Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:20

Suriyalılar qadağalara baxmayaq yaralılara kömək edir


Suriya.Houla şəhəri. 7 iyun 2012
Suriya.Houla şəhəri. 7 iyun 2012
-

İki Dəməşq sakini iki gündən sonra güllə altındakı Homsa çatıb yaralılara lazım olan qan torbalarını həkimlərə çatdırdı. Atışmaya görə, gizli yollarla gəlmişdilər. Onlara buraları yaxşı tanıyan çoban bələdçilik eləmişdi. Keçilməz yollarla 100 kilometr yol gəlmişdilər.
Suriyada güllənin haradan gələcəyi bəlli deyil. Yaralıların sayı isə günü-gündən artır. Ancaq yaralılara kömək edənlərin də sayı artıb. Kömək edənlər təxminən bir şəbəkəyə çevrilib.
KÖNÜLLÜLƏRİN YARDIMI HÖKUMƏTƏ PROBLEM YARADIR
Könüllülər yaralılara, evindən didərgin düşənlərə yardım aparmaq üçün yaralanmaqdan və həbs edilməkdən çəkinmirlər. Hökumət yardım, xüsusilə dava-dərman paylayarkən ələ keçirdiyi bütün adamları həbs edir. Fəallar bildirirlər ki, hökumət yardım göstərənləri düşmənə kömək edən adam kimi ittiham edir.
Bir müddət əvvəl Qırmızı Xaç Komitəsi Suriyada 1,5 milyon insanın ərzaq, su və yatağa ehtiyacı olduğunu bildirmişdi. Universitet tələbəsi olan könüllülərdən biri deyir ki, «bütün həyatımız boyu qorxu içində böyümüşük. Ancaq elə bir yerə çatırsan ki, «güclüyəm» deyirsən. Çünki danışa bilir və inandığını edə bilirsən».
Könüllü şəbəkələrində olanlar deyir ki, bizim elədiklərimiz hökumətin «parçala, hökm sür» siyasətinə zərbə vurur. Dəməşq sakinləri fəal olmaqla paytaxtın normal həyat görüntüsünü də pozurlar. Fəallar deyir ki, dərman toplayıb paylamağa kömək etdiyi üçün aprel ayında bir kafedə iki qadın, may ayında isə bir həkimin oğlu həbs olunub. Pasxa yumurtası toplayıb Homsdakı uşaqlara göndərdiyi üçün başqa bir şəxs də həftələrlə həbsdə qalıb.
«HÖKUMƏT İSTƏMİR Kİ, SURİYA XALQI HƏMRƏY OLSUN»
Bir ildən artıqdır davam edən münaqişə nəticəsində psixoloji travma keçirmiş uşaqlara kömək üçün könüllülərə təlim keçən bir psixiatr da həbs edilib. Sosial şəbəkə üzvü olan könüllülərdən biri deyir ki, hökumət insanların bir-birinə kömək edə biləcəyi fikrinin qarşısını almaq istəyir: «Hökumət istəmir ki, Suriya xalqı həmrəy olsun».
Prezident Bashar Assad və həyat yoldaşı Asma Homs sakinlərinə yardım edərkən
Prezident Bashar Assad və həyat yoldaşı Asma Homs sakinlərinə yardım edərkən
Fəallardan biri deyir ki, qanunda yardım paylanması qadağan olunmur. Ancaq təhlükəsizlik qüvvələri yardım paylayan adamla üsyançı kimi rəftar edir. Hökumət üçün ən təhlükəlisi isə dava-dərman yardımıdır: «Dostlarımızın həyatı üçün qorxduğumuzdan indilik dava-dərman paylamağı dayandırmışıq. Təkcə ərzaq göndərə bilirik».
Yeraltı qatar xətti kimi işləyən yardım şəbəkəsinin əsasını isə məxfilik təşkil edir. Yığılan malları çatdırma, pul yığma yerlərini ayrı-ayrı «şöbələr» həyata keçirir. Şəbəkənin təhlükəsizliyi baxımından yardımda iştirak edən hər bir şəxs ancaq onunla əlaqə saxlayan adamları tanıyır. Dəməşqdə yüzlərlə, bütün Suriya daxilində isə minlərlə adamın yardım şəbəkəsində iştirak edərək pul və ehtiyac olan ləvazimat göndərdiyi bildirilir.
Suriya hakimiyyəti də humanitar yardım göstərən imicində nümayiş olunur. Aprel ayında dövlət televiziyası Bashar Assadla həyat yoldaşı Esmanı stadionda yığışmış könüllülərlə birlikdə ehtiyacı olanlar üçün kisələrə düyü və qənd doldurarkən göstərmişdi. Bu aksiyanı qeyri-hökumət təşkilatı olan, rəhbərinin Esma Assadın olduğu deyilən Suriya Yardım Mərkəzi həyata keçirmişdi. Fəallar onu da deyir ki, Homsda camaatın çoxu bu yardımı qəbul etməyib. Adının çəkilməsini istəməyən homslu qadın deyib ki, «bu fəlakəti bizim başımıza onlar açıb. Sonradan bizə yardım göstərmək üçün başımıza bomba tökürlər? Üstümüzə hücum çəkməsinlər, bəsimizdir. Başqa bir şey istəmirik».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG