geoloji gərginlik ocaqlarının hərəkət dinamikası barədə statistik - rəqəmsal məlumatlar toplanaraq təhlil edilib.

«2008-Cİ İLDƏ ONLARIN PROQNOZU ÖZÜNÜ DOĞRULTMADI»

Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Tahir Məmmədli deyir ki, indiyə qədər heç bir GPS avadanlıqları ilə seysmoloji proqnoz verilməyib və bu, mümkün deyil. O, ABŞ alimlərinin bu araşdırmasını ciddi qəbul etmir. O deyir ki, 2008-ci ildə həmin mütəxəssislər 3 ay ərzində Bakıda zəlzələ olacağını açıqlamışdılar, amma gözlənilənlər özünü doğrultmadı:

QOBUSTAN VƏ BAKI MÜQAYİSƏSİ
Tahir Məmmədli
Tahir Məmmədli

«Seysmik təhlükə Qobustanda 10 bal olsun, orda heç bir risk yoxdur. Çünki heç kim ölməyəcək, nə də bina aşmayacaq. Bina yoxdur axı. Bakı şəhərində seysmik risk böyükdür. Hətta rayonları bölmüşük - Səbaildə daha böyükdür, Nəsimidə daha azdır, Xətaidə ondan da azdır. Bunları biz etmişik. Amerika alimləri nəyi ortaya çıxarıblar? Hansı yenilikdir ki bu? Mətbuata buraxıblar, camaatı panikaya salıblar. Bu, düzgün deyil. Mən şəxsən düşünürəm ki, savadsız və məsuliyyətsiz çıxışdır».

Tahir Məmmədli deyir ki, Bakıda və Abşeronda güclü zəlzələ ocağı yoxdur, bu əraziyə seysmik təhlükəni Xəzər dənizində olan ocaqlar yaradır. O əlavə edir ki, Bakıda gözlənilən zəlzələ gücü zaman-zaman dəyişdiyi üçün binaların davamlılığı da fərqlidir:

BAKIDA ZƏLZƏLƏ İLƏ BAĞLI ALİMLƏRİN SƏHVİ...

«Seysmik rayonlaşdırma xəritəsi var. 78-ci ildə məlum oldu ki, səhv hesablayıblar, Bakıda zəlzələ 7 bal ola bilər.
Bakı
Bakı
Deməli, 78-ci ilə qədər binaları 6 bala qarşı tikiblər, 78-ci ildən sonra 7 bala qarşı. 91-ci ildə Ermənistanda Spitak zəlzələsindən sonra məlum oldu ki, alimlər yenə də səhv ediblər, zəlzələ daha güclü ola bilər. İndi deyirlər ki, Bakıda və Abşeronda zəlzələ 8 bal gücündə ola bilər».

«Abşeron rayonu və Bakı şəhərinin zəlzələ və sürüşmə risklərinin öyrənilməsi» layihəsində çalışan ekspert Fəqan Əliyev isə deyir ki, hazırda bütün dünyada seysmik aktivlik artıb. Onun fikrincə, Bakıda aparılan tikinti işləri zəlzələyə hesablanmayıb:

«YAZIQDIR CAMAAT»

«Nə tikinti nəzərə alınıb, nə şəhərsalma, nə də ki - yazıqdır camaatımız – zəlzələnin nəticələri».

Azərbaycan Geologiya İnstitutunun Seysmologiya və Geodinamika şöbəsinin müdiri Fəxrəddin Qədirov MIT alimləri ilə bu layihədə birlikdə çalışıb. O demişdi ki, son araşdırmada zəlzələ proqnozu verilməyib. Sadəcə, zəlzələ baş verəcəyi halda Bakıda ehtimal olunan fəsadlardan söz açılıb.
XS
SM
MD
LG