Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:22

Suriyada uşaqlardan canlı qalxan kimi istifadə olunur


Suriya - Rastan şəhərində uşaqlar qum kisələrinin arxasında gizlənib
Suriya - Rastan şəhərində uşaqlar qum kisələrinin arxasında gizlənib
Suriyada uşaqlardan canlı qalxan kimi istifadə edilir. Uşaqları həbs edir, işgəncə verirlər. Bu haqda BMT-nin Uşaqlar və Silahlı Münaqişələr Təmsilçiliyinin yaydığı hesabatında məlumat verilir.

Hüquq müdafiəçilərinin məlumatına görə, keçən il martından Suriyada 1200 uşaq həlak olub. Bu il martın 9-da İdlib əyalətindəki Aynel-Aruz kəndi darmadağın olub. Hökumət qoşunları kəndi mühasirəyə alıb. Kənd dörd gün mühasirədə qalıb. Uşaqlardan isə canlı qalxan kimi istifadə edib.

BMT-nin silahlı münaqişələrdən əziyyət çəkən uşaqların işi üzrə nümayəndəsi Radhika Coomaraswamy bildirib ki, «uşaqlara işgəncə verilməsi ilə bağlı şahid ifadələri var. Bundan başqa tankların atəş açmaması üçün onlardan qalxan kimi istifadə olunması haqqında da uşaqların ifadələri var».

Hesabatda bildirilir ki, bəzi uşaqlar gözləri bağlı elektrik kabelləri ilə döyülüb, siqaretlə yandırılmaqla qorxudulub, sorğu-sual zamanı elektroşoka məruz qalıb.

Radhika Coomaraswamy Suriyada silahlı müxalifətin uşaqlardan əsasən sanitar kimi istifadə etdiyini də bildirib.

BU CİNAYƏTLƏRİN SÜBUTUDUR

BMT-nin baş katibi Ban ki-Moon hesabatla bağlı bildirib ki, «bu, uşaqlara qarşı törədilən ciddi cinayətlərin sübutlarıdır». Ban ki-Moon BMT müşahidəçilərini Latakiya əyalətinin Haffa şəhərinə buraxılmasını da tələb edib. BMT bu şəhərdə kütləvi qətllər törədiləcəyindən narahatdır.

BMT Suriyanın daha bir şəhərində - Haffada kütləvi qətllərin ola biləcəyindən narahatlığını bildirib.

BMT MÜŞAHİDƏÇİLƏRİ HAFFAYA BURAXILMIR

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan bildirib ki, hakimiyyət BMT müşahidəçilərini Haffaya buraxmayıb. Bu şəhərdən isə tanklardan, helikopterlərdən açılan intensiv atışmalar barədə xəbərlər gəlir.

Bundan əvvəl BMT müşahidəçiləri Houla qəsəbəsinə buraxılmamışdı. Bundan sonra burda 100-ə yaxın dinc sakin qətlə yetirilmişdi. Daha sonra isə Hama əyalətinin al-Kubeyr kəndində 78 dinc sakin öldürülmüşdü.

Dəməşq bütün bu qətllərə görə müxalifətin tərəfində olan «terrorçu qrupları» ittiham edir. Assad rejiminin əleyhdarları isə qətlləri hökumət qoşunlarının törətdiyini bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG