Keçid linkləri

2025, 13 İyun, Cümə, Bakı vaxtı 14:03

Bakıda nadir tar ustalardan biri - Usta Rəşid [Video]


Usta Rəşidin tarlı-kamançalı dünyası...
Gözlə

No media source currently available

0:00 0:05:22 0:00

Usta Rəşidin tarlı-kamançalı dünyası...

Bu
Usta Rəşid Məmmədov
Usta Rəşid Məmmədov
kiçik emalatxana muğamla, təsniflə, tarla, kamanla nəfəs alır. Çünki bu emalatxananın sahibi – usta Rəşid Məmmədov burdakı milli musiqi alətlərinin – tarın, kamançanın, sazın həkimidir. Usta Rəşid bu musiqi alətlərinə can verir, onları yaradır, hazırlayır. "Xəstələnənləri", təmirə ehtiyacı olanları isə bərpa edir:

«Bu, tarın qoludur. Əvvəlcə onun çanağını düzəldirik, sonra qolunu, bir-birinin içinə salıb pərdələrini bağlayırıq, sonra simlərini salıram…».

66 yaşlı Rəşid Məmmədov ilk musiqi alətini – tarı 70-ci illərdə hazırlayıb. Elə o vaxtdan ömrünü tara-kamana həsr edib. 90-cı illərdən sonra isə bu emalatxananı açıb.

Usta Rəşidin emalatxanasında 100 yaşlı sədəfli tar da, təmiri hələ yarımçıq kamança da var:

«Bu, sədəfli tardır, 100 yaşı var. Yaşı onun baş hissəsindən məlum olur. Sədəflər əslində gözəllik üçündür, səsə dəxli yoxdur».

Usta arada suvenir kimi məşhur tar-kaman- qaval üçlüyünü də hazırlayır. Deyir ki, ən tezi bir aya başa gələn bu zəhmətli işin qiyməti 200-300 manat olsa da, alıcısı azdır. Rəşid Məmmədov tarın bərpa işlərinin – pərdə taxılıb sim salınmasının 20-25 manata başa gəldiyini deyir. O ki qaldı tarı hazırlamağa:

TARIN HAZIRLANMASI ƏN AZI BİR İLƏ BAŞA GƏLİR

«Ağacı kəsib gətirəndən sonra əvvəlcə onun çanaq hissəsini hazırlayıram.
Usta Rəşidin emalatxanası
Usta Rəşidin emalatxanası
Çanağını mütləq qurutmaq lazımdır. Sonra onun qolunu hazırlayıb yığırsan. Bundan sonra onun üstündən ən azı bir yay keçməlidir. Nə qədər qalıb qurumuş olsa, bir o qədər keyfiyyətli olar. Onun üçün çoxları köhnə tar axtarır. Çünki artıq o qurumuş olur, səsi də gözəl çıxır. Kamançanı isə bir həftəyə düzəldərsən, çalar, ancaq ona dəzgah lazımdır».

Hazırlanması bir ilə başa gələn tarın qiyməti 400-500 manatdır.

BARMAQLA SAYILAN USTALAR

Ustanın emalatxanası həmişə qonaq-qaralıdır. Bura dostları-tanışları da gəlir, yoldan keçəndə emalatxananın qarşısında ayaq saxlayanlar da olur.

«Salaməleyküm. Yorulmayasan, işin avand olsun. Yoldan keçirdim, dedim girib baxım. Maşallah, gözəl iş görürsən».

50 ilin musiqi müəllimi Əkrəm Əsədov da yolunu tez-tez usta Rəşidin emalatxanasından salır. Əkrəm müəllim deyir ki, indi Rəşid Məmmədov kimi ustalar tək-tükdür:
22 yaşlı Rəşad Həsənli
22 yaşlı Rəşad Həsənli

«Tar çox zəngin alətdir. Bütün əsərlər tarda ifa oluna bilər. İllər boyu arzu eləmişəm ki, Sadıqcanın heykəli qoyulsun, bir də musiqi alətləri fabriki olsun. Necə ki əvvəllər Şuşada belə bir fabrik vardı. Həmin fabrikdə 150-200 adam işləyirdi. Həmin 200 nəfərdən heç olmasa, 20-30-u usta çıxırdı».

SEHRLİ SƏNƏT

Ancaq usta Rəşid ümidsiz deyil. Çünki onun yanında bildiklərini öyrətdiyi şagirdi var. Usta Rəşidin şagirdi, 22 yaşlı Rəşad Həsənli özü tar üzrə musiqi təhsili alıb. Musiqinin sirlərini öyrənə-öyrənə milli musiqi alətlərinin də sirrini öyrənməyə çalışıb:

«Mizrab tarın döyünən ürəyidir. Mizrabı saz saxlamaq lazımdır. Bu sənət isə çox gözəl, sehrli sənətdir. Qoruyub-saxlamaq üçün davam etdirmək lazımdır. Demək olar ki, yaşadan yoxdur. Ona görə bu peşəni seçdim».

Usta Rəşidin tarları, kamançaları, sazları – sehrli dünyası «Kömürçü bazarı» yaxınlığındakı kiçik bir emalatxanaya sığınıb. Usta deyir ki, əsas yerin kiçikliyi yox, musiqi dünyasının genişliyidir. Musiqi müəllimi Əkrəm Əsədovun ifası isə usta Rəşidin sehrli dünyasını musiqiyə qərq etmişdi.
XS
SM
MD
LG