Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:37

Şahmatla bombanı zərərsizləşdirən 11 yaşlı azərbaycanlı


Samir Səmədov
Samir Səmədov
«ŞAH OLMAQ XOŞUMA GƏLİR»

«2009-cu ildə İngiltərənin Lancashire qraflığında yarışma keçirilirdi, yarışma boyunca səviyyələri dəyişirdim, əvvəl «peşka» olmuşdum. Birinci, ikinci ola-ola axırda şah olmuşdum. Şah olmaq xoşuma gəlir».

Həmsöhbətim 10 yaşlı Samir Səmədovdur. 4 ilə yaxındır Bakıdan köçüb, Londonda yaşayır. Bir gün xarici mətbuatda azərbaycanlı uşağın filmə çəkilməsi barədə bir xəbər oxudum. Xəbərə nə qədər sevinsəm də, davamını oxuyub xeyli kədərlənmişdim. Elə Samirin özü də sən demə həmin yazıda qeyd olunanlarla bağlı bir müddət depressiyada olubmuş. Niyəsi barədə birazdan...

Samir 5 ildir şahmatla məşğul olur və hazırda da 11 yaşlılar arasında İngiltərə yığmasında oynayır. Ən böyük arzusu isə bir gün şahmat üzrə dünya çempionu olmaqdır. Anası Samirə deyir ki, İngiltərədə 60 min şahmat oyunçusu arasından 20 uşaq seçilib ki, biri də Samirdir. «Yeganə azərbaycanlı uşaqdır ki, İngiltərədə 11 yaşlılar komandasında oynayır»:

BRİTANİYADA AZƏRBAYCANLI ŞAHMATÇILARA HÖRMƏT BƏSLƏYİRLƏR

«Samirin şahmat kitabçası var – şahmatda fiqurların gedişlərinin qeyd olunduğu kitabça – ona Azərbaycan bayrağı üzlüyünü çəkib və yarışmalara da gedəndə onu götürür, azərbaycanlı olduğunu bilirlər. Burda şahmat aləmində azərbaycanlılara hörmət bəsləyirlər, çünki güclüdürlər».

Samir İngiltərə, Lancashire və London üzrə bir-neçə dəfə birinci, 2010-cu ildə isə Britaniya üzrə şahmat çempionatında 8 yaşlılar arasında 2-ci yerləri tutub. Gələn ay Britaniya Çempionatında çıxış edəcək, sentyabrda isə komanda ilə birgə Belçikaya səfər edəcək.

10 yaşlı şahmatçı ən yadda qalan hadisələrdən biri kimi keçmiş dünya çempionu Harri Kasparovla görüşü xatırlayır:

«Dünyanın ən yaxşı oyunçusu Kasparovla görüşmüşəm, mənimlə şəkli də var. Ancaq vaxtı yox idi mənimlə oynamağa. Çünki Londonda yarışmada iştirak edirdi, ona görə, hazırlaşırdı».

Azərbaycanlı şahmatçılar Rauf Məmmədov, Nicat Məmmədovun da imzaladıqları kitabı da saxladığını deyir.

Samir indi 10, 11 yaşlılarla yanaşı böyüklərlə də şahmat oynayır: «Müxtəlif yaşlar ola bilər, 18-dən 50-ə, ya da 60-ə kimi, çox qoca adamlar da var, onlarla da oynayıram. Hərdən onlar məni, hərdən də mən onları uduram».

ŞAHMAT HARA, KİNO HARA?

10 yaşlı şahmatçı bu ilin fevralında qısametrajlı filmə də çəkilib. Ancaq filmə çəkilməyinə səbəb həmin vaxt səhhətindəki bəzi problemlər olub. Xeyriyyə təşkilatlarından biri ona dəstək olmaq üçün kinoya çəkilmək arzusunu yerinə yetirib.
Samirin anası izah edir:

«Burda hətta uşaqda kiçik xəstəlik olsa da təşkilatlar dəstək məqsədilə uşaqların arzularını yerinə yetirməyə çalışırlar. Evə gəldilər, Samirlə maraqlandılar.Və Samir də öz arzusunu irəli sürdü, kinoya çəkildi. Kinosu çox uğurlu oldu. Ancaq sonra yanlış məlumatlar yayıldı, ki, guya onun səhhətində ciddi problemlər var».

Anasının deməsinə görə, Samir kinosunun təqdimatı zamanı, qırmızı xalının üstündən keçib getməkdən nə qədər zövq alsa da, yanlış xəstəlik xəbərləri onda bir müddət ruh düşkünlüyü yaradıb: «Samir istəyir ki, öz uğurları ilə qabağa getsin, xəstəliyi ilə yox».

Qayıdaq Samirin Londonda filmə çəkilməsinə. Kinoya çəkilmək arzusu barədə soruşanda «uşaqlıqdan kinoya çəkilmək arzum vardı, yerinə yetdi» cavab verir.

OLİMPİADANI DAĞITMAQ İSTƏYƏNLƏRİ DAYANDIRIRAM

«10 dəqiqəlik qısametrajlı filmdir, bir nəfər istəyir London Olimpiya oyunlarını dağıtsın. Mən isə həmin adamı dayandırıram, qoymuram. Şahmat oynaya-oynaya bombanı zərərsizləşdirirəm. Özü də bir aktyor var filmdə, Holywood-dandır, adı da Danny John-Jules-dur. O, kinoda mənim şefim idi».

Samir üçün ən əlamətdar hadisələrdən biri də film çəkilişləri zamanı Böyük Britaniya baş nazirinin kabinetinə dəvət olunması və hətta nazirin şəxsi kreslosunda belə oturması olub.

- Kinonun ssenarisi kimin ideyası idi?

- Mənim ideyam idi, yaxşı alındı, çox gözəl idi.

- Demək sən böyük arzularından birinə çatıbsan artıq.

- Yenə də çəkilmək istəyirəm.

- Şahmatçı, ya kino ulduzu olmaq istəyirsən?

- Hamısından olmaq istəyirəm...

Samir Səmədovun çəkildiyi qısametrajlı filmi burdan izlə.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG