Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:38

«Dedik yəqin «uçan boşqab»dır» [Video]


«Topol» qitələrarası ballistik raketi
«Topol» qitələrarası ballistik raketi
İyunun 7-də axşam saat 10-11 arasında Azərbaycan səmasında görünənlər bəzilərini həyəcanlandırıb, bəzilərini təlaşa salıb, bəzilərinisə fantaziyalarını işə salmağa vadar edib. Məsələ bundadır ki, səmada ağ rəngdə dövrə vuran bir naməlum obyekt görünüb. Az sonra isə sosial şəbəkələrdə həmin obyektlə bağlı görüntülər yerləşdirilib, şərhlər verilib. Bəziləri hətta həyəcanla müharibənin başladığını güman edib.

Şahidlərdən biri «Bakı xəbər» qəzetinin redaktoru Aydın Quliyevdir. O, hadisəni Kürdəmirdə yol qırağındakı çayxanalardan birində müşahidə edib:

«YANAR ƏŞYA SPİRALVARI HƏRƏKƏT ETDİ»

«Kürdəmirdə yol kənarında dayanmışdıq. Təxminən saat 11-ə 15 dəqiqə qalırdı. Birdən göydə dönən formada yanar əşya göründü. O, öz arxasınca getdikcə böyüyən şüa buraxırdı. Biz elə bildik ki, tüstüdür, proses təxminən 25-30 saniyə davam etdi. Birdən-birə həmin əşya öz yerində çox böyük sürətlə spiralvarı hərəkət etdi. 2 dəfə dövr edəndən sonrasa yoxa çıxdı».



«UÇAN BOŞQAB» YA KƏŞFİYYAT APARATI?

Aydın Quliyev deyir ki, hadisə elə qəfil və sürətlə baş verib ki, çəkiliş aparmağı belə unudub:

«Hamı şoka düşdü. Gənc uşaqlardan bir-ikisi çəkməyə cəhd etdi. Amma təəssüf ki, hadisə tez bitdi. Və həmin yanar əşya birdən-birə yoxa çıxdı. Amma təxminən 5 dəqiqə şüa və bir dairə əmələ gəldi. 5 dəqiqəyə yaxın dayandı. Vallah ilk olaraq 2 şey fikirləşdim. Dedim ki, bu, yəqin mənim də inanmadığım «uçan tarelka»dır. İkinci versiya bu idi ki, bu, uçan kəşfiyyat aparatıdır».

«O ANDA FİKİRLƏŞDİM Kİ, UŞAQLARI HARA APARIM»

Bakıda yaşayan Qafur Bəkirov isə hadisəni ailəsiylə həyətdə izləyib. Deyir ki, gördüyünü əvvəlcə böyük ulduza bənzədib:

«Bir də gördük ki, ulduzun böyük formasıdır, ancaq hərəkətdədir. Suya daş atırsan, başlayır dalğalanmağa, bax bu da o cür yerində dövrə elədi. Dövrə etdikcə tüstü çıxdı. Sonra başladı yavaş-yavaş sönməyə. 1 dəqiqə çəkdi təxminən. Sonra həmin izlər də itdi. Başa düşdük ki, nəsə qeyr-adi şeydir. Dedik yəqin «uçan boşqab»dır».

«Topol M» qitələrarası ballistik raketi
«Topol M» qitələrarası ballistik raketi
Qafur danışır ki, bu mənzərəni görəndə böyüklər necə təlaşa düşüblərsə, uşaqlar da qorxmağa, ağlamağa başlayıblar:

«Gərək bunu gözünlə görəsən, təhlükəni görürsən və düşünürsən necə yayına bilərsən. O anda fikirləşirdim ki, uşaqları hara aparım?».

AZƏRBAYCAN MÜDAFİƏ NAZİRLİYİ SUSUR

Bəs Azərbaycan səmasında görünən və Azərbaycan vətəndaşlarını həyəcanlandıran nə idi? Hələlik Azərbaycanım Müdafiə Nazirliyi bu haqda açıqlama verməyib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev AzadlıqRadiosuna bildirdi ki, bu haqda məlumatsızdır, dəqiqləşdirib xəbər verəcək. Amma saatlar keçsə də, Teymur Abdullayev dəstəyi qaldırmadı.

Rusiya Müdafiə Nazirliyi isə bildirir ki, iyunun 7-də Moskva vaxtilə saat 21:39-da «Topol» adlı qitələrarası ballistik raketi sınaqdan çıxarıblar. Sınaq Həştərxan vilayətindəki «Kapustin Yar» poliqonunda keçirilib. Nazirlik sınağın uğurla başa çatdığını bildirir. Qurumun rəsmisi Vadim Koval'ın dediyinə görə, məqsəd bu tipli raketin uçuş-texniki xarakteristikasını təsdiqləmək olub. Mütəxəssislər deyirlər ki, həmin raket davamlılığı, manevr imkanları, az zamanda buraxılışa hazır olması ilə seçilir.

«QABAQCADAN MƏLUMAT VERİLMƏLİYDİ»

Azərbaycanlı hərbi mütəxəssis Üzeyir Cəfərli də Bakı səmasında müşahidə edilən həmin görüntünü raket sınaqları ilə bağlayır:

«Bu, Rusiya raketidir, Həştərxandan buraxılıb və Qazaxıstan poliqonundakı hədəfə yönəldilib.
Üzeyir Cəfərli
Üzeyir Cəfərli
Sadəcə, qabaqcadan məlumat verilmədiyinə görə insanlarda narahatlıq yaranıb. Amma adətən belə sınaqlar okeanda keçirilir. Bu dəfə Rusiya raketi Qazaxıstana Azərbaycan ərazisindən keçməklə gedib. Raket Azərbaycanda 3 dəqiqə görünüb».

Üzeyir Cəfərli deyir ki, bu cür sınaqlar dövlətlər arasında razılaşdırılır. Bütün qurumlara xəbərdarlıq göndərilir. Əks halda, bunun mənfi fəsadları ola bilər. Ekspert yada salır ki, bir neçə il öncə Rusiyanın buraxdığı raket Qara dəniz üzərində Ukraynanın mülki təyyarəsi ilə toqquşmuşdu. Nəticədə onlarla insan ölmüşdü. Ukraynanın müdafiə naziri isə istefaya göndərilmişdi. Üzeyir Cəfərli Azərbaycan tərəfin də xəbərdar edilməsini istisna etmir:

«Raketin uçuşunu Azərbaycanda görüblər. Razılaşma olmasaydı, cavab tədbirləri görülərdi. Düzdür, şayiələr dolaşdı ki, Rusiya təzyiq göstərmək istəyir. Amma mən bu fikri bölüşmürəm».

Aydın Quliyev isə gördüklərinin ballistik raket sınaqları ilə bağlı olub-olmadığına əmin deyil. Amma o da düşünür ki, əhali xəbərdar edilməliydi. Çünki hadisənin şahidi olanlar ya şoka düşüblər, ya da qorxuya.

2009-cu ildə ABŞ prezidenti Barack Obama Nobel mükafatı alarkən də Norveç səmasında buna bənzər hadisə yaşanmışdı. Həmin çəkilişlər də Bakı səmasındakı görüntülərə bənzəyir. O zaman Rusiya bununla bağlı açıqlama verməsə də, Norveç hərbçiləri bunun da raket sınağı olduğunu ehtimal etmişdilər.
XS
SM
MD
LG