Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:48

Azərbaycanın ən uzun körpüsünə avtomobillərin çıxışı pullu olacaq


Nəqliyyat Nazirliyinin şöbə müdiri Sədrəddin Məmmədov APA-ya bildirib ki, artıq layihənin texniki iqtisadi əsaslandırılması başa çatıb. Bu layihə Nəqliyyat Nazirliyi tərəfindən Nazirlər Kabinetinə göndərilib və hazırda müvafiq dövlət orqanları tərəfindən baxılır.

Hesablamalara görə, uzunluğu 17 km olacaq bu körpünün tikintisi təqribən 2 mlrd. dollara başa gələcək.

Amma S.Məmmədov bildirib ki, bu təkcə nəqliyyat deyil, həm də turizm layihəsi olacaq və burada şəhərin abadlaşdırılması elementləri də əksini tapacaq.

İlkin plana görə, layihənin həyata keçirilməsi qərara alınarsa, bunun üçün beynəlxalq konsorsium yaradılacaq, həmin konsorsium körpünün detallı layihəsini hazırlayıb təsdiq edəndən sonra onun tikintisini həyata keçirəcək. Tikinti başa çatandan sonra konsorsium onun idarəetməsi ilə məşğul olacaq: «Həmin şirkət idarəetmə dövrü ərzində bura yatırdığı vəsaiti götürəndən sonra körpünün idarəetməsi Azərbaycan tərəfinə veriləcək». Şöbə müdiri təsdiqləyib ki, tikiləcəyi təqdirdə bu körpüdən istifadə pullu olacaq, amma burada gediş haqqının məbləğinin nə qədər olacağını indidən demək mümkün deyil. Amma elə səviyyədə olacaq ki, bundan hamı istifadə edə bilsin.

S.Məmmədovun sözlərinə görə, bu körpünün tikintisi nəqliyyatın hərəkətini dəfələrlə asanlaşdıracaq, həm şəhərdəki tıxac probleminin həllinə, həm də ekoloji vəziyyətə müsbət təsir edəcək. Belə ki, körpü istifadəyə veriləndən sonra avtomobillə Zığ dairəsindən Lökbatandakı ticarət mərkəzlərinə getmək üçün cəmi 6 dəqiqə vaxt lazım olacaq.

Qeyd edək ki, marşrut boyunca körpüdən kənara çıxışlar olmayacaq, əvəzində burada quraşdırılmış xüsusi liftlər vasitəsilə insanlar Xəzər dənizindəki bəzi adalara enə biləcəklər, oradan isə su taksiləri vasitəsilə gəzintiyə çıxa biləcəklər.
XS
SM
MD
LG